AZ EN RU

“Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 25 sentyabr  tarixində Şərur şəhərində “Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Şərur  Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sürəyya Bəşirova açaraq, keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsilə çıxış edib. Qeyd edib ki, ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduğu kimi körpələr üçün də əvəzedilməz və ən ideal qidadır. Bu cür qidalandırma yalnız uşaq üçün ən yaxşı qidalandırma mənbəyi deyil həmçinin bu uşaq və ana arasında yaxın bağın formalaşmasına da kömək edir. Ana südünün uşağın normal inkişafı üçün vacib olduğunu deyən F.Hüseynova süddə olan qida maddələrinin ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə etdiyini bildirib. Ana südü ilə qidalanmanın anaya və ailə büdcəsinə olan faydaları ndan da bəhs edib. 
Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü ,ana südü ilə qidalanmanın uşaqların inkişafına müsbət təsiri, ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığının vacibliyi barədə maarifləndirici tədbirlər görülür. Həmçinin ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və immun sisteminin gücləndirilməsinə böyük təsiri olduğu barədə məlumat verib. 
Daha sonra Şərur Rayon Uşaq Xəstəxanasının həkimi Hüseyn Abbasov  “Ana südünün əhəmiyyəti” mövzusunda tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdən 40 nəfər yararlanıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 25.09.2023 19:12