AZ EN RU

Heydər Əliyev dühasından yaranan birlik

    31 dekabr xalqımızın tarixində ən müqəddəs günlərdən biridir. Artıq 32 ildir ki, dünyada yaşayan, qəlbi Azərbaycanla döyünən dünya azərbaycanlıları 31 dekabr tarixini – Dünya Azərbaycanlılarının Birliyi və Həmrəyliyi Gününü çox böyük bir sevinc və iftixarla qarşılayır.
    Tarix dəfələrlə sübut edib ki, milli özünüdərk, milli birlik və həmrəylik kimi keyfiyyətlərdən məhrum olan xalqlar gec-tez daha güclü xalqların təsiri altına düşərək, assimilyasiya olunur və öz kökünü itirir. Ona görə də müasir dünyanın qabaqcıl xalqlarından, millətlərindən biri olmaq üçün əzm, siyasi iradə nümayiş etdirmək, bir millət kimi beynəlxalq nüfuz qazanmaq lazımdır. Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir.
    Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların mədəni-siyasi birliyi, həmrəyliyi müstəqil Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının mənafeyinə uyğundur, onun əsas strateji məqsədlərindən biridir. 

    Bu gün dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya – Azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi hər birimizi sevindirir. 
    XX əsrin 80-ci illərinin axırında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, Sərhəd hərəkatı adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabr ayının 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
    Bu gün Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Məhz buna görə də Ulu Öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə digər sahələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunması məsələsinə də diqqət yetirmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 
    1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Ümummilli Liderimizin səyi nəticəsində istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşdirilməsinə nail olunmuş, dünya azərbaycanlılarının malik olduqları potensialın ümummilli problemlərin həllinə yönəldilməsi təmin edilmişdir. 
    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini Ulu Öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən diqqət mərkəzində saxlamış, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur. Bayramın bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edildiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir”.
    Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirmişdir: onlar, ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalıdırlar. 
    Bu vəzifələrin icrasını təmin etmək məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı – Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultaydakı nitqində dahi rəhbərimizin söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri 50 milyon dünya azərbaycanlısı üçün milli qürur simvoluna çevrilmişdir. Qurultayda Ulu Öndər demişdir: “Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Xaricdə yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtdir”.
    Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl və qətiyyətli addımlar atılır. Dövlət başçısının 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. 
    III və IV qurultaylar bu istiqamətlərdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər və təşkilatlanma proseslərinin geniş müzakirəsi ilə yadda qalmışdır.
    2022-ci il aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayı keçirilmiş, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev qurultayda geniş nitq söyləyərək demişdir: “Biz bu gün Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz 30 il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayanlar üçün”.
    Xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi proseslərində fəallıq göstərmələri, respublikamız üçün böyük önəm kəsb edir. Çünki bununla onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini möhkəmləndirmiş olurlar. Diasporumuzun ictimai-siyasi proseslərə təsir etmək imkanına malik amilə çevrilməsi üçün görüləcək işlər hələ çoxdur. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə etdiyi kimi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır”.
    Odlar yurdu Azərbaycanın başqa şəhər və bölgələrində olduğu kimi, muxtar respublikamızda da Dünya Azərbaycanlılarının Həmrəylik Günü yüksək səviyyədə qeyd olunur. Tariximizin heç zaman silinməyən səhifəsində unudulmaz bir gün kimi yaddaşlara həkk olunan bu əziz gün hamımızın Vətəni olan Azərbaycan Respublikasında birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. Bu birlik, bu həmrəylik sərhədləri bütünlüklə bərpa olunan, suverenliyi tam təmin edilən, Zəfər sevinci ilə yaşayan, çiçəklənən Azərbaycanımızın qüdrətini daha da artırır, onun Cənubi Qafqazda qüdrətli dövlətə çevrilməsinə təminat yaradır.

Qadir İBRAHİMOV 
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 29.12.2023 17:02