AZ EN RU

Həyatın ən gözəl çağlarını qurban verməyək – erkən nikaha yox deyək!

Nikah – qanunla müəyyən edilmiş qayda və şərtlərə riayət etməklə bağlanılan, ər-arvad arasında şəxsi əmlak hüququ və vəzifələrini doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah yaşı 18 yaş müəyyən olunsa da, bəzən gənclərimiz ailə anlayışını kifayət qədər dərk etmədən, erkən yaşda ailə qurmağa meyil göstərirlər. Belə erkən nikahlar çox vaxt valideyn məsuliyyətsizliyi ilə gerçəkləşir. Övladının hələ uşaq, yeniyetmə olduğunu tam dərk etməyən valideyn onu göz görə-görə təhlükəyə atır və beləliklə, gələcəkdə təməli möhkəm olmayan ailə formalaşır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli mövzu ilə bağlı qeyd etdi ki,  sonu uçurum olan erkən nikaha gedən yolun iki başlanğıcı var. Biri nikah yaşına çatmamış oğlan və ya qızın öz istəyi, digəri valideynlərin arzusu və məcburiyyəti ilə reallaşır. Valideyn övladının erkən ailə qurmasına şərait yaratmaqla özünün də xəbəri olmadan onların üzünə açılan bədbəxtliyə sevinir və alqışlayır. Belə halların baş verməməsi üçün gərək valideynlər erkən nikahın zərərlərinə və törətdiyi fəsadlara ciddi yanaşsınlar.

Elsun Cahangirlinin sözlərinə görə, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır. Erkən yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına şərait yaranır. Əksər hallarda isə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların doğulmasına, ana və körpə  ölümünə gətirib çıxarır. Erkən nikah hallarının yaratdığı fəsadlardan biri də həmin ailələrdə doğulan uşaqların qeydiyyata salınmasında, onların varlığını təsdiq edən sənədlərin verilməsində çətinliklərin yaranmasıdır. Bundan əlavə, erkən nikah qızların təhsil hüququna böyük zərbə vurur, onları təhsildən yayındırır. Çünki erkən nikaha daxil olan qızların əksəriyyəti, nəinki ali təhsil, tam orta təhsil belə almır. Bu da cəmiyyətin inkişafında qadınların rolunu məhdudlaşdırır.

“Erkən yaşda ailə quranlar özünü yetərincə dərk etmək qabiliyyətinə malik olmadığı üçün bir çox məsuliyyətin öhdəsindən gələ bilmirlər. Belə olan halda ailə münasibətlərinin tənzimlənməsində böyük problemlər yaranır, hətta boşanma kimi faktorlar reallığa çevrilmiş olur ki, bunun da nəticəsində cəmiyyətdə natamam ailələrin yaranması qaçılmaz olur. Yeniyetmələr onlara verilmiş ömrü öz əlləri ilə puç edirlər. Eyni zamanda nəinki ailədaxili münasibətlərdə, həmçinin ailədə doğulan uşaqların tərbiyəsində də valideynlər çətinliklərlə üzləşir” – deyir müsahibim.

Elsun Cahangirli onu da diqqətimizə çatdırır ki, ölkəmizdə qəbul olunmuş normativ hüquqi aktlar erkən nikah hallarının yaranmasına yol vermir. Ona görə də erkən nikah hallarına qarşı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları. Əgər bu normalar pozularsa, cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir ki, qadını nikaha daxil olmağa məcburetmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsində qeyd olunur ki, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Muxtar respublikada da erkən nikah hallarına az da olsa rast gəlinir. Bu istiqamətdə hansı tədbirlər görülür?” – sualıma müsahibim belə cavab verdi: – Bu istiqamətdə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir sıra işlər görülüb. Belə ki, ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə uşaqlara, eləcə də muxtar respublikanın rayon və kənd mərkəzlərində valideynlərə mütəmadi olaraq maarifləndirici seminarlar keçirilir. Həmçinin komitə tərəfindən müxtəlif mövzularda təlimlər keçilir, maarifləndirici broşürlər paylanılır. Belə hallara rast gəlinərsə aidiyyəti dövlət orqanları ilə birgə erkən nikahın qarşısı alınır.

Nəticə isə budur ki, cəmiyyətdə normal olmayan belə hallara qarşı mübarizəni təkcə dövlət orqanları deyil, valideynlər, yeniyetmə və gənclər də onlara məlum olan bu halların təhlükəli tərəfləri, qeyri-normal  nəticələri haqqında maarifləndirməni təşkil etməli və ictimai nəzarəti gücləndirməlidir.

Güntac  ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 12.04.2024 18:35