AZ EN RU

Həvəsin, incə zövqlərin və qabiliyyətin hakim olduğu ünvan: Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi

    Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və muxtar respublikamızın dinamik inkişaf mərhələsini təşkil edən elm, təhsil, innovasiya sahəsində yenilikçi ideyaların gerçəkləşdirilməsi müasir tariximizə yeni-yeni uğurların yazılması ilə öz bəhrəsini verir. Bu mənada, uşaq və gənclərimizin gələcəkdə potensial kadr kimi öz bilik, bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş tədris obyektlərinin, o cümlədən məktəbdənkənar müəssisələrin rolu böyükdür. Hazırda muxtar diyarımızda 36 məktəbdənkənar müəssisə fəaliyyət göstərir ki, onlardan da 3-ü paytaxt Naxçıvan şəhərinin payına düşür. Həmin müəssisələr arasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyiyin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusi yerə malikdir. Elə biz də yetişməkdə olan gənc nəslin bədii təfəkkürünə, istedadlarına işıqsaçan, onları bir-birindən maraqlı qabiliyyətlərə yiyələndirməklə həyatlarına, sözün əsl mənasında, nur çiləyən həmin ünvanın yolunu tutduq.

    Müsahibimiz mərkəzin direktoru Ceyran Alməmmədova bizimlə söhbət zamanı bildirdi ki, 1979-cu ildə Naxçıvan Şəhər Pionerlər evi kimi yaradılan məktəbdənkənar müəssisə 2009-cu il mart ayının 19-dan etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Mərkəzin ulu öndərin adını daşıması isə əməkdaşların üzərinə böyük məsuliyyət qoyur, onları daha səylə çalışmağa sövq edir. Çünki “Uşaqlar bizim gələcəyimizdir”, – deyən ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində balacalara böyük qayğı ilə yanaşıb, onları daim diqqət mərkəzində saxlayıb. Məhz dahi siyasətçinin rəhbərliyi ilə uşaq və yeniyetmələrin sağlamdüşüncəli, hərtərəfli biliyə malik yetişmələri istiqamətində bir sıra tədbirlər həyata keçirilib, fərman və sərəncamlar imzalanıb. Bu siyasət hazırda muxtar respublikamızda uğurla davam etdirilir. Bu mənada, hərtərəfli şəraitlə təchiz olunmuş məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, müasir dövrümüzdə mövcud olan yeniliklər, sözsüz ki, faydalı olduğu qədər zərərli vərdişləri də özündə daşıyır. Zərərli vərdişlərin gənclərə vurduğu istər fiziki, istərsə də mənəvi yaraların fəsadları çox ağır və sağalmaz olur. Cəmiyyətimizdə belə neqativ hallara qarşı biz müəllimlər tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam əqidədə, dövlətçilik maraqlarına uyğun formalaşması təmin edilməlidir. Qürurverici haldır ki, muxtar diyarımızda aparılan uğurlu gənclər siyasəti hər keçən gün öz bəhrələrini verir. Dövlətimiz tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir. Bu yolda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin rolu isə inkaredilməzdir. Bununla yanaşı, mərkəzimizdə sağlamlıq imkanları məhdud uşaqları daim diqqətində saxlayan muxtar respublika rəhbərinin Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiya üzrə Dövlət Proqramı”nın icrası istiqamətində mütəmadi olaraq dərnəklərə üzv olan həmin uşaqların əl işlərindən ibarət sərgilər təşkil edilir. 

    Ceyran xanım onu da bildirdi ki, hazır­da mərkəzdə 90 yerlik akt, 2 rəqs, boks  və idman  zalları, 1 geyim otağı, 1 emalatxana, 1 internetə quraşdırılan  kompüter, 1 elektron  lövhəli robotexnika, 1 elektron lövhəli  mental, 1 qum, 2 ebru sənəti, 1 dram, 1 dulusçuluq, 1 gimnastika, 1 kitabxana, 1 qalereya  otaqları, kitabxana  və müxtəlif adda dərnək otaqlarının əsaslı şəkildə təmiri və yeni dərnək otaqlarının  müasir maddi-texniki baza ilə təmin olunması dərnəklərin səmərəli fəaliyyətinə əlverişli  şərait yaradıb. Bununla yanaşı, mərkəzdə 5 şöbədə, müxtəlif sahələr üzrə fəaliyyət göstərən innovativ dərnəklərdə muxtar diyarımızın hər yerindən qatılan şagirdlərin yaradıcılıq imkanları inkişaf etdirilir. Məşğələlərdə uşaq və yeniyetmələrə rəssamlıq, bədii tikmə, rəqs, musiqi və digər yaradıcı sənət sahələrinin incəlikləri nəzəri biliklər və praktik vərdişlərlə mükəmməl şəkildə öyrədilir. Həmçinin yaradıcı təfəkkürlər və bacarıqlar nəzərə alınaraq gələcəkdə mərkəzdə yeni dərnəklər də fəaliyyət göstərəcək. 

    Müsahibimiz onu da diqqətimizə çatdırdı ki, Kütləvi tədbirlər şöbəsinin tərkibində yeni açılan “Dram” və “Naxçıvan folkloru” olmaqla, bir neçə dərnək fəaliyyət göstərir. Bunlar “Gənc Heydərçilər” və digər elmi dərnəklərdir ki, uşaqların marağını özünə daha çox cəlb edir. Dərnək üzvləri müxtəlif şeir, hekayə, dram və digər müsabiqələrdə iştirak edərək müvəffəqiyyət qazanır, müxtəlif tədbirlərdə öz bədii qiraətləri, çıxışları, səhnəcikləri ilə iştirak edir, ingilis dilini öyrənirlər.
    Uzun illərdir ki, yaradıcılıq mərkəzinin peşəkar kollektivi arasında çalışan, Milli dəyərlər, toxuculuq və dekorativ-tətbiqi sənət şöbəsinin müdiri İsmail Qəhrəmanovla da həmsöhbət oluruq. 
    İsmayıl müəllim deyir ki, mərkəzdə fəaliyyət göstərən hər bir şöbənin nəzdində innovativ dərnəklərin yaradılması günün tələbidir. Gənc nəslin inkişafını daim diqqətdə saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada təhsilin bütün pillələri, eləcə də məktəbdənkənar təhsil üzrə müasir tədris şəraiti yaradılıb. Yaradılan şəraitdən düzgün istifadə etmək, uşaq və gəncləri vətənpərvər, təhsilli böyütmək, onlara peşə öyrətmək, istedadlarını üzə çıxarmaq isə bizim qarşımızda duran əsas vəzifə borcudur. Qeyd edim ki, Milli dəyərlər, toxuculuq və dekorativ-tətbiqi sənət şöbəsinin nəzdində fəaliyyət göstərən “Ağac üzərində oyma”, “Metal üzərində bədii döymə”, “Xalçaçılıq”, “Dulusçuluq”, “Ağac üzərində yandırma”, “Bədii tikmə”, “Aplikasiya”, “Dekorativ-tətbiqi sənət”, “Dekorativ rəsm” dərnəkləri məktəblilərin ən çox üz tutduqları sahələrdəndir. Dərnəklərimizin hər biri estetik zövqün ən incə nüanslarını özündə birləşdirərək bir-birindən maraqlı əl işləri ilə müəssisəmizə üz tutan hər bir kəsin marağına səbəb olur. Bütün bunlar gənc və yeniyetmə nəslin düzgün və estetik yöndə inkişafına bilavasitə şərait yaratmaqla yanaşı, onlarda  Vətənə və ətraf aləmə olan məhəbbətin daha da güclənməsinə köməklik göstərir. 
    “Dekorativ rəsm” dərnəyinin rəhbəri Səkinə Qarayeva ilə həmsöhbət oluruq. O, 15 ildir ki, bu sənət sahəsində çalışır və xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətinə görə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali           Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Səkinə xanım deyir ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Onlar arasında sağlamlıq imkanları məhdud uşaqlar da var. Bu gün rəssamlıq sənətinə maraqgöstərən həmin  uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında innovativ dərnəklərin böyük rolu vardır. Rəhbərlik etdiyim dərnəyə də onların maraq göstərməsi məni hədsiz sevindirir. 
    “Bədii tikmə” dərnəyinin rəhbəri Şükufə Məmmədova illərdir ki, dekorativ-tətbiqi sənətin bir növü olan bədii tikmə sənətini uşaqlara öyrədir. Bu sənətin tarixi haqqında məlumat verən müsahibim deyir ki, orta əsrlər dövründən etibarən Naxçıvanda  tikmə sənəti geniş yayılıb, bu sənətlə məşğul olan ustalar rəngarəng ipək və yun saplardan, həndəsi və nəbati naxışlar əsasında düzülmüş piləklərdən istifadə etməklə tikmə sənətinin müxtəlif növlərini yaradıblar. Sevindirici haldır ki, cilalana-cilalana dövrümüzə qədər gəlib çatan bədii tikmə sənəti bu gün də muxtar respublikamızda yaşadılır. Bu həm də milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq baxımından vacib əhəmiyyət kəsb edir. Biz də bu sahədə  həvəsi, bacarığı olan uşaqları  mərkəzdə dərnəyə üzv qəbul edirik. Onların içərisində bu sənət sahəsinə maraqgöstərən sağlamlıq imkanları məhdud uşaqlarımız da vardır. Naxçıvan şəhər  8 nömrəli tam orta məktəbin şagirdi, sağlamlıq imkanları məhdud gəncimiz Leyla Bayramova bir ildir, dərnəyə gəlməyinə baxmayaraq, çox gözəl tikmə nümunələri hazırlayır. Leylaya bu sənətin  bütün sirlərini öyrədirəm. Muncuqla, piləklə, mat, ipək saplarla işləyirik. Onun əl işləri muxtar respublikada, mərkəzdə keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunur və özünə yer alır. Sərgi-satışlardan əldə olunan gəlir isə onların özlərinə verilir. Bu onları həm həvəsləndirir, həm dərnəyə üzv olmaq istəyənlərin sayını artırır. 
    Müəssisədə sağlamlıq imkanı məhdud olan gənc istedad Leyla Bayramovanın nənəsi, Naxçıvan şəhər sakini, 70 yaşlı Lətifə Pənahova ilə də həmsöhbət olduq. Lətifə xanım minnətdarlıq hissi ilə bildirdi ki, mərkəzdə yaradılan şərait, sözün əsl mənasında, təqdirəlayiqdir. Peşəkar müəllim kollektivinin himayəsində uşaqlarımız yaradıcılığın bir çox sirlərinə yiyələnərək vaxtlarını səmərəli keçirirlər. İnanırsınızmı, Leylanı ilk dəfə bura gətirəndə düşünürdüm ki, onun əlləri tikiş üçün iynə belə tuta bilməyəcək. Amma qısa zaman müddətində “Bədii tikmə” dərnəyinin bacarıqlı, savadlı müəllimləri tərəfindən nəvəm bu işin öhdəsindən gəldi. Artıq o, tikmənin bir-birindən maraqlı növləri ilə məşğuldur. Müəssisədə nəvəmin timsalında olan bir neçə sağlamlıq imkanları məhdud uşaq var ki, onların da müxtəlif sahələrdə qazandıqları uğurları görürük, onlarla birgə sevinirik. İnanıram ki, mənim timsalımda olan bütün valideynlər yaradılan şəraitdən razıdır. Niyə də razı olmasınlar? Bir halda ki bu ünvanda övladlarımız öz bacarıqları ilə biz valideynlərinin, müəllimlərinin sevincinə səbəb olurlar. Burada yaradılan hərtərəfli şərait üçün mən dövlətimizə və mərkəzin kollektivinə minnətdarlığımı bildirirəm. 
    Bu gün diyarımızda mövcud olan hərtərəfli şərait, dövlətimizin elmə, təhsilə verdiyi dəyər, yaradılan geniş imkanlar onu deməyə əsas verir ki, gənclərimizin nurlu sabahı öz məsuliyyətini dərk edən savadlı müəllimlərimizin əlindədir. Onlar da qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Mərkəzlə tanış olduğumuz müddət ərzində bunun əyani sübutunu bir daha gördük və əminliklə deyə bilərik ki, işıqlı gələcək gənc­lərlə gələcək... 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 17.08.2022 19:07