AZ EN RU

Hər kəsi igidliyi ilə heyran etdi

Elməddin Bahaddin oğlu Meydanov

11.09.1989 – 27.10.2020

Elməddin balaca vaxtından kitabları sevirdi. Üçüncü sinifdə oxuyanda Türkiyəyə köçdük. Yeddinci sinfə qədər orada təhsil aldı. Sonra təhsilini Vərməziyar kəndində davam etdirdi. Hərbi liseyə daxil olub, oranı fərqlənmə ilə bitirdi. Sonra AHM-ə daxil oldu. Akademiyada sərhəd qoşunlarını seçdi. Balaca vaxtından deyirdi ki, mən komandir olacağam. Oldu da. Elə bir igid komandir ki hər kəsi öz igidliyi ilə heyran etdi.

Yaxşı xidmətinə görə tez bir vaxtda Elməddinin rütbəsini yüksəltdilər. Həm də çox zəhmətkeş idi. Qulluq etdiyi yerdə bir iz qoyurdu. Hərbi hissələrin birində bağ da salmışdı. Deyirdim ki,  ay Elməddin, bunu neynirsən? Deyirdi ki, buraya gələndə bu kölgədə dincələcəyəm. Qoy məndən xatirə qalsın. Desinlər ki, burada Elməddin işləyib. Bu bağı o salıb.
Elməddini tələbkar bir zabit kimi tanıyırdılar. 2020-ci ildə yaxşı xidmət etdiyi üçün təyinatı Sərhəd Qoşunları Akademiyasına verildi. Orada müəllim kimi fəaliyyət göstərəcəkdi. Amma iyul hadisələrindən sonra bu təyinat dayandırılır. Elməddin təlimlərə, oradan da döyüş bölgəsinə gedir.
Sentyabrın 11-də doğum günü idi Elməddinin. Telefonla danışırdıq. Dedi ki, ana, gəl söhbət edək. Dedim ki, nə söhbət. Cavab verdi ki,  heç nə, ana-bala kimi söhbət edək. Doyunca danışdıq telefonla. İstəyirdim ki, daha çox o danışsın. Ona görə arabir susurdum. Elə hey deyirdi, ana, danış səsini eşidim. Dedim ki, telefonu ver Səmaya. Cavab verdi ki, ana, Səmanı çox görəcəksən, mənimlə danış. Birdən qayıtdı ki,  ana, gəl halallaşaq. Mən də dedim ki, ay oğul, bu nə sözdür? Dedi, ana, ola bilər də. Dedim, ay Elməddin, sənə neyləmişəm halalın olsun. Dedi, ana, bu mənə bəsdir daha, mən elə bunu istəyirdim. Bir də onu dedi ki, ana, mənə heç vaxt zəng vurma, mən təlimdəyəm, gələn kimi özüm sənə zəng vuracağam.
Bax belə oğul idi mənim igid, qəhrəman Elməddinim. Çox qürurlu, çox da dərdliyik. Nə deyim, Vətən sağ olsun!

Nəşr edilib : 22.04.2024 14:22