AZ EN RU

Həyat sığortası

    Sevindirici haldır ki, vətəndaşlarımız sığorta ilə bağlı maarifləndikcə ötən illərə nisbətən ölkədə sığortalanma prosedurlarına maraq da çoxalır. Mərkəzi Bankın aylıq və illik statistikalarında da bu sahədə artım müşahidə olunur. Daha çox artım isə “Həyat sığortası” ilə bağlı qeydə alınıb.
    Buna baxmayaraq, hələ də bəzi vətəndaşlar bu faydalı və gəlirli sığorta növü haqqında məlumatsızdırlar.
    Naxçıvanda yeni fəaliyyətə başlayan həyat sığortası nümayəndəliklərinin muxtar respublika sakinlərinə bu sığorta sahəsi üzrə xidmətlər həyata keçirdiyini nəzərə alaraq, sözügedən sığorta məhsulu haqqında oxucuları daha çox maraqlandıran məsələlərə aydınlıq gətirməyə çalışacağıq. “Həyat sığortası” icbari və könüllü ola bilər. İcbari həyat sığortası istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlıdır. Burada hadisənin qəflətən baş verməsi sığorta halı hesab olunur. Əgər vətəndaşın əvvəlcədən bilinən xəstəliyi varsa və iş prosesində vəziyyəti pisləşibsə, bu, sığorta halı kimi nəzərə alınmır. Könüllü həyat sığortasında isə bədbəxt hadisənin qəflətən baş verməsi şərt deyil, yəni sığortaolunana istənilən halda kompensasiya ödənilir. Qeyd edək ki, “İcbari Həyat Sığortası”nı VÖEN-i olan fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları, “Könüllü Həyat Sığortası”nı isə istənilən şəxs etdirə bilər.
    “İcbari həyat sığortası” ödənişi qanunvericiliklə müəyyənləşdirilir. Bu növdə hadisə baş verəndə vətəndaşın yaşı, ondan asılı olan şəxslərin sayı, evlidirsə uşaqların sayı və yaşı, həmçinin bir sıra digər amillər nəzərə alınır. “Həyat sığortası”nın könüllü növündə isə sığortalanan şəxs və sığorta şirkətinin qarşılıqlı razılığı ilə nə qədər vəsaitin sığortahaqqı kimi ödəniləcəyi müəyyən edilir.
     2011-ci ildən ölkəmizdə bu sığorta növü üzrə xidmət təklif edən sığorta şirkətləri fəaliyyətə başlamışdır. Hazırda Azərbaycanda “Həyat sığortası” ilə məşğul olan cəmi 5, qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 15 şirkət var.
     “Həyat sığortası”nın bir çox növü vardır. Bunlara “Həyatın ölüm halından sığortası”nı, “Həyatın yaşam sığortası”nı, “Annuitet sığortası”nı, “Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta”nı, “Sağalmaz xəstəliklərdən sığorta”nı misal göstərmək olar. 
     “Həyatın yaşam sığortası” isə “Həyat sığortası”nın ən çox müraciət edilən növüdür. “Həyatın yaşam sığortası”nın üstün cəhəti ondan ibarətdir ki, həm sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, həm də bu müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur. Həmçinin bu sığorta növü bizi maddi zərərlərdən qorumaqla yanaşı, həm də bazarda ən yüksək gəlir təklif edən investisiya məhsuludur.
     “Həyatın yaşam sığortası” vasitəsilə necə yığım etmək məsələsinə gəlincə, aldığımız maaşın 45-50 faizini həyatın yaşam sığortasına yönəldə bilərik. Minimal məbləğ isə sığorta şirkətində asılı olaraq dəyişir. Bu sığorta növünün əsas üstünlüklərindən biri odur ki, burada əməkhaqqının sığorta üçün ayrılan hissəsi vergi və sosial ödəmələrdən azaddır və həmin məbləğ də bizim yığım hesabımıza daxil edilir. “Həyatın yaşam sığortası” üzrə müqavilə müddəti minimum 3 il nəzərdə tutulub. Qeyd olunan müddət ərzində sığorta hesabımızda toplanan həmin vəsaitin üzərinə investisiya faizi də gələrək 3 il ərzində aldığımız əməkhaqqıdan daha yüksək məbləğ əldə edilmiş olur. Bu isə hər bir halda bizim rifahımıza xidmət edir. Həmin müddət ərzində sığorta hadisəsi baş verərsə, yəni sığorta olunan şəxs vəfat edərsə, hesabında toplanmış sığorta pulunu ailəsi alır.
     Adətən, sığorta müqaviləsinin bağlanacağı yaş kriteriyaları sığorta şirkəti tərəfindən təyin edilir. Bu sığorta növü üzrə müqavilələrdəki əsas məqam əməkhaqqıdır. Əmək müqaviləsi olmayan şəxslər “Həyatın yaşam sığortası” etdirə bilməz. Sözügedən sığorta növünə həm dövlət, həm də özəl şirkətlərdə çalışan istənilən şəxs qoşula bilər.
     Yaşam sığortası etdirmək üçün müraciətlərə gəlincə, bunun üçün muxtar respublikada həyat sığortası fəaliyyəti göstərən nümayəndəliyə müraciət edərək ərizə forması doldurmaq lazımdır. Ərizə forması sığortanı etdirmək istəyən şəxsin yaşından, iş yerindən, vəzifəsindən və sağlamlıqla bağlı suallardan ibarətdir. Həmin suallara cavab verdikdən sonra şəxsin müraciəti sığorta şirkətinin Anderraytinq şöbəsində təhlil edilir. Daha sonra isə müqavilə bağlanır. Müqavilənin bağlandığı müddət ərzində şəxs sığorta­haqqını artıra, azalda, dondura və xitam verə bilər.
    İnanırıq ki, həyat sığortası üzrə xidmətlər təklif edən yeni nümayəndəliklərin açılışı sığorta sektorunun regionda böyüməsində əhəmiyyətli rol oynayacaqdır. 
    Sonda qeyd etmək istərdik ki, muxtar respublikada sığorta bazarlarına nəzarət edən qurum Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsidir. Sığorta şirkətləri ilə bağlı şikayət və sorğularla bağlı idarəyə müraciət edə bilərsiniz.

           Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının 
Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 28.09.2023 22:12