AZ EN RU

Həyata keçirilən struktur dəyişiklikləri vergi sahəsində ədalətli rəqabət mühitini formalaşdıracaq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə bazar iqtisadiyyatının yeni formalarının tətbiqi, onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində mühüm işlər görülür. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət çərçivəsində müasir dövrün tələblərinə uyğun olaraq çevik vergi siyasəti də həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının 2023-cü ilin yanvar-aprel aylarının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmiş, müşavirədən irəli gələn vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi tərəfindən Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında digər məsələlərlə yanaşı, əhali vergi xidmətinin yüksəldilməsi, aylıq dövriyəsinin çox hissəsi Naxçıvanda formalaşan təminat müəssisələrinin muxtar respublikada vergi qeydiyyatına alınmasının təmin olunması ilə bağlı da vəzifələr qarşıya qoyulmuşdur. Bəs muxtar respublikamızda hazırda bu istiqamətdə hansı işlər görülür və vergi strukturundakı islahatları necə xarakterizə etmək olar? Suallarımızı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov cavablandırır. 

    – Abbas müəllim, xoş gördük sizi. Sualı artıq ünvanlamışıq, buyurun cavabı sizdən eşidək.
    – Xoş gördük. Bildiyiniz kimi, ölkəmizdə dövlət vergi nəzarətinin ədalətli, çevik, effektiv və səmərəli qaydada aparılmasının və vergi orqanı ilə vergiödəyicisi arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla, vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində də struktur islahatları həyata keçirilmişdir. İdarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, vətəndaş məmnunluğuna nail olunması, vergi orqanlarının əməkdaşları ilə vergiödəyiciləri arasında fiziki təmasların minimuma endirilməsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti orqanlarının strukturunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin formalaşmış təcrübəsi əsasında təkmilləşdirilməsi  məqsədilə bir sıra rayon vergi orqanlarının idarə və şöbələrinin  bir vergi orqanında birləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, Şərur Rayon Vergilər İdarəsinin, Sədərək Rayon Vergilər Şöbəsinin və Kəngərli Rayon Vergilər Şöbəsinin  bazasında 2 saylı Ərazi Vergilər İdarəsi, Babək Rayon Vergilər İdarəsinin və Şahbuz Rayon Vergilər Şöbəsinin bazasında 3 saylı Ərazi Vergilər İdarəsi, Culfa və Ordubad Rayon Vergilər şöbələrinin bazasında 4 saylı Ərazi Vergilər İdarəsi yaradılmış, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunmuşdur.
    – Əhaliyə vergi xidməti sahəsində də tətbiq olunan yenilikləri müşahidə etməkdəyik. Xüsusilə yeni xidmət mərkəzinin yaradılması və mərkəzin vergiödəyicilərinin fəaliyyətinə təsiri haqqında fikirlərinizi öyrənmək maraqlı olardı.
    – Sevindirici haldır ki, Naxçıvan şəhərində ilk dəfə olaraq yaradılmış vergiödəyicilərinə xidmət mərkəzi Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində hər zaman himayədarı olduğu sahibkarların istifadəsinə verilib. Burada məqsəd muxtar respublikada vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, vergi orqanları ilə vergiödəyiciləri arasında şəffaf münasibətlərin qurulmasıdır.  Xidmət mərkəzində vergiödəyicilərinə və vətəndaşlara xidmət üçün 5 təmsilçi fəaliyyət göstərir və gün ərzində ən azı 150 şəxsin qəbul edilməsi, həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür. 22 may 2023-cü il tarixədək burada bir sıra istiqamətlər üzrə 652 vergiödəyicisinə və vətəndaşa müxtəlif növ xidmətlərlər göstərilib. 
    –  Bu ilin ilk 4 ayında ümumi sahələr üzrə vergi daxilolmaları nə qədər olub? 
    – 2023-cü ilin yanvar-aprel ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub. Nəticədə, Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika üzrə davam edib. Cari ilin 4 ayında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 51 milyondan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz və ya 15 milyon manat çoxdur. Təkcə bu ilin aprel ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 63,7 faiz və ya 5,6 milyon manat artım qeydə alınıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, könüllü bəyanetmə səviyyəsi 3 dəfə, könüllü ödəmə səviyyəsi 1,5 dəfə artıb. 
    – Abbas müəllim, “ƏDVgeri al” kampaniyası və nağdsız əməliyyatların mövcud vəziyyəti ilə bağlı həyata keçirilən tədbirləri necə təhlil edərdiniz? Bu sahədə əhali marağı necə təmin olunur? 
    – Qeyd edim ki, son illər ölkəmizdə nağdsız əməliyyatların təşviqi, elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal mexanizmlərin tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Nağd pul dövriyyəsinin həcmini azaltmaq və nağdsız alış-verişin əhatə dairəsini genişləndirmək iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar arasında mühüm yer tutur. “ƏDV geri al” layihəsi də bu istiqamətdə həm stimullaşdırıcı, həm də yeni layihə kimi qiymətləndirilir. İnkişaf etmiş ölkələrin elektron pul təcrübəsindən fərqli olaraq, Azərbaycanda nağdsızlaşdırma istiqamətində atılan ən ciddi addımlardan biri kimi, “ƏDV geri al” layihəsi sahibkarlıq mühitində innovativ imkanlar yaradıb. Layihə, həmçinin ictimaiyyət tərəfindən də yüksək dəstək alır.  Belə ki, ölkə üzrə 2020-ci ildən, Naxçıvan Muxtar Respublikasında isə 2022-ci ilin sonlarında başlayaraq tətbiq edilən “ƏDV geri al” layihəsi çərçivəsində 2023-cü ilin 4 ayında istehlakçılara, ümumilikdə, 545.232 kassa çeki üzrə 157,1 min manatdan çox, cari ilin aprel ayında isə 182.721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. İlin əvvəli ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3,9 dəfə, qaytarılan məbləğ üzrə  2,5 dəfə artım olub. Nəticədə, həm də vətəndaşların “ƏDV geri al” layihəsinə marağı xeyli artıb. Bundan əlavə, 2023-cü ilin yanvar-aprel aylarında muxtar respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfədən çox artıb. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin verdiyi məlumata əsasən cari ilin 4 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 151,9 milyon manatdan çox olub. Ödənişlərin 23,7 milyon manatı POS-terminalların, 128,2 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.
    – Qeyd olunan dövrdə aktiv vergiödəyicilərinin sayı, mövcud obyektlərin nəzarət kassa aparatları ilə təminatı və pos-terminalların sayı haqqında da məlumat verməyinizi xahiş edirik. 
     – Muxtar respublikada əlverişli biznes mühitinin formalaşdırılması, hüquqi və fiziki şəxslərin qeydiyyatının asanlaşdırılması, xüsusilə kommersiya qurumlarının elektron qaydada qeydiyyatının həyata keçirilməsi aktiv vergiödəyicilərinin sayının artmasına səbəb olub. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergiödəyici qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb. Həmçinin qısa zaman ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlərə başlanılmış və zəruri tədbirlər davam etdirilir. 2023-cü il may ayının 1-i tarixinə muxtar respublika ərazisində 1.739 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. POS-terminalların sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə artıb.
    – Son olaraq hazırkı dövrdə vergi orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsini necə qiymətləndirirsiniz? 
    – Vurğulamalıyam ki, vergi orqanlarının qarşısına qoyulan tapşırıqların icrasının başlıca şərti qanunvericiliyin ədalətli tətbiq edilməsidir. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində baş verən struktur dəyişiklikləri vergi orqanlarının işini günün tələbləri səviyyəsinə qaldırmaqla, sahibkarlıq mühiti üçün əlverişli zəmin yaradacaq və ədalətli rəqabət prinsipinə söykənən iqtisadi mühiti formalaşadıracaqdır. Son bir neçə ay ərzində əldə olmuş nəticələrə əsasən, demək olar ki,  Dövlət Vergi Xidmətinin strukturunda baş verən  dəyişikliklər müsbət  tendensiyaya səbəb olub və iqtisadi sahələrdə əldə olunan nəticələr artan templə davam etməkdədir. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, öz vəzifələrini zamanın çağırışlarına dərhal və adekvat uzlaşdıra bilən vergi sisteminin qurulmasını tələb edir. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 30.05.2023 16:09