AZ EN RU

Hər kəsi düşündürən məsələyə vətəndaş münasibəti...

    Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 22-də imzaladığı müvafiq Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının dövlət idarəçiliyi sistemində reallaşdırılan dəyişikliklər burada əvvəllər bir sıra sahələrdə mövcud olmuş nöqsanların artıq aradan qaldırılmasına imkanlar açmaqdadır. Bu baxımdan xüsusi diqqətçəkən məsələ gündəlik ən çox istifadə olunan sərnişin nəqliyyatı ilə bağlıdır. 
    Hamımıza yaxşı məlumdur ki, ötən ilin yaz aylarından Naxçıvan şəhər daxilində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qiymət heç bir hüquqi əsası olmadan 40 qəpiyə qaldırılmışdı. Sərnişinlərin haqlı narazılıqlarına baxmayaraq, məsələ uzun müddət həllini tapmamışdı. Lakin aparılan islahatlarla bağlı həmin qaranlıq məqamın da üzərinə işıq düşdü. Belə ki, “Şərq qapısı” qəzetinin 29 dekabr 2022-ci il sayında işıq üzü görən “Naxçıvan şəhər sakinləri yeni avtobuslarına nə zaman sahib olacaqlar?” sərlövhəli tənqidi yazıdan sonra aidiyyəti dövlət qurumları tərəfindən məsələyə dərhal reaksiya verildi. Beləliklə də, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nə əsasən sakinlər 40 qəpik deyil, 30 qəpik ödəməyə başladılar. Aradakı fərq bir sərnişin üçün kiçik görünsə də, bu məbləğ mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən, xüsusilə də aztəminatlı, çoxuşaqlı ailələrə görə böyük əhəmiyyət kəsb edir. Atalar demişkən dama-dama göl olar...
    Bu günlərdə şəhərdaxili nəqliyyatdan mütəmadi olaraq istifadə edən sakinlərdən bir neçəsinin qiymət tənzimlənməsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Yaşı 60-a yaxın olan Tərifə Məmmədova deyir ki, ölkəmizin hərtərəfli inkişafı nəticəsində yaşadığım Tumbul kəndi də abad yaşayış məntəqəsinə çevrilib. Yollarımız müasir infrastruktura uyğun salınıb, kənd sakinlərin gediş-gəlişinə xidmət edən marşrut xətti ilə təmin olunub. Ötən ilə qədər sərnişin avtobusu ilə sərfəli qiymətə vaxtlı-vaxtında gedəcəyimiz ünvana yola düşürdük. Lakin 2022-ci ilin yaz aylarından heç bir qanuni əsası göstərilmədən avtobuslara “gediş haqqı-40 qəpik” yazısı vuruldu. Biz də oxumuş, dünyagörmüş insanlarıq, yaxşı bilirik ki, belə bir məsələ ölkə üzrə ya “Tarif Şurası”nın ya da Nazirlər Kabinetinin Qərarına əsasən tənzimlənir. Lakin bunların heç biri olmadan, televiziyada, mətbuatda bu barədə əhaliyə məlumat verilmədən qiymət qaldırılması absurd məsələdir. Dəfələrlə bununla bağlı sürücülərdən hüquqi sənəd tələb etsək də, heç bir müsbət cavab ala bilmədik. “Hamı necə, biz də elə” prinsipi ilə mövcud vəziyyətlə barışmalı olduq. Övladı universitetdə təhsil alan, nəvələrini gündəlik məktəbə, bağçaya aparıb gətirən bir nənə kimi bu xoşagəlməz hal həm maddi, həm də mənəvi cəhətdən mənə pis təsir göstərdi. Ancaq şükürlər olsun ki, maddi sıxıntılara yol açan bu hal uzun sürmədi. Ölkə Prezidentinin muxtar respublikanın dövlət idarəçiliyində etdiyi dəyişiklikdən bir neçə gün sonra ictimai nəzarətin gücləndirilməsi sayəsində problem öz həllini tapdı. Mən özüm qiymətin tənzimlənməsi xəbərini bir televiziya kanalından eşitsəm də, nəvələrim ondan bir gün öncə internet saytından “Şərq qapısı” qəzetində dərc olunan tənqidi yazını və aidiyyəti təşkilatın həmin yazıya operativ cavabını göstərərək şad xəbəri vermişdilər. Sevindirici haldır ki, indi hər bir sərnişin avtobusdan qanunun tələbinə uyğun gediş haqqı ödəyərək istifadə edir...
    Xəyalə Vəliyeva ailəlidir, iki övladı var. Həyat yoldaşı da, özü də dövlət işində çalışır, hər gün övladlarının birini məktəbə, digərini isə bağçaya aparır. Ailə gündəlik azı 4-5 dəfə ictimai nəqliyyatdan istifadə etməli olur. Xəyalə xanım maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edən bu addımı yüksək qiymətləndirərək deyir: – Artıq bir neçə ildir, ictimai nəqliyyatın imkanlarından ailəlikcə faydalanırıq. Qiymət münasib olduğu üçün tanıdığım onlarla ailə də mütəmadi olaraq avtobuslardan istifadə edir. Ötən ilin yazından heç bir əsaslı səbəb göstərilmədən gediş haqqının 40 qəpiyə qaldırılması, xüsusilə ailəsi böyük, təminatı az olanlar üçün çətinlik yaratmağa başladı. Sərnişinlər haqlı narazılıqlar etsə də, etika xatirinə məcburi şəkildə 40 qəpik ödəməli oldular. Başqa sözlə, vəziyyətlə barışmaqdan başqa çıxış yolları qalmadı. Böyüklərimizdən belə bir deyim var ki, haqq nazilər, amma üzülməz. Üzülmədi də. 2022-ci ilin sonlarına yaxın cənab Prezidentimizin muxtar respublikamızın gələcəyini düşünərək idarəetmə strukturu ilə bağlı etdiyi dəyişiklik məlum problemin də aradan qaldırılmasına imkan yaratdı. Sizin qəzetiniz vasitəsilə qaldırdığınız məsələyə dərhal müsbət reaksiya verildi və qiymətlər qanunamüvafiq formada tənzimləndi. İndi mənimlə bərabər, hər bir sərnişin bu addımı ürəkdən alqışlayır.
    Tərtər rayonundan olan Paşa Adıgözəlov Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə 4-cü kursunda təhsil alır. O deyir: – Ali təhsil ocağında mənim kimi ölkəmizin digər bölgələrindən gələn onlarla tələbə oxuyur. Təbii ki, gündəlik ən çox istifadə etdiyimiz nəqliyyat vasitəsi sərnişin avtobuslarıdır. Marşrut xətlərinin əksəriyyətinin universitetə yaxın ərazidən keçməsi rahatlığımızı təmin etsə də, ötən ildən gediş haqqının artımı bizim də maddi vəziyyətimizə təsir göstərdi. İlk baxışdan artım cüzi miqdarda görünsə də, mütəmadi istifadə edən biz tələbələr üçün bu böyük fərq deməkdir. Şəxsən bir tələbə kimi mənim özümdə qalacaq bu məbləğ digər xərclərimi təmin etmək üçün  vəsaitdir. Məhz bu səbəbdən qiymətlərin qanunamüvafiq şəkildə əvvəlki tarifə qaytarılması məni çox sevindirdi.
    Göründüyü kimi şəhərdaxili marşrut avtobuslarından mütəmadi istifadə edən insanlarla söhbətimizdə hər kəs ümumi rifaha xidmət edən addımı ürəkdən alqışladı, öz təşəkkürlərini bildirdi. Və bir daha aydın oldu ki, sakinlər muxtar respublikamızda həyata keçirilən islahatların onların rifahına xidmət edəcəyinə əmindirlər və bunun üçün üzərlərinə düşən vətəndaşlıq borclarını layiqincə yerinə yetirməyə hazırdırlar. Biz də ictimai nəzarət funksiyasında həmişə öncül olmuş mətbuatın nümayəndəsi kimi bundan sonra da qanunamüvafiq tədbirlərin həyata keçirilməsinə öz dəstəyimizi göstərməyə çalışacağıq...

Nail ƏSGƏROV

Nəşr edilib : 06.01.2023 19:35