AZ EN RU

Hər kəsə əl tutan böyük ürəkli şəhidimiz

Qurban Namiq oğlu İbrahimov

(05.06.1998-04.11.2020)

Onun heç bir xatirəsi gözümün önündən getmir. Saatlarla xəyalıma gətirirəm. Oturub o xatirələrdən nə qədər istəsəniz danışaram. Onu qucağıma aldığım ilk gündən son günə kimi. Bu gün məni yaşadan da o xatirələrdir. 

Qardaşları hərbçidirlər. Ona görə də istəmirdim ki, Qurban da hərbçi olsun. Amma özü dedi ki, ana, xahiş edirəm bu işimə qarışmayın... 
Aldığı maaşı özünə xərcləmirdi. Bir neçə dostu ilə yığışıb imkansız ailələrə yardım edirdilər. Hətta bəzən özü ərzaq alıb aparıb bir uşağa verərdi. Özü də deyərmiş ki, deyin bir Allah bəndəsi göndərib. Qurban o böyüklükdə ürəyə sahib idi. Gözü-könlü də tox... Dünya malında gözü yox idi. Paltarı tam köhnəlməyənə qədər təzəsini almazdı.
Sonuncu dəfə evdən gedəndə bütün qış paltarlarını evə qoydu. Dedi ki, ana, mən təlimə gedirəm. Elə olar ki, yubanaram. Yuxarıda uşaqlarla birlikdə təlim keçəcəyik. Səhəri gözlədim. Fikirləşdim ki, ya gəlib yemək aparar, ya da göndərərəm. Zəng vurdu ki, ana, dağa gedirik. Dedim ki, a bala, bəs sən qış paltarlarını evə qoydun axı. Orada nə geyinəcəksən? Dedi ki, ana, orada paltar var. Demə, oğlum Qarabağa gedən təyyarənin yanında dayanıb mənimlə danışırmış.
Beləcə, döyüşə getdiyini məndən gizlətdi. Mən bir şəhidin yasında onun döyüşdə olduğunu öyrəndim. Yasda dedilər ki, kənddəki uşaqlardan da Bakıya aparıblar. Qurban da onlarla gedib. O biri oğlumun üstünə qaçdım. Oğlum məni qucaqladı. “Ağlama”, – dedi. Qurban heç kəsdən əskik oğul deyil. O, Qarabağdadır. Vətən üçün döyüşür. Lazım gələrsə, biz də gedəcəyik. 
Oğul kimi heç vaxt xətrimə dəymədi. Bilirsən, nə arzulayıram? Kaş ki Qurban bir dəfə də olsun xətrimə dəyərdi. Amma o mənə elə oğul oldu ki, ruhumu belə incitmədi. Lakin yoxluğu ilə məni yarım qoydu. Özünü isə Vətənə qurban verdi. 

Nəşr edilib : 12.04.2024 14:30