AZ EN RU

Həyat bəxş edən ömür

Redaksiyamıza məktub

    Hörmətli redaksiya! Mən Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd tam orta məktəbinin təqaüdçü müəllimiyəm. Prezidentimiz cənab İlham Əliyev tərəfindən “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşəm. Bu yazını qələmə almaqda məqsədim dünyanın ən qiymətli sərvəti olan insanlara göstərilən səhiyyə xidməti barədədir. Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə inkişaf və tərəqqi bütün sahələrdə olduğu kimi, tibb sahəsində də özünü göstərməkdədir. Bunu Naxçıvan Muxtar Respublika Xəstəxanasının, burada çalışan tibbi heyətin fəaliyyətində də görmək olar. Son illərdə dövlət başçısının diqqət və qayğısının ifadəsi kimi bu səhiyyə ocağının binasının müasir standartlar əsasında yenidən qurulması, xəstəxananın maddi-texniki bazasının yenilənməsi, insanlara göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Belə xidmət sahiblərindən biri də  Nevrologiya şöbəsində çalışan, bütün xəstələrin sevimlisi olan həkim Səkinə Mirzəyevadır.
    Müayinə və müalicə üçün ilk dəfə xəstəxanaya gələrkən maraqlı bir hadisənin şahidi oluram. Qeydiyyat şöbəsində məndən əvvəl növbəyə duran xəstələrin çoxu Səkinə xanımı öz həkimi kimi seçirdi. Mən də haqqında eşitdiyim üçün onu seçdim. Həkimin yanına getdim. O mənə diqqətlə baxıb dedi: “Yunis müəllim, çox həyəcanlısınız”. Dedim ki, Səkinə xanım o qədər xəstə sizi öz həkimi kimi seçdi ki, qorxdum ki, mənə vaxtınız çatmasın.
    Bəzən həkimlik sənətini Günəşə, şama, torpağa bənzədirlər. Səkinə həkim öz nurunu bütün xəstələrə bərabər paylayan Günəş, öz ziyasını onun ətrafına eyni səviyyədə paylayan şam, öz barını-bəhrəsini insanlardan əsirgəməyən torpağa bənzəyir.
    Səkinə həkimlə bir yerdə işləyən tibb bacısı Sahilə Hüseynova: – Səkinə həkimlə bir yerdə işləmək mənə zövq verir. Kənardan baxanlar hiss etməzlər ki, mən tibb bacısı o isə həkimdir. Bacarıqlı həkim və gözəl insandır.
    Xadimə Şəlalə Musayeva: – Qayğıkeşdir, bizə arxa-dayaq olur. Hər bir problemimizi həll etməyə çalışır. Bizə, ana-bacı olub. İşçilərlə sadə münasibətdədir.
    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim-rezidenti Banu Mehdi: – İlk gündən Səkinə xanım haqqında təəssüratım çox yaxşı oldu. Şöbə müdiri olmasına baxmayaraq, həmkarları ilə münasibəti xüsusən diqqətimi çəkdi. Xəstələrə qayğı və nəvazişlə yanaşır.
    Səkinə həkimin xəstəsi Mehman Vəliyev: – İlk gündən Səkinə həkimin diqqət və qayğısı üzərimdə olub. Şöbənin bütün tibb işçiləri gündəlik olaraq xəstələrin səhhəti ilə ciddi maraqlanır, məsləhətlərini verirlər. Ümumiyyətlə, Nevrologiya şöbəsinin bütün tibb işçilərinin göstərdiyi diqqət və qayğı nəticəsində ümidvaram ki, sağlamlığıma qovuşacağam.
    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin nevroloq həkim-rezidenti Səba Cəlilli: – İlk gəlişimizdən bizə xüsusi diqqət və qayğı göstərib. Bizim üçün ayrıca otaq ayırıb. Bu sahəni öyrənməyimizdə, mütəxəssis-həkim kimi yetişməyimizdə böyük əməyi vardır. Həm peşəkar həkim, həm də yüksək insani keyfiyyətlərə malik bir Azərbaycan xanımıdır. 
    O, sadə bir ömür yaşayır – həkim ömrü. Lakin böyük bir sirr, sehr, qeyri-adilik var bu sadəlikdə. Qəlbinin odu ilə yüzlərlə xəstəyə ömür bəxş edə-edə, xəstələrin ömrünə həyat qata-qata, nur paylaya-paylaya bir ömür yaşayır Səkinə həkim.
    Xalqımızın mütəfəkkir, filosof şairi, dünya ədəbiyyatının əlçatmaz, ünyetməz zirvələrindən biri olan Nizami Gəncəvi sanki aşağıdakı  misraları Səkinə həkim haqqında yazmışdır:

    Çalış, öz xalqının işinə yara,
    Geysin əməyinlə dünya zərxara.

Yunis QULİYEV
Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd tam orta məktəbinin
 təqaüdçü müəllimi, “İlin ən yaxşı müəllimi”

Nəşr edilib : 06.12.2023 18:11