AZ EN RU

Həssas əhali qruplarının özünüməşğulluğunun təşkili dövlət qayğısı əsasında həyata keçirilir

    Ölkəmizdə, eləcə də muxtar respublikamızda daim inkişaf edən, yenilənən sahələrdən biri də özünüməşğulluqdur. İqtisadi-sosial, mədəni siyasətimizin əsasını təşkil edən bu sahənin günün tələbləri səviyyəsinə qaldırılması, müasir inkişaf strategiyasının qurulması əsas amil kimi çıxış edir. 

    Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən 2023-cü il ərzində 50 ailəyə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsi nəzərdə tutulub. 

    Qəbul edilən qərarın icrası istiqamətində görülən işlər, qarşıya qoyulmuş məqsədlərin həlli sahəsində atılan addımlar barədə daha ətraflı məlumat almaq üçün Dövlət Məşğulluq Agentliyi Naxçıvan şəhər şöbəsinin əməkdaşı Elvin Bağırlı ilə həmsöhbət olduq. O bildirdi ki, 2023-ilin cari dövrü ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq altsistemdə qeydiyyatı aparılmış şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin yekun nəticəsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2692 nəfərin qeydiyyatı aparılmışdır. Onlardan 1646 nəfər kənd təsərrüfatı, 341 nəfəri istehsal və xidmət, 233 nəfəri isə digər (qeyri-standart) zərflər üzrə olmaqla, ümumilikdə, 2222 nəfər növbəlilik reyestrinə əlavə olunmuşdur. Həmçinin 1721 nəfərin proqrama cəlb olunması üçün şəraitinə ilkin baxış keçirilmişdir ki, onlardan 1295-i kənd təsərrüfatı istiqaməti, 227-si istehsal və xidmət sahələri, 199-u isə qeyri-standart zərflər üzrə təşkil etmişdir. Müsahibimiz qeyd etdi ki, şəraitinə ilkin baxış keçirilmiş şəxslərdən 858 nəfər biznes təlimlərə uyğun hesab edilmiş, kənd təsərrüfatı istiqaməti üzrə 706 nəfər, istehsal və xidmət sahələri üzrə 152 nəfər təlimlərə cəlb olunmuşdur. Təlimi uğurla bitirən 50 nəfər kommersiya bankları layihəsi çərçivəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə təqdim edilmiş, 1 avtotəmizləmə xidməti, 2 kiçik dülgər sexi, 3 kiçik dəmirçi sexi, 2 qadın gözəllik salonu, 2 avtomobil şinlərinin təmiri və bərpası, 1 un məmulatları istehsalı, 1 kiçik foto-atelye və 6 kiçik dərzi sexi zərfi üzrə avadanlıqlarla təmin edilmişdir. Müsahibimiz hazırda bu istiqamətdə işlərin davam etdirildiyini vurğuladı. Onu da qeyd etdi ki, proqrama cəlb ediləcək vətəndaşlar arasında şəhidlərin ailə üzvləri, müharibə veteranı və digər qruplar üstünlük təşkil edir. 
    Mövzumuzla əlaqəli olaraq avadanlıqlarla təmin edilmiş ailələrin bir neçəsi ilə həmsöhbət olduq. Naxçıvan şəhər sakini Sərxan Babayev deyir ki, üç ildir, həvəskar fotoqraf kimi fəaliyyət göstərirəm. Lakin daha da peşəkarlaşmaq və lazımlı avadanlıqları almaq üçün Dövlət Məşğulluq Agentliyinin Naxçıvan Şəhər Şöbəsinə müraciət etdim. Şöbə əməkdaşları bunu nəzərə alaraq məni kurslar və təlimlərə cəlb etdilər. Bu təlimləri uğurla keçdikdən sonra kompüter, printer, fotoaparat, işıqlandırıcı qurğu və digər zəruri avadanlıqlar verildi. Mən də bu peşəni sevərək əhaliyə keyfiyyətli xidmət göstərməkdən məmnunluq duyuram.
    Müsahibimiz, Babək rayon Naxışnərgiz kənd sakini Sevil Zamanova deyir ki, bir müddət tikiş fabrikində dərzi kimi fəaliyyət göstərmişəm. Müəyyən səbəblərə görə iş fəaliyyətim yarıda qalmışdı. Bir müddət işləyə bilməmişdim. Qərara aldım ki, Dövlət Məşğulluq Agentliyinin Naxçıvan Şəhər Şöbəsinə müraciət edim. Müaciətim qeydə alındı və təlimlərə dəvət edildim. Təlimlər başa çatdıqdan sonra dərzilik üçün lazım olan avadanlıqlarla təmin olundum. Müsahibimiz bildirdi ki, hazırda yaşadığı kənddə dərzi kimi fəaliyyət göstərir. Gələcəkdə fəaliyyət sferasını genişləndirmək niyyətindədir. 
    Həmsöhbətlərimizin fikirlərindən də aydın oldu ki, bu gün dövlət-xalq siyasətinin əsasında cəmiyyətin qayğıları ilə maraqlanmaq, onların rahatlığını nəzərə almaq üstünlük təşkil edir. Bu da günümüzdə insan amilinə verilən dəyərin bariz nümunəsidir. 

 Bülbül Quliyeva
 

​​​​​​​

Nəşr edilib : 15.11.2023 18:20