AZ EN RU

Həyatın ən uca sözüdür müəllim

                                                        Körpə ürəklərdə günəş tək yanan,

                                                       Çətin sınaqlarda məğrur dayanan,

                                                       İstəyi, arzusu çağlayan ümman,

                                                      Həyatın ən uca sözüdür müəllim!

Nüsrət Kəsəmənli

Müəllim! Bu adı mənə görə dünyanın ən şərəfli varlıqları daşıyır. Milyonlarla insan bu adın ziyasından  işıq alır. Bu ad bizə əlimizdən qələm tutaraq ilk dəfə ana, vətən kəlmələrini yazdıran varlıq, ilk dəfə bizə həyatı bütün boyaları ilə dərk etdirən məxluqdur. Vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu adın qarşısında baş əyir. Ümumilli liderimiz, ulu öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyev müəllim adının müqəddəsliyini daim vurğulamışdır. O demişdir: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.... Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.

Bəli, müəllim sözün əsl mənasında müqəddəs varlıqdır. İnsanlara elm öyrətməklə öz həyatını şam kimi əridən, qəlblərdə əbədi taxt quran bir şəxsiyyətdir. Bu şərəfli peşə sahibləri hər birimizin həyatında ikinci valideyn rolunu oynayır. Müəllim yeni təfəkkürlə böyüyən gənc nəslin mənəvi aləminin əsl memarıdır.

Dahi Mustafa Kamal Atatürkün dediyi kimi, “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir”. Şair demişkən “hər könüldə yeri olan” müəllimlərimiz qəlbimizdə əzəmətli taxt qurublar. Müəllim uşaqlığımızdan ta qocalanadək hər birimizin təfəkküründə saf, təmiz duyğulara malik bir şəxsiyyət kimi qalmaqdadır.

Bu gün müstəqil Azərbaycanımız əzəmətlə işıqlı sabahlara doğru irəliləyir. Müzəffər ali baş komandanımız, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin  rəhbərliyi ilə atdığımız hər addımda isə həm milli, həm də bəşəri dəyərləri özündə əks etdirən, qəlbi vətənpərvərlik hisi ilə döyünən, torpağımızın hər qarışı uğrunda canlarını fəda edən dəyərli, elmli gənclərimizi görməkdəyik. 44 günlük vətən müharibəsi bu güc və sevginin bariz nümunəsi oldu. Məhz çağdaş gəncliyimizin yüksək mənəvi keyfiyyətlərini formalaşdıran isə ölkəmizdə milli təhsil siyasətimizi uğurla həyata keçirən, elm və bilik  yollarında yorulmadan fəaliyyət göstərən müəllim ordusudur. Məhz Azərbaycan müəllimi sabahın hərtərəfli zəkaya malik olan vətəndaşını yetişdirir. Hazırda onlarla gəncimiz dünyanın müxtəlif ölkələrində tanınmış universitetlərdə öz təhsillərini davam etdirməkdədirlər. Bütün bunlar bir daha sübut edir ki, bu gün ölkəmizdə müasir standartlara cavab verən savadlı gənclik formalaşmaqdadır. Bunun üçün isə hər birimizin taleyində əhəmiyyətli yeri olan, bilik xəzinəsini daim insanların üzünə açan müəllimlərimizə borcluyuq. Bu məqamda islam dünyasının dahi şəxsiyyəti Həzrəti Əlinin bir kəlamı yadıma düşür: “Mənə bir hərf öyrədənin köləsi olaram”. Doğurdan da, müəllim öz biliyi, yüksək mənəvi keyfiyyətləri və əməlləri ilə cəmiyyəə layiqli töhfələr verir. Insan oğlu bu dəyərli varlığın qarşısında baş əyməlidir.

Ümumiyyətlə, müəllim haqqında, onun keyfiyyətləri barədə günlərlə, saatlarla danışsaq da bitirə bilmərik. Azərbaycanda görkəmli ziyalılarımız, elm və sənət adamlarımız, ədiblərimiz hər zaman müqəddəs varlıq olan müəllim haqqında dəyərli fikirlər söyləmişlər. Bu baxımdan şair Musa Yaqubun şeirindən aşağıdakı misraları  xatırlatmaq yerinə düşər:

 

 İnsanla həmyaşdır,

Ölməz, yorulmaz,

Bizimlə yol gedir müəllim ömrü.

Hamıya pay verib ömründən bir az,

Məndədir, Səndədir

Müəllim ömrü.

 

       Xumar MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutu, “Azərbaycan dili və ədəbiyyatı”

kafedrasının dosenti

Nəşr edilib : 21.02.2023 11:17