AZ EN RU

Hər yerdə iz buraxan qəhrəman Mətin!

Mətin Ramiz oğlu Hüseynov

27.10.1997-09.11.2020

Mətin çox mehriban və vətənpərvər idi. İlk dəfə atası Mətini qucağına alanda ona bir söz pıçıldadı. Qulağına dediyi ilk kəlimə o oldu ki, bu işlər bizlərdən keçdi. Vətəni azad etmək artıq sizlərə qaldı. Gün gələr, inşallah, bu torpaqlarımızı sizlər azad edərsiniz. 

Hətta atası lap balaca vaxtlarından iki qardaşın ikisinə də silah atmağı öyrədirdi. Deyirdi, öyrənsinlər ki, gələcəkdə silah səsinə qorxmasınlar. İgid kimi döyüşsünlər.
Çox natiq idi. Hətta akademiyada təhsil alarkən oranın jurnalisti olub. Çox yaxşı mühəndisliyi var idi. Yanına bir neçə material qoysan, ondan silah yığardı. Hərbi liseyə də, akademiyaya da yüksək balla daxil olmuşdu. Həm liseydə, həm də akademiyada manqa komandiri oldu.
Hərbi akademiyada təhsil aldığı müddətdə paltar və əşyalarını qoymaq üçün kirayə balaca bir yer var idi. Evin sahibi Mətin şəhid olduqdan sonra o evi sökdü. Ağlaya-ağlaya deyirdi ki, Mətinlə dünya var idi. İndi isə yoxdur. Mətin o qədər özünü sevdirən, hər kəsə hörmət bəsləyən biri idi.
Heç yadımızdan çıxmır. Hərbi liseyə qəbul olduqdan bir ay sonra oradan evə zəng gəldi. Zəng vurdular ki, sağ olun, belə bir vətənpərvər övlad yetişdirmisiniz. Dedilər ki, biz Mətini təhsil alması üçün xaricə göndərmək istəyirik. 
İşinə görə telefon əlaqələrimiz az-az olardı. 2020-ci il iyun ayında məzun oldu. Göndərdilər Ağcabədiyə. Uzun müddət danışa bilmədik. 
Döyüş yoldaşları danışır ki, həmişə özü qabaqda gedirdi. Heç kəsi irəli buraxmırdı. Oktyabrın 24-ü yaralanıb. İki dəfə yaralanıb. Yaralı olsa da, bir neçə yaralını döyüşdən çıxarıb. Sonra yenidən döyüşə qatılıb. 
Əsgəri danışırmış ki, noyabrın 7-si mən yaralandım. Mətin bizim komandirimiz idi. Sonuncu dəfə döyüşdə yaralandıqda Mətini görüb. Deyirdi ki, Mətin başımızın üstündə idi. Məni o yola saldı. Sonra ondan heç bir xəbər ala bilmədik.
Sonuncu dəfə noyabrın 2-si gecə idi bizə zəng vuranda. Sadəcə, dedi ki, hər şey yaxşıdır. Məndən nigaran qalmayın. Mətin bizi ömürlük nigaran qoyub getdi. Bu gedişi ilə həm də arxasında azad Vətən torpaqlarını yadigar buraxdı.

Nəşr edilib : 05.06.2024 14:25