AZ EN RU

Hər kəs əlindən gələni, könlündən qopanı ilə qardaşlıq və sevgisini bildirir

    Türkiyə və Azərbaycanı bir-birinə bağlayan qırılmaz tellər yüz illərdir, bütün dünya ölkələrini, xalqlarını heyran qoyur. Türk dünyasının dahi öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət iki dövlətik” kəlamları bu iki xalqın dost yox, qardaş olduğunu daim sübut edib. Çünki dost ifadəsi  sonradan tanış olan insanlar üçün deyilir. Qardaş isə bir ananın iki oğludur. Biz buna 1918-ci ildə də, Vətən müharibəsində də, Çanaqqala savaşında da, ötən il Türkiyədə baş verən meşə yanğınları zamanı bir daha şahidlik  etdik. Bu gün də edirik. 
    Artıq üç gündür ki, qardaş ölkə baş verən güclü zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışır. Ölkə başçımız, Prezident cənab İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsinə yola düşən 370 nəfərdən ibarət çevik xilasetmə dəstəsi zəlzələ baş verən ərazidə axtarış və xilasetmə dəstələri ilə birlikdə can qardaşlarımızın imdadına yetişir. Bununla kifayətlənməyən xalqımızın hər bir üzvü qardaş ölkədə baş verən təbii fəlakətin qurbanlarına əlindən gələn yardımı etməyə çalışır. Muxtar respublika sakinləri də dünən səhərdən başlayaraq zərərçəkənlərə əlindən gələn yardımı çatdırır. Hər kəs zəlzələ nəticəsində evsiz qalan  qardaşlarımızın köməyinə yetişmək üçün can atır. Kimi yorğan-döşək, kimi uşaq, böyük isti geyimləri, kimi isə maddi yardımı ilə oradakı insanlara kömək etməyə çalışır. Hər kəs əlindən gələni, könlündən qopanı Türkiyə Respublikasının Naxçıvan Baş Konsulluğuna təhvil verir. Yığılan isti geyim və məişət əşyalarının yaxın saatlarda qardaş ölkəyə göndəriləcəyi bildirilir. 
    Qardaş ölkənin Baş Konsulluğunda olarkən  böyükdənkiçiyə hər kəsin yardıma can atdığına şahidlik etdik. 
    Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya “Şərq qapısı” qəzetinə müsahibəsində bu çətin günlərin geridə qalacağına ümidvar olduğunu bildirdi: – Bütün naxçıvanlı qardaşlarımızı salamlayıram. Zəlzələ xəbəri eşidiləndən sonra bütün Naxçıvan sakinləri, başda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, baş nazir və digər vəzifəli şəxslər baş konsulluğa və mənə zəng edərək başsağlığı verdilər. Buradan hər birinə ayrı-ayrı minnətdarlığımı bildirirəm. Türkiyə tarixinin ən böyük zəlzələsi ilə qarşı-qarşıyayıq, beynəlxalq yardımlara ehtiyacımız var. Sosial hesablarımızdan həm bank hesablarımızı, həm də ehtiyac duyduğumuz ləvazimatların siyahısını paylaşdıq. Bu xəbərdən sonra naxçıvanlı qardaşlarımız lazım olan ləvazimatları buraya gətirməyə başlayıblar. Baş konsulluğun ərazisində bu qədər ləvazimata yer yoxdur. Odur ki, başqa bir yer müəyyənləşdirəcəyik. Naxçıvanlı qardaşlarımızın da sayəsində ən qısa zamanda toplanan ləvazimatları Türkiyəyə göndərəcəyik. Yardım edən bütün qardaşlarımıza təşəkkür edirəm. İnşallah, başda Azərbaycan olmaqla, dostlarımızın dəstəyilə bu çətin günləri geridə qoyacağıq.
    Yardım üçün buraya toplaşan bir neçə həmvətənlimiz ilə həmsöhbət olduq. Naxçıvan şəhər sakini, 60 yaşlı Sürəyya Əliyeva fikirlərini bizimlə bölüşdü. O dedi:
    – Bizim ən yaxın qonşumuz, dostumuz, qardaşımız Türkiyə Respublikasıdır. Xalqlarımız əsrlərboyu bir-birinə dayaq olub. Dar gündə də, xoş gündə də bir-birimizə dəstək göstərmişik. İllər əvvəl, çətin günlərimizdə “Ümid” körpüsü açılanda qardaş ölkənin sakinləri bizi bağrına basdı. Biz Vətən müharibəsində də necə qırılmaz tellərlə bir-birimizə bağlı olduğumuzu gördük. Türk qardaşlarımız bizimlə birlikdə 44 gün həm sevindi, həm də kədərləndi. Onlar bizim can qardaş, bacılarımızdır.  Bu gün əlimizdən gələn hər bir dəstəyi göstərməyə hazırıq. İmkan olsa, gedib həmin zəlzələ bölgəsində dağılan binaları əllərimizlə qazıb dağıntılar altında qalan can parçalarımızı çıxararıq. Hər saat o dağıntıların altından insanların sağ-salamat çıxması üçün dua edirik. Tanrı türk xalqını qorusun!
    Şərur rayon sakini Oktay Tağıyev də buraya isti geyim və başqa ləvazimatlar gətirib. Onun dediklərindən:
    – Bu gün qardaşlığın, bir ananın iki oğlu olmamızın bir daha sübuta yetdiyi günlərdən biridir. Qardaş ölkədə baş verən təbii fəlakətin nəticələri hər birimizi dərindən sarsıtdı. Dağıntılar arasında qalan hər bir sakinin ağrısını öz qəlbimizdə hiss edirik. Onlara əl uzatmaq, kömək etmək borcumuzdur. Əlimizdən gələni edirik ki, qardaşlarımıza az da olsa, köməyimiz dəysin. 
    Bu gün burada bir daha şahid olduq ki, xalqlarımız həmişə bir-birinə dayaq olub və bu həmişə belə olacaq. İnanırıq ki, tarixin bütün dönəmlərində olduğu kimi, indiki çətin sınaqdan da birliyimiz sayəsində alnıaçıq, üzüağ çıxacağıq. Aprel döyüşlərində və Vətən müharibəsində xalqımız bir olub cəbhədə döyüşən oğullarımıza əlindən gələn hər dəstəyi göstərdi. Bu gün də eyni həmrəyliyi görmək qəlbimizi qürur hissi ilə doldurdu. Bir daha gördük ki, türk xalqı azərbaycanlılar üçün dəyərlidir.
    Naxçıvanlıların qardaş xalqa yardım məqsədilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna axını davam edir. Qeyd edək ki, yardım kampaniyası fevral ayının 12-dək  davam edəcək.

Ramiyyə ƏKBƏROVA

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.02.2023 16:01