AZ EN RU

Həyata keçirilən tədbirlər muxtar respublikada vətəndaş cəmiyyətinin inkişafına xidmət edir

Sirr deyil ki, təbiətdən fərqli olaraq cəmiyyətdə baş verən dəyişikliklər, münaqişə, sülh və sair insan idrakının məhsuludur. Cəmiyyətin gələcəyi insan idrakının düzgün formalaşmasından, hər bir insanın gələcək üçün məsuliyyətini hərtərəfli dərk etməsindən çox asılıdır.

Hər bir yenilik isə ən optimal şəraitdə belə müəyyən dəyişiklik deməkdir və hamı istənilən dəyişikliyin çətin olduğunu bilir. Muxtar respublikada milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq şərti ilə bu yolda yeni çağırış və vədlərə söykənən işlər görülür. Yeni dünyəvi qaydalarla ayaqlaşa bilmək, yaşam tərzimizi, milli adət- ənənələri, dinə baxışımızı yenidən nəzərdən keçirmək və daha da təkmilləşdirmək üçün gündəlik həyatımızda davamlı dəyişikliklərə nail olmalıyıq. Buna bir misal göstərək. Hər il məhərrəmlik ayının Aşura günü bəzi yerlərdə baş yarılır, zəncir vurulur. Muxtar respublikada bu növ fiziki əziyyətlər əvəzinə məscidlərdə və tibb məntəqələrində qan vermək kompaniyaları icra olunur. Bu, həmin gün vətəndaşlar tərəfindən çox xeyirxah bir missiyanın yerinə yetirilməsinə vəsilə olur. Bu, ehtiyacı olan xəstə insanlara kömək,  əhəmiyyətli bir tədbirin həyata keçirilməsinə yardım etməklə o günün ağırlığını xeyirxah məqsədlərlə xeyli dərəcədə yüngülləşdirir və gənclərə dini inanclarında gözəl örnək olur. Əsrlərin dərinliklərindən bugünədək süzülüb gələn, qorunub saxlanan, lakin müasir həyatla ayaqlaşmayan bəzi adətlərimizin, toy və yas mərasimlərimizin sadələşdirilməsinin vaxtı çatmışdır. Bu gün muxtar respublikada yas mərasimlərində açılan çay və yemək süfrələrini sadə, təmtəraqdan uzaq, hər kəs üçün məqbul sayılan təvazökarlıq süfrələri əvəz etməkdədir. Mənəvi sıxıntıya məruz qalan insanların bir tərəfdən də maddi çətinliyə düşmələrinə səbəb olan, günlərlə davam edən yas mərasimləri artıq yığcam və sadə şəkildə aparılır, yaxın və doğmalarını itirən insanların maddi və mənəvi cəhətdən daha da yüklənmələrinə lüzum qalmır.

Biz artıq yeni, sürətlə dəyişən bir dövrdə, demokratik əsrdə yaşayırıq. Artıq demokratiyanın başqa bir layiqli alternativi yoxdur və demokratiya, müasirlik, müstəqillik XXI əsrin dəbdə olan libasıdır. 1998-ci ildə cəmiyyətin inkişafında insan meyarını əsas götürən və ölkəmizin tərəqqisini məhz bu amildə görən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan “Milli Dövlət Proqramı”nın təsdiqi ilə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun əsasını qoydu. Bu tarixi sənədin davamçısı olan “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquq və azadlıqlarının gücləndirilməsinə, dövlətlə vətəndaş cəmiyyəti arasında hərtərəfli münasibətlərin inkişafına xidmət etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqtamı”nın təsdiq edilməsi insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə zəmin yaratdı. Bu fundamental tarixi sənəd Naxçıvan Muxtar Respublikasında da böyük maraqla qarşılanmış, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri arasında təşkil edilən konfrans, görüş və dəyirmi masalarda geniş müzakirələr aparılmışdır.

2023-cü ildə 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin dediyi: “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir” sözlərini və siyasi baxışını rəhbər tutan ölkə Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təminatı sahəsində yürütdüyü siyasət və əməli tədbirlər, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında insan amilinə göstərilən diqqətin bariz nümunəsidir. Son illər muxtar respublikada Ombudsman institutunun, Vəkillər Kollegiyasının, insan hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının (qeyri hökumət təşkilatları, ictimai birlik və fondlar) fəaliyyəti muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsinə yönəldilən çoxsaylı tədbirlərdəndir.

Siyasi islahatların aparılması nəticəsində  muxtar respublikada insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ötən il Naxçıvanda Azərbaycan  Milli QHT Forumunun regional forumunun keçirilməsi bunun əyani subutudur.

Platon yazırdı: “Harada qarşılıqlı münasibətlərdə işıq, nur yoxdursa, orada heç kəs haqq etdiyi şərəfə, hakimiyyətə, müvafiq hüquqlara nail ola bilməz”. Bu səbəbdən muxtar respublikamızda üçüncü minilliyin başlanğıcının yeniləşmə, ekologiya və inkişaf zəminində davamı ətraf mühitin, cəmiyyətin, özümüzün və idrakımızın yeniləşməsi, dağma diyarımızın artan templə inkişafı üçün əsas şərt olmuşdur. Çox qədim bir sivilizasiyanın ecazkar izlərinin bu günə qədər özündə yaşadan muxtar respublikamızın günbəgün dəyişən siması, yenidən qurulması, elm, təhsil və iqtisadiyyatın dinamik inkişafı torpaq iddiasında olan mənfur qonşularımıza ən tutalı cavabdır.

Son illər ərzində muxtar respublikanın şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər olan ərazilərdə mütəmadi olaraq tikinti, abadlıq işləri yerinə yetirilir. Muxtar respublikaya qədəm qoyan hər kəs abad və hamar yollarla, yol boyu nizamla cərgələnən yaşıllıqlarla, körpü və yeni yolayrıcları ilə qarşılaşır. Muxtar respublikanın coğrafi və təbii şəraiti regionda turizmin inkişafı üçün geniş prespektivlər vəd edir. Ona görə də qədim diyarımızda turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Regionda zəngin mineral su yataqları, dağ çayları, göl və şəlalələri, gözəl mənzərəli yerləri və tarixi mədəniyyət abidələrinin olması ekoturizmin inkişafı üçün əlverişli şə­rait yaradır. Hazırda muxtar respublikada 150 min hektara yaxın ərazini əha­tə edən milli park, təbiət qoruğu və üç yasaqlıq vardır. Buna görə də muxtar respublikada turizm ilə məşğul olan sektorun və turizm sahib­karlığının inkişafı üçün əlverişli investisiya mühitinin yaradılması əsas şərtdir. Bu da regionun inkişafına, yeni iş yerlərinin açılmasına və muxtar respublikaya turistlərin axınının artmasına imkan yaradır.

Turizmdə informasiya təbliğat və reklam işinin yaxşılaşdırılması üçün dağlıq ərazilərdə kənd turizminin təbliği, muxtar respublikada mövcud olan qoruq və milli parklara turizm marşrutlarının açılması, yeni istirahət mərkəzlərinin fəaliyyətə başlaması bunu təsdiq edir. Muxtar respublikada ekoturizm infrastrukturunun inkişafı istiqamə­tində artıq müəyyən tədbirlər uğurla yerinə yetirilir. Turizm sahəsində mütəxəssislərin hazırlanması üçün Naxçıvan Dövlət Universitetində turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Eyni zamanda muxtar respub­likada müasir otellər və turizm şirkətləri fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Turizm Departamenti, ətraf mühitin mühafizəsi və ekologiya üzrə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları ilə birlikdə muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı yerli əhalinin maarifləndirilməsinə xidmət edəcək təlimlərin keçirilməsi kənd turizminin inkişafına zəmin yaradır.

Səmərəli təlimlərin əlaqədar təşkilatlar, vətəndaş cəmiyyəti və ictimaiyyətlə birgə iştirakı ilə “iştirak - müzakirə metodu” əsasında keçirilməsi ekoturiz­min inkişafı üçün vacib amildir. Bu siyasət bizim ətraf mühitlə harmoniyanın qorunmasına, ekoloji, milli və mənəvi şüurumuzun yüksəlişinə vəsilə olur. Yeniləşmə həyatımızın, fəaliyyətimizin bütün sahələrində inkişafın və gələcəyin dalğasıdır. Bu muxtar respublikada təhsil və səhiyyə ocaqlarının, istehsal sahələrinin kompüterləşməsi,  elektron xidmət, internet vasitəsi ilə iti sürətli rabitə vasitələrindən istifadə imkanlarının genişləndirilməsi, Azad İqtisadi Zonanın yaradılması və digər sosial-iqtisadi inkişaf mərhələlərinin yerinə yetirilməsidir.

Bu, doğma diyarımızın və bütövlükdə ölkəmizin inkişafı üçün görüləcək möhtəşəm işlərin və yeni bir dövrün başlanğıcıdır. Qarşımızda duran vəzifə yeniləşmə və dirçəlişin bütün imkanlarını səfərbər edərək cəmiyyətin hər bir fərdi üçün sülh, ədalət və əmin-amanlığı qoruya bilmək məqsədilə fəaliyyət göstərməkdir. Bu faktorların təhlili və tətbiqi, ekoloji, məntiqi və siyasi təfəkkürün yüksəlişi 100 illiyini qeyd etdiyimiz muxtar respublikada həyat şəraitinin yüksəldilməsinə, sosial-iqtisadi inkişafa və vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcəkdir.

Fizzə Məmmədova

“Təmiz Dünya” İctimai Birliyinin sədri,

kimya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 29.02.2024 09:30