AZ EN RU

Heydər Əliyev adına tam orta məktəbin I sinfinə müsahibə yolu ilə şagird qəbuluna başlanılıb

    Muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən-ilə möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir. Naxçıvan şəhərində ümummilli liderin adını daşıyan Heydər Əliyev adına tam orta məktəb üçün də 2004-cü ildə müasir üslubda bina inşa olunub, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təhciz edilib. Məktəbdə 60 sinif otağı,  5 elektron lövhəli sinif, kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və idman zalı vardır. Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılıb.   
    Heydər Əliyev adına tam orta məktəbdə tədrisin səviyyəsini daha da yüksəltmək məqsədilə yeni tədris ili üçün məktəbin Nizamnaməsi də təsdiq edilib. Nizamnamədə bir sıra yeniliklər nəzərdə tutulub. Bu yeniliklərdən biri yeni tədris ilindən məktəbin I sinfinə müsahibə yolu ilə şagird qəbuludur. Belə ki, yeni Nizamnaməyə əsasən 2022-2023-cü tədris ilindən məktəbin I sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsahibə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunur. 15 iyul 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək Heydər Əliyev adına tam orta məktəbdə sənəd qəbulu həyata keçirilib. 2022-ci il 15 avqust tarixindən isə müsahibəyə start verilib. Bunun üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən komissiya yaradılıb. Müsahibədə uşaqlara komissiya üzvləri tərəfindən məktəbəhazırlıq qrupu üzrə məzmun standartları əsasında hazırlanmış, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq, nitqin, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət üzrə suallar verilir. Qiymətləndirmə üçün namizədlərə 30 dəqiqə vaxt ayrılır. Maksimum nəticə 100 baldır. Müsahibədən sonra namizədə yekun bal haqqında məlumat verilir. Ümumi reytinq cədvəli isə müsahibə bitdikdən sonra elan olunacaq. Müsahibə eyni anda iki komissiya tərəfindən həyata keçirilir və məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük verilir.
     Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçirilən müsahibə avqustun 20-nə kimi davam edəcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.
    Qeyd edək ki, qəbul prosesində valideynlərin iştirakilə yanaşı, şəffaflığı təmin etmək üçün müşahidə kameraları vasitəsilə çəkiliş də aparılır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.08.2022 18:21