AZ EN RU

Heydər Əliyev adına Hərbi Lisey müəllimlərinin sertifikatlaşdırılmasının müsahibə mərhələsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması 2 mərhələdə – test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.
    Avqustun 23-də Heydər Əliyev adına Hərbi Liseyin müəllimlərinin sertifikatlaşdırılmasının I mərhələsi – test mərhələsi keçirilib. Test mərhələsində liseyin müəllimlərindən 34-ü tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplayaraq təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb.
    Avqustun 30-da isə həmin müəllimlərin Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin İmtahan Mərkəzində müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsini Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası aparıb. Bu mərhələdə iştirak edən hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır.
    Qeyd edək ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edir və sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. 
    Sertifikatlaşdırmanın nəticələri yeni tədris ilindən təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Belə ki, ölkə başçısı avqustun 18-də dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana uyğun olaraq sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış müəllimlərin ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35, keçid balını toplamış digər təhsilverənlərə isə 10 faiz əlavələr nəzərdə tutulub. Yeni tədris ilindən ödənilməsi nəzərdə tutulan əlavələr müəllimlərin maddi rifahının daha da yaxşılaşdırılmasına, bu isə, öz növbəsində, tədrisin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2022 18:48