AZ EN RU

Hər gün bir yenilik Şərurun hüsnünü daha da gözəlləşdirir - FOTOLAR

    ...Nə qədər cəld tərpənsəm də, operativ işləməyə səy göstərsəm də, Şərur haqqında hazırladığım bu yazının əl-ayağını mümkün qədər tez yığışdırmağa çalışsam da, əmin olduğum şəksiz bir həqiqət var: bu yazı qəzetdə çap olunana qədər Şərurda, necə deyərlər, az qala bir qəzetlik yenilik olacaq. Məsələnin sirri, sehri, mahiyyəti ondadır ki, Şərurda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürəti, həyata keçirilən tədbirlərin dinamikası ilə ayaqlaşmaq qeyri-mümkündür. Səbəbi isə çox sadədir: Şərurda sürət və dinamika aylarla, illərlə yox, həftələrlə, günlərlə, hətta saatlarla ölçülür.

    Bütün bu inkişaf, irəliləyiş boş yerdən yaranmayıb, ümummilli ­liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı iqtisadi baza günümüzdə də davam etməkdədir. Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə bütün respublika kimi, Şərur da sürətli inkişaf yoluna qədəm qoyub. Əhalinin gün-güzəranı, yaşayış tərzi də o illərdə irəliyə doğru xeyli dəyişib. Möhrə, palçıq, uçuq daxmaların əvəzində kəndlərdə mişardaşından gözəl və yaraşıqlı, ikimərtəbəli şəxsi evlər tikilib. Dövlət səviyyəsində yaşayış məskənlərinin, xüsusən də kəndlərin sosial-iqtisadi problemlərinin həlli diqqət mərkəzində saxlanılıb. Kəndlərin əksəriyyətində müasirtipli, hər cür şəraiti olan iki-üçmərtəbəli təhsil ocaqları ucaldılıb, səhiyyə, mədəniyyət, ticarət, iaşə, məişət xidməti müəssisələri inşa olunub. İstehsalatda fərqlənən neçə-neçə əmək adamı yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görülüb.
    Müdriklər həmişə keçmişə nəzər salır, onu öyrənirlər. Azərbaycanın isə tarixi qədimdir, qəhrəmanlıqlarla dolu şanlı səhifələri var. Ancaq tarix tarixdir, necə deyərlər, onun yaxşısı da, pisi də özümüzünküdür. Bu mənada, ötən əsrin 90-cı illərindəki hadisələr hər birimiz üçün ibrət dərsi olmalıdır. O zaman hərc-mərclik, xaos, özbaşınalıq hökm sürürdü. Müstəqilliyə təzəcə qovuşmuş ölkəyə təcrübəsiz, səriştəsiz adamlar rəhbərlik edirdilər. Digər bölgələrimiz kimi, Şərur rayonu da acınacaqlı günlərini yaşayırdı. Dinc əhali boğaza yığılmışdı. Hətta hava qaraldıqdan sonra küçəyə çıxmaq təhlükəli idi. SSRİ-nin süqutu ilə müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin kəsilməsi nəticəsində əksər müəssisələr fəaliyyətini dayandırmış, adamlar işsiz qalmışdılar. Rayon camaatı çıxış yolunu həyatın sınaqlarından mərdliklə çıxmış, bütün varlığı ilə doğma xalqına bağlı olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Belə də oldu, ulu öndər respublikada hakimiyyətə qayıtdı. Onun polad iradəsi, uzaqgörən siyasəti, gərgin əməyi sayəsində həyat addım-addım məcrasına düşməyə başladı, həyat canlandı, insanlar rahat nəfəs almağa başladı, xüsusilə 1995-ci ildən, yəni ölkədə ictimai-siyasi sabitlik tam bərpa olunandan sonra bu rayonun da sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yeni intibah dövrü başlandı.

Hər sahədə tərəqqi, hər sahədə yüksəliş var

Təbii ki, muxtar respublika Ali Məclisi Sədrinin görülüb başa çatdırılmış işlərə verdiyi yüksək qiymət şərurlulara qol-qanad verir, onları ikiqat, üçqat səy və fədakarlıqla çalışmağa ruhlandırır. Bütün bunlar isə özünü cari ilin birinci yarısında əldə edilmiş konkret nəticələrdə göstərir. Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün cari ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 656,8 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 1 faiz artaraq 37 milyon 467,7 min manat təşkil etmişdir.
    Bu dövrdə, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə rayonumuzda yeni inşa edilən Mədəniyyət Sarayının və yenidən qurulması başa çatan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası Naxçıvan Muxtar Respublikası Ali  Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilmişdir.
    Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Şərur rayonunda yerləşən 1-ci sərhəd komendantlığının xidməti və yaşayış kompleksi istifadəyə verilmişdir. Hazırda isə Alışar kəndində “N” Sərhəd Zastavasında tikinti işləri davam etdirilir.
    Cari ildə Şərurda sənaye məhəlləsinin, avtovağzal binasının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Uşaq Kitabxanasının, Universam binasının, mərkəzi stadionun, Heydər Parkının, Şərur şəhərinin Mikayıl Müşfiq küçəsindəki yaşayış binalarının, 3 meqavatlıq Günəş Elektrik Stansiyasının, 6 mərtəbədən ibarət 40 mənzilli yaşayış binasının, dəmir yolu idarəsinin dövriyyə deposunun inzibati binası və təmir sexinin tikintisi, yenidən qurulması və əsaslı təmir işləri davam etdirilir.
    Tikinti-quruculuq işləri Şərurun kəndlərində də geniş vüsət alıb. Həmzəli kəndində 198, Alışarda 342, Vərməziyarda 414 şagird yerlik məktəb binaları yenidən qurulur, Həmzəli və Vərməziyarda kənd və xidmət mərkəzləri, Axurada kənd mərkəzi və həkim ambulatoriyası inşa edilir.
    Muxtar respublikamızda geniş vüsət almış quruculuq tədbirləri sırasında yeni yolların çəkilişi, körpülərin salınması diqqət mərkəzində saxlanılır. Xüsusən də ucqar dağ və sərhəd yaşayış məntəqələrimizə gedən yollar bu gün öz rahatlığı ilə seçilir. Səkkiz yaşayış məntəqəsini birləşdirən Xanlıqlar-Dəmirçi avtomobil yolu, Xanlıqlar-Yuxarı Daşarx köməkçi avtomobil yolu, Həmzəli, Axura və Alışar kənddaxili avtomobil yollarında tikinti işləri sürətlə davam edir.
    Bir sözlə, Şərur bu gün dinamik inkişaf yolundadır. Rayon mərkəzi ilə yanaşı, yaxın və uzaq kəndlərdə də hər gün bir yenilik görünür, yaşayış məntəqələri daha gözəl, daha yaraşıqlı görkəm alır.

Aqrar sahə: göstəricilər uğurludur

Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bir az da bu sahə haqqında yazmaq istərdim. Rayonda aqrar sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara güzəşt və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaradıb. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi dəyəri 248 min manatdan yuxarı olan 28 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları lizinq yolu ilə satılmış, sahələrdə məhsuldarlığın artırılması üçün torpaq mülkiyyətçilərinə dövlət tərəfindən 2 min 894 ton gübrənin verilməsi təmin olunmuşdur. Göründüyü kimi, aqrar sahənin inkişafına yönəldilmiş Dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlərlə, toxum və gübrə ilə təminatı yaxşılaşdırılıb.
    Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin məhsulu üçün 16 min 234 hektar sahədə əkin aparılıb ki, bunun da 4 min 38 hektarını taxıl zəmiləri təşkil edib. Biçin vaxtında başa çatdırılıb, 16 min 484 ton taxıl istehsal olunub. Bu, hər hektardan 40,8 sentner məhsul deməkdir. Əkin sahəsinin 4 min 367 hektarını dənli və dənli-paxlalı bitkilər, 1032 hektarını dən üçün qarğıdalı, 68 hektarını dən üçün günəbaxan, 2 min 58 hektarını tərəvəz bitkiləri, 488 hektarını ərzaq üçün bostan bitkiləri, 1376 hektarını kartof, 8 hektarını tütün, 4 min 884 hektarını cari ildə əkilmiş çoxillik otlar, 1953 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yaz aylarında 6,7 hektar yeni bağ salınıb, 4,5 hektar meyvə bağında bərpa işləri aparılıb.
    İndiyədək bağlardan 9 min 612 ton meyvə dərilib, kartof və tərəvəz yığımı davam edir.

“Sənaye ili”: 2022-ci il

Muxtar respublikanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaqdır. Bu sahədə görülən tədbirlərin davamı olaraq 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi bu sahədə ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına və yeni məhsul növlərinin istehsalına şərait yaratmışdır.
    Cari ilin ilk altı ayında rayonda 53 milyon 761 min 900 manatlıq sənaye məhsulu istehsalı qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Bu dövr ərzində rayonun sənaye müəssisələrində 3 min 449 nəfər işçi çalışmışdır ki, onların da ortaaylıq əməkhaqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 468 manat olmuşdur.
    Bəhs olunan müddətdə Şərur Sənaye Məhəlləsində işlər sürətlə davam etdirilmişdir. Hazırda 3 istehsal korpusundan ibarət olan sənaye məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. 
    Sənaye məhəlləsində əsas istehsal sahələrindən biri olacaq bitki yağlarının istehsalı müəssisəsini yerli xammalla təmin etmək üçün rayonda qarğıdalı və günəbaxan əkinləri diqqətdə saxlanılıb.

Faktlar, həqiqətlər

Bildiyimiz kimi, həqiqət fakta söykənir. Beləliklə, iqtisadi, sosial və mədəni sahələrdə əldə olunan yüksəlişi əks etdirən yüzlərlə fakt və rəqəmlərdən yalnız bir hissəsini oxucuların nəzərinə çatdırıram.
    2022-ci ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları 2,9 faiz artaraq 58 milyon 581 min manat, pərakəndə əmtəə dövriyyəsi 1,6 faiz artaraq 169 milyon 69 min 600 manat, əhaliyə göstərilən pullu xidmətlər 1,6 faiz artaraq 21 milyon 764 min 500 manat, sərnişin və yük daşınması 1,6 faiz artaraq   2 milyon 680 min 300 manat gəlir əldə edilmişdir. Tikinti işlərinin həcmi 1 faiz artaraq 37 milyon 467 min 700 manat olmuşdur. Bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 8 faiz artaraq 531,5 manat təşkil etmişdir. 2022-ci ilin yanvar-iyun aylarında rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 14 layihə üzrə istehsal obyektləri yaradılmış, 11 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilmişdir.
    İlin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən informasiya və rabitə müəssisələri tərəfindən 1,3 faiz çox xidmət göstərilmişdir. Cari ilin ilk 6 ayında pensiyaların vaxtında ödənilməsi təmin edilmiş, 17 milyon 686 min manat məcburi dövlət sosial sığortahaqqı yığılmışdır. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda sağlamlıq imkanlarını itirmiş 4 qazi mənzillə təmin olunmuş, 4 qaziyə minik avtomobili təqdim edilmiş, 3 şəhid ailəsinin isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə evlərində təmir-bərpa işləri aparılmışdır. Həmçinin II Qarabağ müharibəsində şəhid olmuş 38 şəhidin ailəsinə, 19 qaziyə və 24 nəfər müharibə iştirakçısına Azərbaycan Respublikasının orden və medalları təqdim olunmuşdur.
    Əlbəttə, cari ilin birinci yarısında Şərurda görülmüş bütün işləri bir qəzet məqaləsi ilə tam şəkildə, ətraflı təsvir və təhlil etmək imkan xaricindədir. Sadəcə, bütün bunları ümumiləşmiş şəkildə birinci yarım ilin uğurlu yekunu, növbəti ayların isə başlanğıcı adlandırmaq daha doğru olar.

    Bəli, Şərurda həyat qaynayır. Bu gün çəkilən zəhmət, axıdılan alın təri tezliklə öz fərəhli bəhrələrini verir, daş üstə qoyulan hər daş gözoxşayan binaya çevrilir, əkilən hər ağac, hər gül kolu, abadlaşan hər küçə, yenidən qurulan hər park Şərurun gözəlliyinə yeni naxışlar vurur. Görülən işlərin miqyası və dinamizmi, adamların yüksək əhvali-ruhiyyəsi, ümumi yüksəliş ab-havası onu göstərir ki, sosial-iqtisadi inkişafımıza xidmət edən proqramlar uğurla həyata keçirilir: yetər ki, məqsədin aydın, niyyətin xoş olsun. Sonda yadıma son vaxtlar Şərurda tez-tez eşitdiyim sözlər düşür: belə getsə, bir-iki ilə Şəruru nəinki qonaqlar, heç özümüz də tanımayacağıq.

Heydər MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru

Nəşr edilib : 19.08.2022 17:59