AZ EN RU

Hesablama Palatasının əməkdaşları EUROSAI-ın onlayn keçirilən XII Konqresində iştirak ediblər

Ali Audit Orqanlarının Avropa Təşkilatının (EUROSAI) onlayn formatda XII Konqresi keçirilib. Konqresdə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərliyi ilə palatanın əməkdaşları iştirak ediblər.
Hesablama Palatasından bildirilib ki, tədbir EUROSAI-ın Prezidenti Çexiya Ali Audit Orqanının rəhbəri Miloslav Kalanın açılış nitqi ilə başlayıb. Daha sonra EUROSAI-ın yeni Prezidenti, İsrailin Baş Müfəttişi və Ombudsmanı Matanyahu Englmanın salamlama nitqi ilə davam edib.
Rəsmi açılışdan sonra Plenar Sessiyanın gündəliyi, konqresin prosedur qaydaları və müşahidəçilərin siyahısı müzakirə edilib. 2021-2024-cü illər üzrə EUROSAI Prezidentliyinin Proqramının icrası barədə məlumat və katibliyin həmin dövr üzrə fəaliyyət hesabatı təqdim olunub. Həmçinin konqresdə EUROSAI-ın 2021-2024-cü illər üzrə Strateji Planının müzakirəsinə ayrılmış hissəsində strateji məqsədlərin və layihələrin icra vəziyyətindən, EUROSAI-ın İşçi və Xüsusi Qruplarının fəaliyyətindən bəhs edilib.
Eyni zamanda, EUROSAI-ın XIII Konqresinə ev sahibliyi edəcək qurumun müəyyən edilməsi, İdarə Heyətinə iki yeni üzvün seçilməsi, EUROSAI-ın iki yeni auditorunun təyin edilməsi kimi məsələlər müzakirəyə çıxarılıb.

Nəşr edilib : 29.05.2024 21:33