AZ EN RU

“Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi dünyanın ən müxtəlif ölkələrində yaşayan gənclərimizin Azərbaycanın müstəqillik və Şanlı Zəfər tarixi ilə bağlı daha zəngin bilik və məlumat alması üçün vəsilə oldu

    Qədim diyarımız Naxçıvan yenə bir möhtəşəm tədbirə ev sahibliyi edir. “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi artıq bir neçə gündür ki, işinə davam edir. 
    Düşərgənin altıncı günü  iştirakçılar Workshop: layihələrin hazırlanması və “Fundraising” prosesinin təşkil olunması ilə bağlı lazımi məlumatlar və bunun əsasında praktiki addımlar icra ediblər. “Azərbaycanın müstəqillik tarixi” mövzusunda IV panel müzakirələri keçirilib. Paneldə panelistlər AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Tohidinin, İrəvan xanının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvaninin, tanınmış alman alimi, nəsimişünas Michael Hessin məruzələri dinlənilib. 
    Günün ikinci yarısında Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları, şəhid ailələri ilə “Qarabağ fatehləri” mövzusunda görüş olub. Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları, şəhid anaları və qazilərimiz bu görüşdən  məmnun olduqlarını bildirdilər. Onlar belə tədbirlərin keçirilməsinin önəmindən bəhs edərək  təşkilatçılara təşəkkür etdilər. Sonra iştirakçılar “Model United Nations simulyasiyası” (Dünyada silahlı münaqişələrin ətraf mühitə təsirləri və onların aradan qaldırılması üçün birgə səylər) haqqında məlumat alıblar. Gənclər üçün ayrılan asudə vaxtda “Bəxt üzüyü”  filmi nümayiş edilib, iştirakçılar tərəfindən özfəaliyyət və komanda oyunları olub. Düşərgə panelistlərindən və iştirakçılarından aldığımız müsahibələri oxucularımıza təqdim edirik.

    Solmaz Tohidi – AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru: – Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi kimi, tarixçi-alim olaraq diasporun yay düşərgələrində gənclərimizə cümhuriyyət dövrü, Azərbaycan dövlətçiliyi tarixi, dövlət müstəqilliyimizin bizə qazandırdığı nailiyyətlər barədə mühazirələr oxumaqdan qürur duyur, bundan mənəvi zövq alıram. Çünki gənclərimiz bunu böyük maraqla qarşılayırlar. Müsahibimiz deyir ki, yay düşərgəsindəki mühazirələrimiz Azərbaycan ideologiyası, cümhuriyyət dövründən müasir müstəqil dövlətimizədək keçdiyi tarixi inkişaf yolunu əhatə edirdi. Həmçinin ideologiyamız, dövlətçiliyimiz və ayrı-ayrı tarixi dövrlərdə dövlətçiliyimizin yaradılması və qorunması üçün hansı proseslərdən keçdiyimizdən danışdıq. Tariximizi bilmək, dövlətçiliyimizə daha dərindən bələd olmaq  gənclərimizə həmvətənlərinin keçmişini sahiblənməyi öyrədir, həm də ölkəmizi xaricdə təmsil etmək haqqını qazandırır.
    “İnsan öz Vətəninin tarixini biləndə əsl vətəndaş olur”, –  deyən müsahibimiz Azərbaycan dövlətinin keşməkeşli dövründən, Azərbaycan adının qazanılmasından və bu adı qoruyub-saxlamaq üçün çəkilən əziyyətlərdən, tarixi mərhələlərdən danışdığını da dilə gətirdi. Solmaz xanım vurğuladı ki, panel müzakirələrdə gənclərimizin siyasi tariximiz haqqında məlumatlılığı, fəal vətəndaşlıq mövqeyi bildirməsi sevindiricidir. Arzu edirəm ki, gənclərimiz dünyanın harasında olsalar, Azərbaycanımızı layiqincə təmsil etsin, tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırsınlar.

    Almaniyada yaşayan İrəvan xanlığının varisi Əmir Əli Sərdari İrəvani ilə söhbətimizdə bildirdi ki, burada gənc iştirakçılarla vaxt keçirmək çox maraqlıdır,  bu təşəbbüsü yüksək qiymətləndirir və alqışlayır.
   Müsahibimiz dedi ki,  2003-cü ildən  Almaniyada yaşayır. İlk dəfə dədə-baba torpaqlarında ruhunun saflaşdığının, incələşdiyinin fərqinə varır. Sanki bir ulu qüvvə onu çəkib bu doğma torpaqlara gətirib. O,  Naxçıvan şəhərinin qədimliyinə, tarixi-memarlıq abidələrinin çoxluğuna, qədim inanc yerlərinə, Duzdağ mədəninə, məğrur dağlarına, saf havasına, içməli suyuna, təmiz küçələrinə və ən əsası səmimi, istiürəkli, ünsiyyətcil, qonaqpərvər insanlarına heyran olmamaq mümkünsüzdür. Naxçıvanda olduğu müddətdə dahi şəxsiyyətlər haqqında məlumat əldə etmək istəyən, tarixi abidələri, qədim yaşayış məskənləri ən əsası da Xan Sarayını ziyarət etməyi arzulayan həmsöhbətimiz deyir ki, yeni məlumatlar əldə etmək fəaliyyətinə də müsbət mənada yansıyacaqdır. Əmir Əli Sərdari İrəvani bu tədbirə qonaq qismində dəvət olunmağın onda xoş təəssüratlar yaratdığını bildirdi. 

    Cavid İsmayıl – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini: – Doğma yurdum Naxçıvanda olmaq, əziz Vətənimizin bir parçası olan qədim diyarı dünyanın müxtəlif yerlərindən gələn, əslən azərbaycanlı olan, vətənini sevən gənc­lərimizə tanıtmaq qürurvericidir. Yurdumuzu gəzdikcə, onlara bu cənnət diyarı tərənnüm etdikcə fəxarət hissi keçiririk. Naxçıvanın Azərbaycanın müstəqilliyinin təməl daşının atıldığı yer olması, tarixinin qədimliyi bizə əsas verir ki, bu diyar haqqında ürəkdən bəhs edək. Düşərgə iştirakçıları artıq bir neçə gündür ki, bir çox müzakirələrdə, görüşlərdə iştirak edib, fəallıq göstəriblər. Onlar həvəslə gəldikləri yurd haqqında məlumat toplayır və paylaşırlar. 
    “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təsisçisi və sədr müavini Muxtar Zamanov beş ildir ki, Polşada yaşayır. Culfa rayonunun Əbrəqunus kəndindəndir. O, Polşada Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq, azərbaycanlı gənclərin yüksək potensialını dəyərləndirərək onların inkişafına dəstək göstərmək məqsədilə bu assosiasiyanı yaradıb. Müsahibimiz deyir ki, Azərbaycanımızın tanıdılması ilə yanaşı, xaricdə Azərbaycan lobbisinin yaradılması, Qarabağda baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılması məsələsi də assosiasiyanın fəaliyyət dairəsinə daxildir. Polşadakı həmyerlilərimiz müxtəlif beynəlxalq əhəmiyyətli əməkdaşlıqlar və layihələrlə öz əlaqələrini daha da genişləndiriblər. Onlar Azərbaycanımıza da töhfə verməyi hədəfləyirlər. Müsahibimiz düşərgədə iştirak etməklə yenidən ata-baba ocağı Naxçıvanda olmaqdan məmnunluğunu da diqqətimizə çatdırdı.

    Ameena Batayneh: – İordaniyadanam. Bu gözəl diyara ilk dəfə 15 il əvvəl gəlmişdim. Lakin budəfəki gəlişim mənim üçün unudulmaz oldu. Azərbaycan dilini ailəmdən öyrənmişəm və daha səlis danışa bilmək üçün davam edəcəyəm. Hazırda orada oxusam da, universitet təhsilimi Azərbaycanda almaq və bu diyarın gözəlliklərini lap yaxından görüb tanımaq istəyirəm. 
   Həmsöhbətimiz bildirir ki, İordaniyadakı Azərbaycan diasporu ilə aktiv əlaqələri var. Azərbaycan haqqında, xüsusilə ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar ilə bağlı geniş məlumat toplayıb, Azərbaycana qarşı həyata keçirilən bu ədalətsiz təxribatları dərindən bilmək və İordaniyadakı dostlarıma tanıtmaq istəyir. Müsahibimizin dediklərindən: – Naxçıvan, həqiqətən də, cənnətə bənzəyir. Ailəm hər zaman Azərbaycanın çox gözəl təbiətinin olduğunu desə də, açığı, belə təsəvvür etmirdim. Naxçıvan çox gözəldir. Həm gəzdiyimiz yerlər, həm də burada aparılan müzakirələrdən sonra Azərbaycan tarixi haqqında çox şey öyrəndim. Bir sözlə, burada hər şey mükəmməldir.  Mən çox şadam ki, bu düşərgədə iştirak edirəm.

    Esraa Elnems: –  Misirliyəm, 27 yaşım var və ilk dəfədir ki, Azərbaycana qonaq oluram. Bura yenidən gəlmək, Naxçıvan ilə yanaşı, digər bölgələri də yaxından tanımaq istəyirəm. Misirin Qahirə Universitetində Azərbaycan dilini öyrənmişəm. Məhz buna görədir ki, sizin dilinizdə yaxşı danışa bilirəm. Orada müəllimim Seymur Nəsirov idi. Məlumat üçün bildirim ki, Seymur müəllim Misirdəki Azərbaycan diasporunun rəhbəridir. “Şərq qapısı” qəzetinin vasitəsilə ona minnətdarlığımı bildirirəm. Həmçinin layihənin təşkilatçılara da təşəkkür edirəm ki, bizim üçün bu qədər imkanlar yaradılır. Vurğulamaq istəyirəm ki, diaspor təşkilatının səyi nəticəsində artıq Misirdə Azərbaycan dilinə böyük maraq vardır. Azərbaycan dili ilə yanaşı, tarixi, təbiəti, şəhərləri də mənim üçün çox maraqlıdır. Gələcək zamanlarda da bu diyara yenidən qonaq olub digər bölgələrini görmək, yaxından tanımaq istəyirəm. 

   Digər həmsöhbətimiz Kanadada yaşayan Huseyn Al Bayati oldu. Huseyn Gəncə şəhərində anadan olub, beş il sonra ailəsi ilə birlikdə Kanadaya köçüb: – Əvvəllər Naxçıvanda olmamağıma baxmayaraq, bura haqqında geniş təsəvvürə malik idim. Londondakı azərbaycanlılarla sıx münasibət qurduğum üçün bu haqda məlumatlı idim.
    Huseyn deyir ki, Naxçıvan onun təsəvvür etdiyindən daha ecazkar gözəlliyə sahibdir. Yenidən Naxçıvana səfər etməyi arzulayan müsahibimiz şəhərimizin səliqə-sahmanından və təmizliyindən razılıqla danışdı. 
    Düşərgədə iştirak edən gənclər arasında azərbaycanlı olmasa da, Azərbaycana böyük sevgi ilə bağlı olan bir gənc diqqətimizi çəkdi. 

    Çin Xalq Respublikasının vətəndaşı olan Çenşu Kui  Pekin Xarici Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. Müsahibimizin sözlərinə görə təhsil aldığı ixtisasın müəllimləri ilə yanaşı, orada yaşayan gənclər də Azərbaycan və onun şəhərləri haqqında çox bəhs ediblər. Müsahibimiz deyir: – Universitetə daxil olduğum ildən Azərbaycan mənim maraq dairəmdə idi. Dilini öyrəndiyim bu ölkəyə daha yaxından bələd olmağı arzulayırdım. Artıq ənənə halını almış bu düşərgə mənə Azərbaycanın şəhərlərini gəzmək, öyrənmək imkanı verdi. Naxçıvanda olmaq isə mənim üçün həyəcanverici təcrübədir. Gəzdiyimiz tarixi məkanlar, xüsusən də Batabatın gözəlliyi mənə dərindən təsir etdi. İndi hədəfimdə növbəti düşərgələr vasitəsilə Azərbaycanın digər bölgələrini gəzmək, tarixini öyrənmək və tanımaq var. Burada bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. 

    Zülfüqar Rəhimli: – Ukrayna Respublikasının Odessa şəhərində ali təhsil almışam, neçə ildir ki, orada yaşayıram və bu gün orada Qətəri təmsil edirəm. Ölkəmizi layiqincə tanıtmaq ən böyük arzumdur. Düşünürəm ki, bu cənnətməkan ölkəni hər bir xarici vətəndaş tanımalıdır. Bu baxımdan bizim kimi xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə böyük öhdəlik düşür. Azərbaycanın Lənkəran şəhərində doğulub, boya-başa çatmışam. Fəxr edirəm ki, azərbaycanlıyam. Bura mənim üçün çox əzizdir. Naxçıvana isə ilk dəfədir, gəlirəm və vurğulamalıyam ki, valeh olmamaq mümkün deyil. Saf havası, Batabat gölü, dağları, yaylaqları, şəhər mərkəzi hər biri ayrı-ayrılıqda möhtəşəmdir. 

    Digər həmsöhbətimiz Xaçmaz rayonundan olan Bəhruz Bayramovdur. Bəhruz 23 yaşında Çinə təhsil almağa gedib. Təhsilini bitirərək işləməyə başlayıb. Qeyd edək ki, Bəhruz artıq bir ildir ki, Vyetnamda yaşayır. Xian Jiatong Universitetində PhD təhsili almaqla yanaşı, Vyetnamda ingilis dili müəllimi kimi də fəaliyyət göstərir. Deyir ki, Batabat, Əshafi-kəhf və Naxçıvanın digər tarixi məkanları onun marağına səbəb olub, gələcəkdə yenidən Naxçıvanda olmağı arzulayır.  

    22 yaşlı müsahibimiz Elman Poorali 2 yaşınadək Təbrizdə yaşayıb, sonra ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə və oradan da Kanadaya köçüblər. Toronto Universitetində təhsil alan Elman deyir: – Ailəmizlə birlikdə olan zaman Azərbaycan dilində danışırıq. Ailəm hər zaman bizə ölkəmizdən danışır. Təbiəti, tarixi, şəhərləri, milli mətbəxindən fəxrlə bəhs edirlər. Lakin təəssüf hissi ilə bildirirəm ki, yaşadığım ölkədə kitablardan Azərbaycan haqqında çox az məlumat əldə etmək olur. İlk dəfə bura gəlsəm də, özümü illərlə burada yaşayan biri kimi hiss edirəm. İnsanlar çox mehriban, səmimidirlər. Buranı çox sevirəm və özümü evimdə hiss edirəm.

    Digər həmsöhbətim Mariya İsmayılzadə Belarusdan gəlib. O, beş il Naxçıvan Muxtar Respublikasında yaşayıb. İslam dinini qəbul edib. Dedi ki, övladlarımın ata yurdunda olmaqdan məmnunam. Əvvəllər burada olduğum üçün qəribçilik də hiss etmədim. Naxçıvan öz gözəlliyini, sadəliyini qoruyub saxlayıb. Bir çox tarixi yerləri gəzib-dolaşdıq. Panel iclaslarında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri haqqında mövzuları dinlədik. Şəhid anaları və qazilərlə görüşdük. Onların Vətən müharibəsi haqqında danışdıqları xatirələrindən görünürdü ki, siz azərbaycanlılar necə vətənsevər bir xalqsınız.

 Ramiyyə ƏKBƏROVA 
Aidə İBRAHİMOVA
Aysel YUSİFZADƏ
Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 16.08.2023 21:54