AZ EN RU

Hərbi sahədə görülən işlər xidmətin nümunəvi təşkilində mühüm rol oynayır

    Bu gün güclü iqtisadiyyatı ilə regionda tanınan ölkəmiz həm də müasir və qüdrətli milli orduya malikdir.  Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hər bir peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir.  Bu gün görkəmli dövlət xadiminin ideyalarının yaşadıldığı muxtar respublikamızda bu müqəddəs peşə sahiblərinə xüsusi diqqət və qayğı göstərilir. Ordu quruculuğu tədbirləri uğurla davam etdirilir, zabitlərin xidmətlərinin nümunəvi təşkili və rahat yaşaması üçün ardıcıl tədbirlər görülür. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilir, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu sahədə görülən kompleks tədbirlər hesabına 44 günlük Vətən müharibəsində naxçıvanlı hərbçilər ordumuzla həmrəylik nümayiş etdirərək torpaqlarımızın azad olunmasında qəhrəmanlıq, cəsarət göstərdilər. 

    Muxtar respublikamızda ordu quruculuğu sahəsində işlər ötən il də uğurla həyata keçirilib. 2021-ci ildə Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, hərbi aerodromun, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi, Culfa və Şahbuz rayonlarında əsgər yataqxanalarının əsaslı təmiri başa çatdırılıb. “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binası yenidən qurulub, Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi tikilib. Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200”, Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı xidməti avtomobillər, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil, bir ailəyə isə xidməti mənzil təqdim olunub. 
    Hərbi sahədə görülən davamlı tədbirlər ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyədə qalmasına, möhkəmləndirilməsinə və qüdrətinin artmasına əhəmiyyətli təsirini göstərir.  

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.03.2022 20:27