AZ EN RU

Hər bir ölkənin inkişafını təmin edən başlıca şərtlərdən biri təhsildir

15 sentyabr Bilik Günüdür

 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur.
    Ötən əsrin 70-ci illərində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. “Müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının, Prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir”, – deyən Ulu Öndərin təhsil siyasəti bu gün Azərbaycan  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində Dövlət proqramları və sərəncamların imzalanması bu sahənin daha da inkişaf etdirilməsinə xidmət göstərir.
    Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada müasir tələblərə cavab verən təhsil müəssisələrinin tikintisi hər il davam etdirilir. Təkcə 2022-2023-cü tədris ili ərzində Babək rayonunun Vayxır, Ordubad rayonunun Xanağa, Şərur rayonunun Həmzəli, Vərməziyar kənd tam orta məktəblərinin yeni binaları və STEAM Təlim-Tədris Mərkəzi istifadəyə verilmiş, təhsil ocaqlarının maddi-tədris bazası gücləndirilmişdir. Hazırda Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələrinin, Babək rayonunda Nehrəm qəsəbə 3 nömrəli, Hacıvar, Ordubad rayonunda Azadkənd, Şərur rayonunda Təzəkənd tam orta məktəblərinin tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə isə bərpa-gücləndirmə işləri istiqamətində işlər davam etdirilir. 
    Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 3 milyona yaxın dərslik verilmişdir. Yeni tədris ili üçün 190 mindən artıq dərslik bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmışdır.
    Ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqi istiqamətində də zəruri işlər həyata keçirilir. Bu günədək 156 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. Eyni zamanda STEAM təhsil metodunun daha geniş tətbiqi məqsədilə Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi yaradılaraq zəruri avadanlıqlarla təmin olunmuşdur. Hazırda əlavə olaraq 50 təhsil müəssisəsində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. 
   Ümumtəhsil məktəblərində şagirdlərin yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılmışdır. Məktəblilər arasında müntəzəm olaraq dram, təsviri və dekorativ-tətbiqi sənət, milli musiqi və rəqs, gənc istedadlar müsabiqələri keçirilir, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri uğurla davam etdirilir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar...” Son illərdə muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, ümumtəhsil məktəblərinin bilikli pedaqoji kadrlarla təmin olunması diqqətdə saxlanılmışdır. 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 230-u müəllim, 66-sı isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuşdur. Yeni tədris ili üçün isə ümumtəhsil məktəblərində 200 vakant yer üçün müəllimlərin işə qəbulu həyata keçirilmiş, onlardan ən yüksək nəticə göstərən 135 gənc kadr 2023-2024-cü tədris ilindən pedaqoji fəaliyyətə başlayacaqdır. Muxtar respublikada müəllim əməyi daim yüksək qiymətləndirilmiş, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırmış, cari tədris ilində ölkə üzrə keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 2-si qalib olmuşdur.
    Yeni təhsil metodlarının tətbiqi şagirdlərin müxtəlif səviyyəli bilik yarışlarında iştirak edərək uğurlu nəticə qazanmasına öz müsbət təsirini göstərmişdir. Ötən tədris ilində olimpiada və müsabiqə hərəkatı gücləndirilmiş, muxtar respublika və respublika fənn olimpiadaları ilə yanaşı, SASMO, “Amerikan” və “Kenquru” Beynəlxalq riyaziyyat müsabiqə və olimpiadaları, “HIPPO” ingilis dili olimpiadası, məntiq olimpiadası və respublika fənn müsabiqələri keçirilmişdir. 
    Keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5 minə yaxın şagird iştirak etmiş, onlardan 251-i qalib olmuşdur. Beynəlxalq STEAM Azərbaycan Festivalında muxtar respublika məktəbliləri 1-ci, 2-ci, və 3-cü yerlərin qalibi olmuşdur. Həmçinin onlar Bakıda keçirilən Dünya Robot Olimpiadasında iştirak edərək ölkə birincisi olmuş, 7-9 noyabr 2023-cü il tarixlərdə Panama Respublikasında keçiriləcək olimpiadanın final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanmışlar.
    Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” nişana, 32-si fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 88-i fərqlənmə attestatına layiq görülmüşdür. 
    2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 3166 məzun bitirmiş, onlardan 2962-si, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 196-sı 500-700 intervalında bal toplamış, II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi göstərmişdir.
    Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə də maraq xeyli artmışdır. 2023-cü ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 309 şagird sənəd vermişdir. Həmin şagirdlərdən 45-i hərbi liseyə qəbul olaraq kursant adını qazanmışdır.
    Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə 2023-2024-cü tədris ili üçün qəbul imtahanları keçirilmiş, imtahanların nəticələrinə uyğun olaraq liseylərə ən yüksək nəticə göstərən 60 şagird olmaqla, ümumilikdə, 120 şagird qəbul edilmişdir. 
    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında digər sahələr kimi, təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Proqrama uyğun olaraq Naxçıvan şəhərində yeni internat tipli məktəb, həmçinin əlavə olaraq 1000 şagird yerlik məktəb binalarının inşası, əmək bazarının tələblərinə cavab verən müasirtipli peşə təhsili müəssisələrinin təşkili, ümumi təhsil müəssisələrinə rəhbər və pedaqoji heyətin mərkəzləşdirilmiş müsabiqə vasitəsilə işə qəbulu, STEAM siniflərinin zənginləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi, “Beynəlxalq olimpiadalara hazırlıq mərkəzi”nin, ümumtəhsil məktəblərinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması, İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, təhsil müəssisələrinin kompüter, proyektor və elektron lövhələrlə təmin edilməsi, veb-kameraların quraşdırılması planlaşdırılır. Dövlət Proqramına uyğun olaraq təhsildə həyata keçiriləcək kompleks tədbirlər Bilik Gününün yüksək əhvali-ruhiyyə ilə qeyd olunmasına əsas verir. Hər ötən təhsil ilini uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan – Bilik Günündən qoyurlar. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, ölkəmizdə insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.09.2023 20:33