AZ EN RU

“Heydər Əliyev – 100” Diaspor Gənclərinin Yay Düşərgəsində gənclərin inkişafı və Naxçıvanın tanıdılması istiqamətində işlər davam edir

    Düşərgənin yeddinci günündə gənclər Naxçıvanın ən qədim və görkəmli tarixi abidələrindən olan Əlincə qalasını ziyarət ediblər. Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin tarixi irsinin daşıyıcısı olan, yüzillər keçsə də, məğrurluğunu qoruyub saxlayan bu tarixi qala onların böyük marağına səbəb olub. 
    Günün ikinci yarısında gənclər “Diaspor üçün bir ideyam var” adlı paneldə iştirak ediblər. Paneli giriş sözü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Cahid  Kazımov açıb. Qeyd olunub ki, diasporla işin inkişafının təmin olunması üçün ilkin şərtlərdən biri də gənclərin informasiya texnologiyaları haqqında geniş təsəvvür və biliyə malik olması və bu sahə üzrə ciddi addımların atılmasıdır. Bu mənada, hər bir gənc informasiya vasitələrini, süni intellektin fəaliyyətini düzgün anlamalı və ondan  səmərəli istifadə etməyi bacarmalıdır. 
    Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov informasiya texnologiyalarının bütün sahələrə inteqrasiyasının əhəmiyyətindən bəhs edib. O, tələbələrə uğur qazanmağın əsas şərtlərindən – innovativ və yaradıcı olmağın üstün cəhətlərindən söhbət açıb. Eyni zamanda gənclərə startap layihələrinin reallaşdırılması istiqamətində tövsiyələr verib, Azərbaycanda startap layihələri hazırlamağın müsbət və mənfi tərəflərindən danışıb. Qeyd olunub ki, süni intellekt vasitəsilə biz İT-ni fərqli rakurslardan öyrənib, tətbiq etməliyik.
    Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü, ekspert Rəşad Əliyev startap layihələrinin reallaşdırılması, innovativ ideyaların startapa çevrilməsi və onun metodları haqqında gənclərə geniş məlumat verib. Qeyd olunub ki, beynəlxalq və yerli təcrübələrdən, müxtəlif vəsaitlər və resurslardan istifadə etməklə startap layihələri uğurlu şəkildə həyata keçiriləcək. Startap layihələri diaspor gənclərinin beynəlxalq mühitə çıxışını asanlaşdıracaq ünsürlərdəndir. 
    Daha sonra startap mentor, müstəqil ekspert Vüsal Yusifov  startap layihələrinin reallaşması istiqamətində necə fəaliyyət göstərmək və haradan başlamaq lazım olduğundan danışıb. O qeyd edib ki, bu istiqamətdə uğur qazanmaq üçün gənclər  hər zaman axtarışda olmalı, uğur qazanana qədər qətiyyətlə cəhd etməlidirlər. Bunun üçün, ilk növbədə, görüləcək işlə bağlı ideyanı düzgün formalaşdırmaq, ölkədəki bazar şəraitini araşdırıb təsdiqləmək, auditoriyanı düzgün müəyyənləşdirmək, MVP (məhsulun hazırlanması vaxt və pulun ən az xərcləndiyi, ideya və ideyaların həyata keçirilməsi prosesinin sınaqdan keçirildiyi proses) yaratmaq və sonda satış etmək lazım gəlir. 
    Daha sonra düşərgə iştirakçıları onları maraqlandıran sualları səsləndirib, müzakirələrdə yaxından iştirak ediblər. Onların bir neçəsindən aldığımız müsahibəni oxucularımıza təqdim edirik:

    Vüsalə Qubatova Böyük Britaniyada yaşayır və İngiltərənin Reading Universitetində təhsil alıb. Azərbaycan Respublikasının 2019-2023-cü illər üçün xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Leeds Universitetində doktorantura təhsili almaq hüququ qazanıb. Bundan başqa, o,  Slovakiya, Rumıniya və Türkiyədə təhsil alıb və tədqiqatçı kimi fəaliyyət göstərib. Vüsalə xanım düşərgə haqqında təəssüratlarını bizimlə bölüşdü: “Çox şadam ki, 60-a yaxın ölkədən 500-dən çox namizədin müraciət etdiyi düşərgəyə mən də seçilmişəm. Burada hər şey çox yüksək səviyyədə təşkil olunub. Düşərgənin proqramı ilə tanış olanda gördüm ki, gənclər üçün həm informativ, faydalı, həm də əyləncəli proqram hazırlanıb. Biz fərqli qurumlarda rəhbər vəzifələrdə çalışan şəxslərlə görüşür,  onların təcrübələrini dinləyərək faydalanmağa çalışırıq. Düşərgə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunduğuna görə biz onun həyat yolu haqqında geniş məlumatlar əldə edirik.  Naxçıvanın gəzməli-görməli yerlərinə səfərlər etməklə qədim şəhər Naxçıvan haqqında daha çox məlumat qazanırıq. Düşərgənin digər bir üstün cəhəti isə odur ki, biz müxtəlif ölkələrdən gələn həmyerlilərimizlə şəbəkələşir, inteqrasiya edir və yaşadığımız ölkələrdə Azərbaycan üçün daha hansı işlər görə biləcəyimiz haqqında müzakirələr aparırıq. İlk dəfədir, Naxçıvana səfər edirəm və bura mənim Azərbaycanda ən sevdiyim şəhərlərdən biri kimi yaddaşımda qaldı. Çünki tarixi şəhərdir və unikal yerləri var. Ən çox sevdiyim yerlər isə Əlincə qalası, Möminə xatın türbəsi, Əshabi-kəhf və Xan sarayı oldu.  

    Kənan Məmmədov: – Mən düşərgəyə Amerika Birləşmiş Ştatlarından qatılıram. Bu gün Azərbaycan Diaspor Komitəsinin təşkil etdiyi Diaspor Gənclərinin Dördüncü Yay Düşərgəsində iştirak etdiyim üçün çox xoşbəxtəm. ABŞ-ın görkəmli Corc Vaşinqton Universitetində Maliyyə və iqtisadiyyat üzrə təhsil almış biri kimi bu düşərgədə iştirak etmək imkanı həm şərəf, həm də imtiyaz idi. Düşərgənin diqqətlə planlaşdırılmış marşrutu intellektual əlaqə, mədəni yaxınlıq və yoldaşlığın mükəmməl qarışığını təmin etdi. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə ünsiyyət, şübhəsiz ki, düşərgənin ən maraqlı məqamlarından biri idi. Müzakirələrimiz zamanı paylaşılan fikirlər və ortaya çıxan perspektivlər əvəzsiz idi, mənim dünyagörüşümü genişləndirdi və mədəni mübadilənin gücünə daha dərindən qiymət verməyə təşviq etdi. Müxtəlif sahələr üzrə ekspertlərlə işləmək mənə Azərbaycanın və onun diasporunun qarşısında duran çağırışlar və imkanlar haqqında daha geniş anlayış əldə etməyə imkan verdi. Naxçıvanın tarixi və mədəni abidələrini tanımaq çox böyük təcrübə idi. Tarixin izi ilə yeriyə bilmək, rayonun zəngin irsi məndə silinməz iz buraxdı. Vətən müharibəsi iştirakçıları ilə tanış olmaq və onların hekayələrini eşitmək maraqlı idi və onların dözümlülüyü milli həmrəyliyimizi, tariximizi qoruyub saxlamağın vacibliyini dərindən xatırladır. İstirahət və əyləncə anları, o cümlədən intellektual oyunlar iştirakçılar arasında möhkəm bağ yaratdı. Əminəm ki, bu dostluq düşərgənin hüdudlarından kənarda da davam edəcək. Heydər Əliyev Fonduna, eləcə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə göstərdiyi dəstəyə görə səmimi qəlbdən minnətdaram. Onun əlaqələrini gücləndirmək, mədəni irsi təbliğ etmək və təşviqçilik öhdəliyi, həqiqətən, təqdirəlayiqdir. Bu düşərgə Azərbaycan və onun diasporu haqqında anlayışımı zənginləşdirməklə yanaşı, həm də məndə təmsil etmək və təcrübələrimi bölüşmək bacarığını artırdı. Təhsilimi və səyahətimi davam etdirdikcə yeni məqsədlər və bu düşərgənin mərkəzində beynəlxalq əməkdaşlıq, dostluq ideallarını davam etdirmək öhdəliyi qazanıram.

    Nigar İbrahimova: – 2017-2021 illər arasında Almaniyanın 3 müxtəlif şəhərində yaşamışam. Bavariya, Bundesland, Qaçqınlıq və Miqrantlarla Beynəlxalq Sosial İş, Ardınca Brandenburqda Beynəlxalq insan haqları və humanitar hüquq üzrə təhsil almışam. Təhsilimi bitirdikdən sonra Almaniyanın ən böyük sosial müdafiə təşkilatında miqrasiya mütəxəssisi kimi çalışmışam. Hazırda Amerika Birləşmiş Ştatlarının miqrasiya sahəsində önəmli proqramlarından birinin ştat üzrə direktoruyam. Diaspor fəaliyyəti ilə uşaqlıqdan məşğul olsam da, komitə ilə 2019-cu ildə Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməklə yaxından tanış oldum. Xaricdə yaşadığım müddətdə çoxsaylı təmsil tədbirləri təşkil etmiş, Qarabağda erməni zorakılığına qarşı mitinqlərdə çıxışlarımla fəallıq göstərmişəm. Bu, böyük qürur hissidir. Düşərgənin bu il Ulu Öndər Heydər Əliyevin doğma yurdu Naxçıvanda keçirilməsi mənim iştirak motivasiyam idi. İlk dəfədir, burada oluram, çox xoş mənzərələr, tarixlə müasirliyin vəhdətini gördüm, zəngin xatirələrlə ayrılıram.
    Daha bir müsahibimiz, Tatarıstanın Kazan şəhərindən dəvət olunan Kamila Əsgərovadır. O, Kazan şəhərində teatrda truppa müdiri, gənc aktrisa kimi fəaliyyət göstərir, həmçinin aspirantura təhsili alır: – Bu tədbirə qatıldığım üçün çox xoşbəxtəm. Azərbaycanın fəal gənclərinin burada bir araya gəlməsi, birgə fikir mübadiləsinin yaranması imkanlarından istifadə etməyimiz çox əhəmiyyətli oldu. Bu səbəbdən də Naxçıvanın gəzməli-görməli yerlərində olub, çoxlu tanışlıqlar qazandıq. Dəvət üçün təşkilatçılara öz təşəkkürümüzü bildiririk. 

 Aysel YUSİFZADƏ
 Bülbül Quliyeva

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 17.08.2023 21:37