AZ EN RU

Hərbçilərlə növbəti yaddaqalan görüş

    Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordusu və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada yerləşən hərbi hissələrdən birində gənclərin zabit və əsgərlərimizlə görüşü keçirilib. 
    İştirakçılar öncə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordusunun zabiti Fariz Sərxanov dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlər səsləndirib. Nazirliyin əməkdaşı Valeh Mahmudov gənclərin iştirakı ilə şəhid ailələrinin ziyarət olunması, Vətən müharibəsi iştirakçıları və hazırda xidməti fəaliyyətini davam etdirən hərbçilərlə keçirilən görüşlərin ənənəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət-xalq-ordu birliyinin hamılıqla təcəssüm edildiyi Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir. 
    Qonaqlar təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra tədbirin proqramına uyğun olaraq hərbi hissə ilə tanışlıq, eləcə də qrup təchizatı, silah və texnikaların nümayişi təşkil olunub. Xüsusi təyinatlılar tərəfindən icra olunan əlbəyaxa döyüş, qrupun pusqu və basqın tapşırıqlarını yerinə yetirməsi ilə bağlı təlim-tapşırıqlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən ibarət yeni formalaşadırılan “Gülən üzlər” Şən və Hazırcavablar Klubu yumoristik səhnəcikləri ilə əsgər və zabitlərimizin üzündə təbəssüm yarada bilib. Tədbir zamanı fərqlənən gənclər fəxri fərmanla təltif ediliblər. Sonra konsert proqramı təşkil olunub. Tədbirin sonunda gənclər hərbçilərlə bərabər nahar ediblər. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.03.2023 22:20