AZ EN RU

Hər kəsi özünə heyran edən şəhər

    Azərbaycanın incisi, Qarabağın gözü, qədim abidələrimizin məskənidir Şuşa. Hər bir vətəndaşımız üçün əzizdir, doğmadır bu şəhər. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi görkəmli şəxsiyyətlər diyarı, muğam sənətimizin beşiyidir Şuşa. Bütün Cənubi Qafqazın ən gözəl şəhəri, elm, mədəniyyət və ticarət mərkəzi olub Şuşamız. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu şəhər dağların arasında, möhkəm və keçilməz yerdə salınıb. Ona görə müəyyən vaxtlarda hücumlara məruz qalsa da, düşmənə təslim olmayıb, alınmaz qala kimi şöhrətini qoruyub saxlayıb. 

    Tarixi mənbələrə nəzər salsaq, görərik ki, əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşamız XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub. Buraya tacirlər Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Gəncədən zəy və meyvə, Naxçıvandan duz və bez parça gətirir, Şuşada yaşayan tacirlər isə Almaniyanın Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları olurdular. 50-dən artıq sənət sahəsinin inkişaf etdiyi Şuşada ipəkçilik, toxuculuq və xalçaçılıq əsas məşğuliyyət sahəsi olub. Boyaqçıların müxtəlif növ bitkilərdən istifadə edərək aldıqları rəng və rəng çalarları ornamentli və süjetli xalçaların toxunmasında istifadə edilirdi...
    XIX əsrin əvvəllərindən Şuşamızın başı üzərini qara buludlar aldı. Çar hökumətinin himayəsi ilə köçürülən ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladı. 1905-1906, 1918-1920-ci illərdə vətəndaşlarımıza qarşı qanlı terror və soyqırımı təşkil edildi. Sovet hakimiyyətinin qurulması ilə Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər Şuşanın azərbaycanlı əhalisinə qarşı repressiyalar törətdi. Şəhər sürətlə tənəzzül etməyə başladı, əhalinin sayı xeyli azaldı. Şuşamıza yenidən həyat verən, milli ruhu qaytaran ümummilli liderimiz Heydər Əliyev oldu. 1969-cu ildə ölkəmizə rəhbərlik edən görkəmli dövlət xadiminin fəaliyyətinin əsas istiqamətlərindən birini Qarabağda milli ruhun oyadılması təşkil edirdi. Şuşaya zəngin tarixi abidə, xalqımızın qəhrəmanlıq rəmzi kimi baxan ulu öndərimiz bu qədim yurd yeri haqqında deyirdi: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
    Şuşanın tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərən ulu  öndərimizin təşəbbüsü ilə görkəmli şair Molla Pənah Vaqifin məzarı üstündə abidə, məqbərə tikildi və 1982-ci il yanvarın 14-də ümummilli liderimizin iştirakı ilə məqbərənin, şairə Xurşidbanu Natəvanın abidəsi açıldı, ulu öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərinin qorunması ilə bağlı mühüm tövsiyələr verdi. Ümummilli liderimizin təşəbbüsü ilə Şuşadakı tarixi abidələrimizin bərpası, yeni yaşayış və inzibati binalar, böyük mehmanxana komplekslərinin tikilməsi ilə Şuşa kurort şəhərinə çevrilmiş, bununla belə şəhərdə yaşayan azərbaycanlıların həyat səviyyəsi yaxşılaşmış, milli ruh güclənmişdi…
    Lakin XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin ərazi iddiaları və Qarabağı işğal etmək cəhdləri digər torpaqlarımız kimi 1992-ci il mayın 8-də Şuşamızın da işğalı ilə nəticələndi. Şuşanın işğalı ilə neçə-neçə vətəndaşımız amansızlıqla qətlə yetirildi, yaralandı, sağlamlıqlarını itirdi, əsir və girov götürüldü, 20 mindən artıq sakin öz doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Məktəblər, kitabxanalar, mədəniyyət evləri, muzey, teatr, televiziya binaları, daş qutu qəbirlər, Şuşa qalasının divarları, mədrəsə, türbə və malikanələr, şair və yazıçıların evləri, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri və digər belə tarix mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən vəhşicəsinə məhv edildi…

    Şair Məmməd İsmayıl Şuşanın işğalını belə mənalandırırdı:

    Tanrım, bu nə keçmiş, nə gələcəkmiş, 
    Ona da ləkədi, buna da ləkə… 
    Yurdun sinəsində Şuşa ürəkmiş,
    Yaşaya bilərmi ürəksiz ölkə?!

     Ürəyimiz, ruhumuz düz 28 il Şuşa ilə bir döyündü. Düşmən Şuşamızı işğal etsə də, bu illər ərzində milli ruhunu, qürurunu əlindən ala bilmədi. Prezident cənab İlham Əliyev bu barədə demişdir: “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. Bəli, Şuşa illərdir, yolumuzu gözləyirdi, o gün gəldi, Şuşamıza qovuşduq. 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində igid, qeyrətli, rəşadətli Ordumuz, şəhidlərimiz canları-qanları bahasına Şuşamızı bizə qaytardı. Noyabrın 8-də əsgərlərimiz əliyalın, silahsız, öz dişi-dırnağı ilə sıldırım qayalar, dərələr-təpələr aşaraq Şuşamızı düşmən işğalından azad etdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Şəhidlər xiyabanından bu şad xəbəri verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Həmin gün bütün dünyaya yenilməz Azərbaycan əsgərinin gücü, qüdrəti, Vətənə sədaqəti nümunə oldu, dəmir yumruq ətrafında birləşən xalqımızın qüruru, ləyaqəti dirçəldi, Böyük Zəfərimizin möhürü vuruldu. Hamımızın həyatında ən xoşbəxt günlərdən biri olan Şuşa zəfəri bütün Azərbaycanda, eləcə də Naxçıvanımızda böyük sevinc və coşqu ilə qarşılandı. Hər bir vətəndaşımız əllərdə üçrəngli bayrağımızla küçələrə axışır, hamı bir ağızdan “Qarabağ Azərbaycandır!” “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlarla Qələbəni qeyd edirdilər. Şuşanın və digər torpaqlarımızın alınmasında naxçıvanlılar da böyük rəşadət göstərdilər. Ali Baş Komandan onların cəsarətini belə qiymətləndirmişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixi – Şuşanın işğaldan azad olunduğu gün Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilir. Şuşa azad olunduqdan dərhal sonra ölkə başçısının xüsusi tapşırıqlarına əsasən bərpa işlərinə başlanılıb, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilib. Dövlət başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu qədim Azərbaycan şəhəri, eyni zamanda 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin       2021-ci il yanvarın 14-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltması bütün azərbaycanlıların qürur və sevinc göz yaşlarına səbəb oldu. Xalqımızın sevimli bayramı olan Novruz bayramı ərəfəsində Cıdır düzündə bayram tonqalı alovlandırıldı, Şuşamıza milli ruh, milli ənənələr qaytarıldı. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi böyük rəmzi məna daşımaqla həm də gələcək iş birliyimizin istiqamətini müəyyənləşdirdi. 2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd – “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı və Şuşa şəhəri Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi. Həmçinin qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki mədəni həyatına qovuşur. 
    Bu il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə təşkil edilən ilk qurultay zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəyi, xalqımızın öz dədə-baba torpaqlarına qayıdacağı ilə bağlı fikirlərinin öz təsdiqini tapdığının, cənab Prezidentimizin ata vəsiyyətini yerinə yetirdiyinin bir daha sübutu idi. 
    Dövlət başçısı tərəfindən “Şuşa ili” elan edilən 2022-ci il həm də Şuşa şəhərinin 270 illiyi ilə əlamətdardır. Bu gün Şuşamız müasir quruculuq və bərpa dövrünü yaşayır. Bu yerdə Xalq şairimiz Rəsul Rzanın “Şuşam mənim” şeirindən bir parçanı sizinlə bölüşmək istərdim:

        Tarixinlə öyünürəm,
        Bu gününlə sevinirəm.
        Fərəhinlə fərəhliyəm.
        Yorulmaram,
        gəlhagəlli,
        incə telli
        büsatından yüz gün deyəm.
        Şuşam mənim!
        Mətanətlə, dəyanətlə 
        səxavətlə qoşam mənim!

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 01.11.2022 17:54