AZ EN RU

Həvayət Qurbanovanın 85 illik yubileyi qeyd edilib

Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanın 85 illik yubileyi qeyd edilib.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanovanın həyat və fəaliyyətindən bəhs edib, 85 illik yubileyi münasibətilə yubilyarı təbrik ediblər.

Çıxış edənlər bildiriblər ki, əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət Qurbanova kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə  çalışıb. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. 29 yaşında Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Həvayət Qurbanova, həmçinin SSRİ Ali Sovetinə iki çağırış deputat seçilib.

Qeyd olunub ki, yubilyarın əmək yollarında yüksəlişi və zəhmətinə verilən qiymət ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində zəhmətkeş insanlara, o cümlədən də qadınlara böyük qayğı və diqqət göstərib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Həvayət Qurbanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Yubilyar Həvayət Qurbanova və ailə üzvləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanovaya qiymətli hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.02.2022 19:42