AZ EN RU

Həssas ruh, kövrək qəlb və nəsillərə örnək yaradıcılıq yolu...- Bəhruz Kəngərli ölümünün 102-ci ildönümündə yad edildi

“Bəhruz Kəngərlinin zəngin irsi mədəniyyət xəzinəmizdə layiqli yer tutur. O, Azərbaycan boyakarlığında realizmin, Naxçıvanda teatr rəssamlığının  təməlini qoyub, ölkəmizdə sərgi mədəniyyətinin  ilk carçısı olub”.

 Bu fikirlər 6 fevralda Bəhruz Kəngərli Muzeyində təşkil edilən anım tədbirində muzeyin direktoru  Səbinə Əlincəli tərəfindən səsləndirilib. Görkəmli fırça ustasının qısa, ancaq mənalı ömür yolundan, təkrarsız yaradıcılığından bəhs edən muzey direktoru bildirib ki,  Bəhruz bəy Kəngərli yaradıcılığı milli ruh, Azərbaycançılıq ideyaları aşılayan bir xəzinədir. Onun tarixi zərurətdən yaranan, dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirən, sulu boya ilə işlənmiş 30-a yaxın portretin daxil edildiyi “Qaçqınlar” silsiləsi  əsərləri tarixi fakt kimi  olduqca əhəmiyyətli, rəssamın yaradıcılığının zirvəsi hesab olunmağa layiqdir.

Diqqətə çatdırılıb ki, rəssamın yaradıcılığı Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, 2002-ci il iyun ayının 18-də məhz dahi liderin  iştirakı ilə  Bəhruz Kəngərli Muzeyinin açılışı olub. Ölkə başçısı İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncamı ilə fırça ustasının yubileyi dövlət səviyyəsində qeyd olunub.

Bəhruz Kəngərli obrazının əbədiləşdirildiyi ədəbiyyat nümunələri haqqında danışan AMEA Naxçıvan Bölməsinin  İncəsənət, Dil  və  Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov İslam Səfərli, Asim Yadigar, Zaur Vedili, Adil Babayev, Tofiq Mahmud, Fərman Kərimzadə kimi şair və yazıçıların yaradıcılığında  rəssama həsr olunan nümunələrdən ətraflı bəhs edib. Bəhruz Kəngərlini yad və  təbliğ etməyin hər birimizin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

"Bəhruz Kəngərlinin yaradıcılığı Naxçıvan memarlıq tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir” - deyən AMEA Naxçıvan Bölməsinin  İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova rəssamın Naxçıvan memarlıq abidələrini təsvir edən zəngin mənzərə qalereyasından bəhs edib, fırça ustasının əsərlərinin müasir dövrümüzdə tarixi abidələrin tədqiqi və öyrənilməsi baxımından əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü, rəssam  Səməd Məmmədov Bəhruz Kəngərliyə həsr olunmuş albomu muzeyə hədiyyə edib.

Anım tədbiri muzeyin  ekspozisiyasına baxışla sona çatıb.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.02.2024 15:57