AZ EN RU

Hər şey ədalətli olacaq

32 ildən sonra, yaxud 300 il keçsə də

    İlahi ədalət deyilən bir məfhum var. Düzdür, əksər hallarda beynəlxalq hüquq gücün tərəfində durur, ədaləti gözardı edir. Amma bu gün yaşadığımız dünyada, nəhayət,  ədaləti də gücün özü təmin edir. Necə ki Azərbaycan bunu etdi. Ədaləti bərpa etdi, addım-addım, zərrə-zərrə gətirdi. Həqiqət kar, kor, topal, lal olsa da, onu gətirmək üçün illərlə çəkilən zəhmətin, gərgin əməyin bəhrəsinə hər birimiz şahidlik etdik. 
    Tarix bizim taleyimizə Xocalı soyqırımı adlı bir dəhşəti yaşamağı yazdığı kimi, o tarixi dəyişib qalib xalq olaraq həmin günü Xocalıda yad etməyi də nəsib etdi. Həm də 32 ildən sonra. Bizə bu tarixi məcbur qəbul etdirəcəkmiş kimi davransalar da, Ali Baş Komandan o yazını pozdu və tarixi yenidən yazdı. Biz doğma torpağımıza qayıtdıq. Həm də Qərbin, erməni havadarlarının bizim əleyhimizə işləyən bütün cidd-cəhdlərinə, hətta bizə sanksiya tətbiq etmək qədər irəli gedə biləcək davranışlarına, əl atdıqları bütün siyasi-diplomatik yollara baxmayaraq. Mərdi-mərdanə onların qarşısında durub, hər kəsi yerinə oturdub, susdurub onlara bu qələbəni izlətdirdi, izləməyə məcbur etdi. 
    Azərbaycan Prezidentinin fevralın 26-da – Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərinə səfəri, Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, doğma torpaqlara qayıdışımızın, bu torpaqlara sahibliyimizin və qurub-yaradan xalq olmağımızın dünyaya növbəti bəyanı kimi tarixə yazıldı. 
    O da məlum gerçəkdir ki, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir və heç vaxt xalqımızın yaddaşından silinməyəcək, Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Azərbaycan xalqı, dövləti bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün çox səylər göstərdi və haqlı olaraq dünyadan ədalət tələb etdi. Əfsuslar olsun ki, Azərbaycanın “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı. 
    Xocalı soyqırımını inkar etmək isə ədalətsizlik və vicdansızlıqdan başqa bir şey deyil. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma cənab Prezidentin də tarixi görüşdə dediyi kimi: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
    İşğal dövründə köçkünlərlə görüşlərdə, hər bayramda, hər şad gündə səsləndirilən “gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik” fikirləri artıq reallığın tam özüdür. 2023-cü il oktyabrın 15-də – hakimiyyətinin 20-ci ilində Xocalıda Azərbaycan Bayrağını ərşə qaldıran cənab Prezident xalqımıza bu sevinci, xoşbəxtliyi nəsib etdi. 
    İndi Xocalıda böyük abadlıq işləri görülür. Hazırda beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtsa da, bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Ümummilli Liderin uzaqgörən strategiyasının davam etdirilməsi nəticəsində son 30 il ərzində görülmüş işlər, aparılan məqsədyönlü siyasət bu günü bu torpaqlarda yaşamaq üçün bizə imkan yaradıb. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Otuz iki ildən sonra biz Azərbaycanın hər bir guşəsinin, Qarabağın sahibi kimi dünyaya gücümüzü, həmrəyliyimizi, Qalib Sərkərdə ətrafında sıx birliyimizi əyani şəkildə növbəti dəfə sübut etdik. 
    Xocalı ictimaiyyəti ilə görüşündə Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilin noyabr zəfəri ilə bağlı xüsusi bir məqama da toxundu: “Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq”.
    Bəli, hər şey ədalətli oldu; Azərbaycanın ərazi bütövlüyü, hüquqları, suverenliyi çərçivəsində. Azərbaycan ədaləti özü təmin etdi. Baxmayaraq ki, onilliklər ərzində Azərbaycan dövləti çalışdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq gördük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik. İkinci Qarabağ müharibəsi bu ədalətin təntənəsi idi. Azərbaycan tərəfinin apardığı bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparıldı. Xalq öz lideri ətrafında bir yumruq kimi birləşərək düşmənin belini qırdı. 
    Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. 
    Azərbaycan Ordusu isə dəfələrlə və dəfələrlə sübut etdi ki, həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün sayılmayan əməliyyatları yerinə yetirir. İndi Ermənistan qəbul etməlidir ki, regionda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə, geostrateji proses baş verə bilməz. İki dəfə kapitulyasiyaya imza atmağa məcbur edilən Ermənistan əmin olmalıdır ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
    Bu gün biz Xocalıdayıq. Burada olmağımız isə tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur. Otuz iki il öncə Xocalıdan məğlub çıxan insanlar Xocalıya qalib olaraq gəlib. Bu qalibiyyəti qazandıran isə cənab Prezidentin rəhbərliyi,  sərkərdəliyi, müdrik siyasətidir. Ali Baş Komandan olaraq O bu qələbəni təkcə Azərbaycan xalqına yox, bütün Türk dünyasına qazandırdı. 
    Cənab Prezident ictimaiyyət nümayəndələri ilə görüşdə dedi ki: “Bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr – Xocalının, Xankəndinin azad olunması günüdür”. Buna görə də Xocalı soyqırımının 32-ci ildönümündə bu torpaqları ziyarət etmək, o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir missiyadır. 32 il sonra Novruzun ilk çərşənbəsində tonqallar yandırıldı Xocalıda. Yanan tonqallar o şaxtalı gecədə donan ruhlara bir məlhəm, bir işıq oldu. Yol göstərdi onlara, azadlığın yolunu göstərdi. 
    Bir qərinənin məşum sükutunu igidlərin ayaq səsi pozdu. Ali Baş Komandanın gur səsi pozdu, onun ərşə çəkdiyi bayrağın küləkdə dalğalanan səsi pozdu. İnşaat səsləri pozur indi bu sükutu və səbirsizliklə öz sakinlərini, doğmalarını gözləyir bu qədim yurd yeri, düşmən tapdağından azad, təmiz səmalı, çiçəklənmə yolunda inamla addımlayan Xocalı.
    Amma bu tarixi heç vaxt unutmayacağıq. Cənab Prezidentin dediyi kimi: “Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq”.

Məmməd BABAYEV 

Nəşr edilib : 04.03.2024 10:00