AZ EN RU

Hərbçilərlə növbəti görüş

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu və “Gənc vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissələrdən birində gənclərin zabit və əsgərlərimizlə növbəti görüşü keçirilib. İştirakçılar öncə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Polkovnik-leytenant Anar Nəbiyev dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlər səsləndirib.     Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva gənclərin iştirakı ilə şəhid ailələrinin ziyarət olunması, Vətən müharibəsi iştirakçıları və hazırda xidməti fəaliyyətini davam etdirən hərbçilərlə keçirilən görüşlərin ənənəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət-xalq-ordu birliyinin hamılıqla təcəssüm edildiyi Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənc nəslin vətənpərvər ruhda böyüməsi, Azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir.
    Çıxışların ardınca görüşün proqramına uyğun olaraq iştirakçıların hərbi hissə ilə tanışlığı, eləcə də qrup təchizatı, silah və cihazların nümayişi təşkil olunub. Hərbçilərimiz tərəfindən icra olunan əlbəyaxa döyüş elementləri, müxtəlif təlim-tapşırıqlar izləyənlərin alqışları ilə qarşılanıb. 
    Hərbi hissənin özfəaliyyət kollektivi tərəfindən konsert proqramı da nümayiş etdirilib. Gənclərdən ibarət “Gülən üzlər” adlı şən və hazırcavablar klubu komik səhnəciklərlə hərbçilərimizə gülüş sovqatı ərməğan ediblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 20.12.2022 20:00