AZ EN RU

Hərbi lisey kursantlarının əl işlərindən ibarət sərgi təşkil olunub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 101 ədəd rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. 
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Giriş sözü ilə tədbiri açıq elan edən Naxçıvan Müəllimlər İnstitutunun dosenti, sənətşünas Nizami Alıyev bildirib ki, sərgilənən işlər içərisində həm qrafika, həm də rəngkarlıq əsərləri, eləcə də texniki yaradıcılıq işləri yer tutur. Müxtəlif mövzularda nümayiş olunan işlər arasında vətənpərvərlik  mövzusunun üstünlük təşkil etməsi isə bizi daha çox sevindirdi. Biz bu gün buna daha da şahid olduq ki, kursantlarımız hərbi sirlərlə yanaşı, onlara yaradılan müxtəlif şəraitlərdən istifadə edərək yaradıcılığa da vaxt ayırırlar. 
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin rəisi Elşad Həsənov çıxış edərək təşkil olunan sərginin kollektivləri üçün sevincli bir hal olmasını vurğulayıb. Hərbi liseyin kollektivi olaraq kursantların vətənpərvərlik ruhunda tərbiyə olunması cəmiyyətimizə, dövlətimizə sağlam və Vətənini sevən gənclərin yetişdirilməsi kimi vacib tapşırığın yerinə yetirilməsi bizi qürurlandırır. Biz bu sərgi ilə həm də onu demək istəyirik ki, təhsilimizin nəticələri, digər göstəricilərimiz artıq bunu sübuta yetirir. Fərəh hissi keçiririk ki, bu gün kursantların düşüncə və bacarıqlarını geniş kütləyə təqdim edirik. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri İlhamə Nəzərova tədbirdə çıxış edərək bildirib ki, bu gün Azərbaycanın zabiti olmaq və bu ölkənin hərbi sistemində onun ərazi bütövlüyünü, onun suverenliyini qorumaq üçün inamla irəliləyən hər bir gənc ölkəmizin gənclər siyasətinin ən bariz və uğurlu örnəyidilər. 
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli bildirib ki,  Ümummilli Lider Heydər Əliyevin adını daşıyan hərbi liseyin kursantları nəinki rəsm əsərləri ilə, digər sahələrdə də öndə gedirlər. Onlar mütəmadi olaraq müxtəlif yarışlara qatılıb mükafatlara layiq görülürlər.
Digər çıxış edənlər də kursantların bu gün hərbi sirləri öyrənmələri ilə yanaşı, fərqli yaradıcı istiqamətlərə də nəzər salmalarını yüksək qiymətləndirib, onlara şərəfli yollarında müvəffəqiyyətlər arzulayıblar. 
Daha sonra rəsm və əl işləri sərgisində yer alan kursantlara Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplom və fəxri fərmanları təqdim olunaraq sərgiyə baxış keçirilib. 

                                                                         Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.05.2024 17:59