AZ EN RU

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Hesablama Palatası və Çin Xalq Respublikası Milli Audit Ofisi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Çində səfərdə olan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Çin Milli Audit Ofisinin Baş Auditoru Hou Kay imzlayıblar.
Sənədin məqsədi qurumlar arasında əlaqələrin daha da gücləndirilməsi və təcrübə mübadiləsinin təşkilidir.
V.Gülməmmədovun Hou Kay ilə görüşündə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə böyük inkişaf yolu keçərək möhkəm dostluq və iqtisadi əməkdaşlığın formalaşmasına təsir etdiyi vurğulanıb. Qeyd olunub ki, bu da öz növbəsində iki ölkənin ali audit orqanları arasında əməkdaşlığın inkişafını təşviq edir. Bildirilib ki, Hesablama Palatası və Çinin Milli Audit Ofisi arasındakı Anlaşma Memorandumunun imzalanması tərəflərin əməkdaşlığında əlamətdar hadisədir.
Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında, o cümlədən əməkdaşların bilik və bacarıqlarının artırılmasının təlimlər vasitəsilə həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, həmçinin qurumların fəaliyyəti barədə məlumatlandırıcı təqdimatlar edilib. Tərəflər Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) və Ali Audit Qurumlarının Asiya Təşkilatı (ASOSAI) da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Ali Audit Qurumlarının Asiya Təşkilatı Audit Komitəsinin üzvü olaraq Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ASOSAI maliyyə hesabatlarının auditinə dair hesabatı ASOSAI Katibliyini həyata keçirən Çin Milli Audit Ofisinə təqdim edib.

Nəşr edilib : 03.06.2024 20:27