AZ EN RU

Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə şəhidlərimizə həsr olunmuş “Vətəndən pay olmaz” adlı tədbir keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.    
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov, şəhid valideynləri və Vətən Müharibəsi iştirakçıları çıxış edərək  Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. 
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərində Ordumuz düşmən üzərində parlaq qələbə qazandı və torpaqlarımız işğaldan tam azad olundu. Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına bu gün digər bölgələrimiz kimi, Qarabağda da şanlı Azərbaycan bayrağı dalğalanır. 
Qeyd olunub ki, ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında şücaət göstərmiş, igidliklə vuruşub şanlı qələbələrimizə öz töhfələrini vermiş, həmçinin işğal altindakı torpaqlarımızın azad edilməsi uğrunda  canlarını fəda edərək qəhrəmancasına şəhid olan zabitlərimizin arasında Heydər Əliyev adına Hərbi Liseyin onlarla məzunu var. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olan hərbi liseyin məzunlarının Vətən naminə göstərdikləri qəhrəmanlıqların bugünkü kursantlar üçün bir igidlik, əsl vətənpərvərlik nümunəsi olduğu diqqətə çatdırılıb. 
Şəhid valideynləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsini daim uca tutduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ordumuzun qüdrətindən bəhs edən və şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş olunub, kursantlar və şəhid övladları vətənpərvər mövzuda şeirlər bədii qiraət ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.10.2023 14:14