AZ EN RU

Hərəmiz bir budağı, hərəmiz bir gövdəsi olaq bu “Qoca Çinar”ın

    Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazılan və ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında eşitdiyimiz “Dərələr” mahnısındakı “Əgər ki, yıxılsam, çinar göstərin” sözləri bu gün hər birimizin qəlbindəki sarı simə toxunur. Toxumları düşdüyü yerdə cücərən, müdriklik və güc simvolu olan çinar ağacına baxanda qeyri-ixtiyari olaraq Xalq şairi Rəsul Rzanın məşhur “Çinar” şeirini də xatırlamamaq mümkün olmur.

    Qədim türk inanclarına görə, ulu babamız Oğuz xan Çinar ağacına üz tutaraq deyib: “Hər oğuz boyu diriliş çinarının bir budağı, hər nəsil bu çinarın gövdəsi olacaq.” Oğuz boyları ona görə çinara bənzədilib ki, onlar da çinar kimi köklü, uzunömürlü və böyük gücə malik olub. Necə ki çinar yarpaqları müxtəlif Oğuz boylarına bənzədilib, Osmanlı imperiyası da müxtəlif mədəniyyətlər və millətlərdən ibarət olub. Bu səbəbdən də Osmanlı imperatorluğu qurulduğu gündən çinar simvolu imperatorluğun gücünü və uzunömürlüyünü təmsil edib. Məhz bu səbəbə görə imperiya çox vaxt “Çinar Dövləti” adlandırılırdı. 

    Ədalətli idarəetmə və müdriklik 
    simvolu: çinar

Qədim yunan mifologiyasında da Zevs və Heranın xoşbəxtliyi simvolizə etmək üçün çinar əkdiyi deyilir. Tarixin bütün dönəmində bu ağac ədalətli idarəetmə və müdriklik simvolu kimi istifadə olunub. Çinar ölməzlik, davamlılıq, əbədilik və müdriklik rəmzi olduğu üçün güc simvolu hesab edilir. Bu ağac Kaynazoy erasının üçüncü dövr relikt florasının yadigarı sayılır. Mezozoyun təbaşir dövrünün süxurlarında bu ağacların qalıqları tapılıb. Çinar çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu Şərqin, ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə Cənubun nəhəng ağacı adlandırırlar. Geniş və sıx çətirli olmaqla qışda yarpaqlarını tökür. Gövdəsi möhkəm olan Çinarın boyu 40-50 metrə, gövdəsinin çevrəsi 18 metrə çatır. Yarpaqları növbəli düzülüşlü, barmaqvari dilimlidir, uzun saplaqlıdır. Külək vasitəsilə uzaqlara sovruluraq toxumları düşdüyü yerdə daha da bərkiyir. 150-200 yaşında ömrünün ən məhsuldar dövrünü yaşayır. Yaşama müddəti 2000-2300 ilə qədərdir. Kiçik Qafqaz dağlarının cənub-şərq yamaclarında çinar ağaclarının təbii və yabanı yolla cücərib artması meşəçilik və nəbatat elmləri üçün böyük əhəmiyyətə malikdir. Çinar tezböyüyən ağacdır. Qələm vasitəsilə çoxaldılır və ömrü boyu pöhrə verir. Ağaclar qocalaraq yıxıldıqda bu pöhrələr böyüyərək ana ağacı əvəz edir.
    Çinarın insana və təbiətə çox faydası var. Çinar havanı təmizləyir, qocalığı, gücü və davamlılığı özündə ehtiva edir, o həm də ölümsüzlük simvolu hesab olunur. Çinar mülayim iqlimdə bitir və soyuğadavamlıdır, şaxtadan təsirlənmir. Çinarın böyümə dövrü, təxminən, 50-60 ildir. Araşdırmalara görə, bir çinar ildə orta hesabla 130 kiloqram oksigen istehsal edir. Ümumiyyətlə, çinarlar ətraf mühitə və insanlara faydaları ilə tanınır. Enli gövdəsi ilə hündür ağaclardan olan çinar, parlaq yarpaqları ilə çox nümayişkaranə görsənir. Kiçik bir toxumla əkilən çinar böyüdükcə son dərəcə əzəmətli ağaca çevrilir. 
    Tanınmış təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli Qərarı ilə Zəngilan rayonu ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Respublikamızda yayılan çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Bəzi mənbələrdə Bəsitçay vadisindəki çinar meşəsinin Avropada birinci, dünyada ikinci olduğu göstərilir. Dünyada ən böyük çinar meşəsinin Şimali Amerikada – Kanada ərazisində olduğu söylənir.
    Azərbaycanın hər yerində təbiət abidəsi olaraq çinarlar qorunur. Relikt bitki olan Şərq çinarı keçmiş SSRİ-nin “Qırmızı kitab”ına daxil edilib. Azərbaycan Respublikasının Zəngilan rayonu ərazisində yayılmış yabanı Şərq çinarı meşəsi dünyanın ən böyük meşə massividir. Bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir.
    Azərbaycanın Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada birinci meşədir. Cənubun nəhəng ağacı adlanan Zəngilan çinarı dünyada bitən 8 çinar növündəndir. 
    Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilan çinar meşəsi bütünlüklə Azərbaycana məxsus olub. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsini işğal etmişdilər. XX əsrin 90-cı illərində Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi Zəngilan çinar meşəsi də düşmən tərəfindən vəhşicəsinə talan edilib, ötən 30 il ərzində isə həmin meşələr qıralaraq satılıb.

    Çinar ətrafında çəkilən şəklin ilk təəssüratı

Xatırlayırsınızsa, Prezident cənab İlham Əliyev ötən il işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən rayonun sakinləri və ailəsi ilə birgə səmimi şəkillər çəkdirirdi. Lakin düşünməyin ki, Prezident cənab İlham Əliyevin səmimi görüntüləri ancaq xatirə üçün idi. Xeyr, səmimi şəkillərdə, videokadrlarda siyasi mesaj, məqsədyönlü strategiya, “donuzun sahibi”nə ünvanlanmış xəbərdarlıq mesajı var idi. Prezident ailəsi ilə birlikdə yaşı 100-200 il olan çinar ağacının ətrafında şəkil çəkdirməklə Ermənistan ictimaiyyətinə deyəcəyi sözləri bu kadrlar vasitəsilə ötürmüşdü. Bu mesajdan sonra Ermənistan mediası dünyaya car çəkdi ki, Prezident İlham Əliyev guya onlara məxsus ərazilərə gəlib. Onları qınamırıq. Çünki bir zamanlar Cıdır düzündə melodram hisslərlə yallı gedərkən həqiqəti görməkdə aciz idilər. Bəlkə də, düşünürlər ki, bir vaxtlar biz oralarda idik, amma indi nəinki Zəngilanın, hətta bütün Zəngəzur ərazisindəki çinar meşələrinin əsl sahibləri gəliblər. Çox çəkməz bu meşələrin, ağacların sahibləri erməniləri həmin çinar ağaclarını məhv etdiklərinə, kəsib satdıqlarına görə ibrəti-aləm olsun deyə cəzalandırar. Bəlkə də, budur qədim çinar ətrafında çəkilən şəklin ilk təəssüratı…

    Xocavənddə ziyarət olunan çinardan 
    Qərbi Azərbaycana ümid mesajı

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Təmizləmə prosesindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Şıx Dursun kəndində olarkən “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçirdilər. 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir. “Tenqri” sözü “Tanrı” sözünün qədim türk dilindəki deyiliş şəklidir. Qədim türklərin mifik təsəvvürlərinə görə, həyat ağacının kökündən dirilik suyu axır və ağacın yiyəsi, yəni əyəsi olan Ağ Ana, həm də həmin suyun sahibidir. Altaylıların inanclarına görə, yerin, dağın, meşənin, çayın, suyun da öz ruhları var.
    Tarixboyu ədalətə dayanıqlı hakimiyyət quran türklər əsrlər boyu Orta Asiya, Yaxın Şərq, Orta Avropa və bütün Şimali Afrikada hökmranlıq edərək Atabəylər, Səlcuqlar, Osmanlılar, Səfəvilər kimi tarixin danılmaz dövlət və imperatorluqlarını qurdular. Bu heyrətamiz tablo göstərir ki, türklər hər zaman böyük bir mədəniyyətə sahib olub. Tanrının bütün Kainata hakimliyini qəbul еdən türklər təkcə özlərinin dеyil, hakim olduqları bütün məmləkət, xalq və dinlərin hamisi kimi çıxış еtməyi özlərinə borc bilərək hakim olduqları minilliklər ərzində əmanətə sahib çıxıblar.
    Nə bilmək olar, Xocavənddə ziyarət olunan çinarın toxumlarını küləklər Dəmir qapı Dərbəndə, ana Təbrizə, ən əsası da Qərbi Azərbaycana sovuraraq torpağın qoynuna səpməyib? Eynilə Müzəffər Ali Baş Komandanın dediyi kimi: “Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 19.02.2024 15:05