AZ EN RU

“Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qədim Azərbaycan torpağı olan Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” təşkil edilib.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştirak edir.
Düşərgənin bugünkü proqramına əsasən  "Kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan ekspert  Tatiana Ravallinin təqdimatında Sosial Media marketinq mövzusunda təlim olub. 1-ci panel iclasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun, Azərbaycan Respublikasının sabiq Xarici işlər naziri,  diplomat, siyasi və dövlət xadimi Həsən Həsənovun, Azərbaycan Respublikasının sabiq Xarici işlər naziri, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin  “Ulu Öndər Heydər Əliyevin həyat yolu”  mövzusunda çıxışları olub. 
Günün ikinci yarısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub. 
2-ci panel iclasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə mətbuat şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Qafqazinfo saytının rəhbəri Elbrus Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehraliyeva, Modern.az saytının rəhbəri Elşad Eyvazlı və "Qlobal Media Group"un media direktoru Həmid Həmidovun çıxışları olub. Qeyd edək ki, "Vətən uzaqda deyil" mövzusunda aparılan 2-ci panel Tok-şou formatında çəkilərək İctimai TV-də yayımlanacaq.

 
Gülcamal TAHİROVA

 

Nəşr edilib : 13.08.2023 10:46