AZ EN RU

Həsən Seyidov “Mədəni irs” Forumunun hazırlıq müzakirəsində və Ekspert Şurasının ilk iclasında iştirak edib

18-19 dekabr tarixlərində ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Mədəni irs” forumu keçiriləcək. Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov 13 dekabrda Bakı şəhərində təşkil edilən “Mədəni irs” Forumunun hazırlıq müzakirəsində iştirak edib.

Həmin gün eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilən ölkə ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına baxılması, yenilənməsi, siyahıya daxil ediləcək daşınmaz mədəni sərvət nümunələri barədə fikir mübadiləsinin aparılması, ekspert rəyinin verilməsi və digər məsələlərin müzakirəsi məqsədi ilə baş tutan iclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov və nazirlik Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva da iştirak edib.      

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması qeyd olunub. Proqramın Təfsilatlı Tədbirlər Planına əsasən müvafiq siyahıya salınacaq tarixi memarlıq abidələrinin müəyyənləşdirilməsi, muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması sahəsində iş aparılır. Eyni zamanda “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksinin yaradılması, Kompleksə daxil olan abidələrin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə sahəsində, Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğunun yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və tarix-mədəniyyət qoruqlarının mövcud fəaliyyətinin təhlili və inventarlaşdırılması ilə bağlı Tədbir Planında qeyd olunan işlər icra edilir. Həmçinin qeyd olunub ki, AMEA Naxçıvan Bölməsi tərəfindən araşdırma və tədqiqat işləri aparılmış 70-dən çox abidə adıçəkilən Qərarla təsdiq olunan siyahıda yer almayıb.

İclasda təklif olunub ki, Ekspert Şurasında təmsil olunan hər qurumun məsələ ilə bağlı öz daxilində işçi qrupu yaradılsın.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.12.2023 18:09