AZ EN RU

Hesabat sərgisi keçirilib

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Gülnarə Hüseynovanın “Yaradıcı müəllim ömrü” adlı hesabat sərgisi keçirilib. 
    Əvvəlcə Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva tədbir iştirakçılarını salamlayaraq onları sərgi ilə yaxından tanış edib. Qeyd olunub ki, istedadlı rəssam 1964-cü il oktyabrın 5-də Naxçıvan şəhərində doğulub. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub, bir sıra uğurlara imza atıb. 

    Bildirilib ki, Gülnarə Hüseynova 1983-1986-cı illərdə Rəssamlar İttifaqında keçirilən bir çox  sərgilərdə yaxından istirak edib. 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 60 illiyinə həsr olunmuş sərgidə əsərləri nümayiş olunub, mətbuatda rəssam haqqında “Rənglərin simfoniyası” adlı məqalə çap olunmuşdur. Gülnarə Hüseynovanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2019-cu ildə Prezident mükafatına layiq görülüb. Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, Gülnarə Hüseynova atası Hüseyn Həsənoğlunun 2005-ci ildə çap olunmuş “Ermənilərin qanlı cinayəti” kitabının qrafik rəsmlərinin müəllifidir.
    Sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssam Cavid İsmayılov, Gülnarə Hüseynovaya gələcək yaradıcılığında uğurlar arzulayıb. Sonda Naxçıvan Dövlət Universitetinin və Müəllimlər İnstitutunun müəllim və  tələbə heyəti sərgi ilə yaxından tanış olub. 
    Qeyd edək ki, sərgidə 20 rəsm, 17 toxuma əl işi nümayiş olunub.    

Bülbül QULİYEVA

Nəşr edilib : 20.09.2022 19:18