AZ EN RU

Həqiqətin güzgüsü olan mətbuatımıza həqiqət carçısı ilə baxış

Həsən bəy Zərdabi ilə məzarüstü söhbət (monoloq-müsahibə)

    Bəlkə də, Uca Yaradanın bəşəriyyətin cövhəri sayılan, yaradılmışların alisi olan insana verdiyi ən gözəl nemətdir söz. Xoşbəxtdir o kəs ki daim saf əməlləri, xeyir işləri, doğru sözləri, xalq yolunda şam kimi əriyən ömrü ilə dünyada iz buraxıb. Bu ünvanı qarış-qarış gəzənlər yaxşı bilir ki, cismani ayrılıqları ilə əbədi həyata köçən, əbədiyaşarlıq qazanan Fəxri Xiyabanın fəxri “sakinləri” “izlə getsən, izin olmaz, çalış bu həyatda özün iz sal” həqiqətini duymaqla yaşayıb, yaradıblar. Azad, müstəqil Azərbaycanımızın sönməz Əbədi Günəşi, xalqımın Ulu Öndəri, daha sonra adları tarixə həkk olan, əsrlərin sınağından üzüağ çıxan, Vətəninin, xalqının, millətinin ən çətin anında səsinə səs verən mübarizlər, fədailər, azadlıqdır yaramıza məlhəm, əqidəmizə şəfa söyləyənlər… Bu fikirlərlə həqiqi sözün özü olan “Əkinçi” ilə maarif toxumunun ilk ziya cücərtilərini ruhlara, təfəkkürlərə bəxş edən böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin “hüzurundayam”. Söz xiridarının, millət cəfakeşinin ruhu ilə baş-başa qaldığım dəqiqələrdə, o sanki müdrikliklə ürəyimdən keçənləri duyub ürəyimdəki mətləblərdən özü agah etdi məni.       

    – Əziz ustad, “Əkinçi” qəzetinin ilk nömrəsində yazmışdınız “…dünyanın gərdişinə görə gərək insan da öz rəftarını dəyişsin”. Dünyanın yamanlığına aldanıb, rəftarını dəyişənlər, doğru sözü inkar edib unudanlar azmı olub?
    – Əvvəlcə bütün mətbuat fədailərinə, qələmin qüdrətinə sığınıb kamil sözü özünə həyat amalı seçənlərə salamlarımı çatdırıram… Həqiqət nuru sanki zülmət gecələrdə sayrışan, təkcə bir kütləyə deyil, bütöv bəşəriyyətə düzgün yolu göstərən mayak kimidir. Necə ki ucsuz-bucaqsız dəryada bir zərrəni xatırladan gəmiyə mayak yol göstərər, həqiqətin özü də belədir. Sözsüz ki, düzgünlüyü, düzgün sözü, həqiqəti inkar edənlər tarixin bir küncündə, elə məkrli niyyətləri ilə yox olmağa, unudulmağa məhkumdurlar. O ki qaldı əksər insanların bizim sözlərimizi, tarixi gerçəkləri inkar etməyinə, unutmağına; onlara layiq olduqları cavabı elə zamanın özü verəcəkdir. Necə ki bir zamanlar “Əkinçi”nin haqq şüarını, “Molla Nəsrəddin”in “biçarə xalqım” sədasını unutdurmağa çalışanlar bu gün yox oldular, həqiqətin üstünə qara pərdələr çəkən qüvvələrin də aqibəti, sözsüz ki, elə olacaqdır. 
    – Ustad, “Əkinçi” adını hər eşitdikdə qəlbimiz, ruhumuz riqqətə gəlir sanki. Milli mətbuatımızın əsasını qoymaq, qəzet nəşr etmək üçün göstərdiyiniz səyləri, çəkdiyiniz zəhmətləri necə inkar etmək olar? Həm də bu hadisənin XIX əsrin Azərbaycanında baş verdiyini düşünəndə hadisəyə baxışımız da tamam dəyişir…
    – Sözügedən dövr yalnız Azərbaycan üçün yox, Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, bir sözlə, bütün Türk dünyası üçün də çətin və məşəqqətli idi. Bir tərəfdən çar Rusiyasının qatı xristianlaşdırma, ruslaşdırma siyasəti, digər tərəfdən də molla üsuli-idarəsinin hökm sürdüyü Şərq xalqlarında baş verən gerilik və nadanlıq sanki xalqımızın düşünən beyinlərinin, təfəkkür sahiblərinin yarasına duz basırdı. Belə bir şəraitdə dövri nəşr yaratmaq, Vətənimizin hər bir yerində elmə, maarifə təşnə olan insanlara ümid çırağı olmaq yeganə məqsəd idi. Düzdür, “Əkinçi” qəzeti nəşr olunduğu tarixdə Qafqaz regionunda bir sıra qəzetlər çap olunurdu. Hətta müntəzəm olaraq “Azərbaycan” adlı qəzet də oxucularla görüşürdü. Lakin Azərbaycançılıq ideologiyasını təbliğ etmək, insanlara düzgün yol göstərmək, necə deyərlər, xalqın səsi olmaq baxımından “Əkinçi” qəzeti bizim imdadımıza yetişdi, gözlərimizə nur, millətimizə hidayət çırağı oldu.
    – Mətbuat tarixindən də bildiyimiz kimi, “Əkinçi” qəzeti ağır maddi çətinliklərə rəğmən dövrün hakimiyyətinin təzyiqləri, təqibləri ilə mübarizə apararaq işıq üzü görürdü…
    – XIX əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin, xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi. Bu şəraitdən istifadə edib qəzet nəşri üçün mən çar hökumətinə müraciət etdim. Təbii ki, Azərbaycan xalqına olan ögey münasibət üzündən bütün səylərimiz ilk vaxtlar nəticəsiz qaldı. Daha sonra qəzetin adının “Əkinçi” olacağını, guya bu qəzetdə yalnız əkin və ziraət xəbərləri verəcəyimizi çar hökumətinə bildirdikdə, çox çətinliklə də olsa, razılıq aldım. 
    – Hətta xalqımıza xidmət etmək üçün öz ülvi məhəbbətinizdən belə əl çəkməli oldunuz. Hansı ki, bəlkə də, hələ tələbəlik illərindən çar Rusiyasında qazandığınız şəxsi nüfuzun, ali təhsil ocağınızdakı hörmət və ehtiramın ardınca getsəydiniz, vəziyyət tamam başqa olardı, ustad…
    – Doğrudur.. Moskva Dövlət Universitetini namizədlik dissertasiyası ilə başa vurmaq, ali təhsil ocağının rektoru Solovyov ilə şəxsi münasibət qurmaq, habelə onun qızını həqiqi məhəbbətlə sevmək, əlbəttə ki, mənim üçün böyük yollar açırdı. Lakin mən bu yolu tuta bilməzdim. Əgər getsəydim, mən o zaman xalqımın, millətimin haqq sədası, doğru sözü olmazdım, bir sözlə, o zaman tarixdə yaşamış Həsən bəy Məlikov olar, Həsən bəy Zərdabi olmazdım. Sözümü düzgün qəbul edin, mən öz ülvi məhəbbətimi belə sizlərə, bütün Azərbaycan xalqına görə geridə buraxıb Vətənimə gəlmişdim. Səbəb də sadə idi; heç bir türk-müsəlman ilk alitəhsilli azərbaycanlı gənc oğlanın xristian mədəniyyətində böyümüş bir qızla ailə həyatı qurduğunu qəbul etməzdi, onun sözlərinə qulaq verməzdi, inanmazdı. Mənim üçün tək çıxış yolu bu idi; xalqın məhəbbətini öz şəxsi mənafeyimdən üstün tutmaq...    
    – Böyük çətinliklərlə, əzab-əziyyətlərə rəğmən “Əkinçi” qəzetini iki il müddətinə nəşr etmək imkanınız oldu. Çar Rusiyasının tək dərdi qəzetin bağlanması idisə bəs onda nə üçün qəzet bağlandıqdan sonra sizi Vətəndən sürgün etməyə cəhd etdilər? 
    – “Əkinçi” qəzeti hələ nəşr edildiyi dövrlərdə çar Rusiyası azərbaycanlı ziyalılarla barışmaz mövqe sərgiləyirdi. Qatı düşmənçilik meyillərini sətiraltı yox, elə açıq şəkildə edir, qəzetdə gedən mövzulara, məqalələrə senzorlar tətbiq edir, yaxud da dolayı yollarla əhli-qələmi şərə, böhtana tutmaqla mayası vətənpərvərlikdən yoğrulan işimizə maneçilik törədirdi. Bu illər çətin idi, çox ağır idi. Təsəvvür edin, qəzet çıxarmaqla yanaşı, vaxtımız məmləkətimizin aciz, köməksiz, gələcəyi hansısa rus çinovnikinə, qubernatoruna nökər olacaq uşaqlara dərs deməklə keçirdi. Mətbuatla yanaşı, çar hökuməti azərbaycanlıların savad sahibi olmasına da maneçilik törədirdi. İlk vaxtlar dərsləri şəxsi evimizdə keçirdik. Çətin olsa da, yeganə amalımız, məqsədimiz bu idi – Azərbaycan xalqını savad sahibi etmək. Hətta vəziyyətim o həddə gəlib çatdı ki, qapı-qapı gəzib maarifpərvər insanlardan müəyyən qədər vəsait toplayıb, onunla da müdavimlərə kitab, dəftər alırdım.
    – Bəs üzünüzə qapı açıb səsinizə səs verən, köməyinizə çatan olurdumu? 
    – Mənim üçün çox ağırdır bunu demək (məyus halda gülümsəyir)... Bəli, üzümə qapı açıb harayımıza çatan da olurdu, qarşısında səhərdən axşamacan Bakı küçələrində gəzib maarif üçün qəpik-quruş toplayan, taqətdən düşmüş Həsən bəyi görüb ona dilənçi gözü ilə baxan da olurdu. Hətta bir gün yenə Bakı küçələrində “xeyirxahların” mənə olan “səmimi münasibətini” düşünə-düşünə gəzərkən bir nəfərin məni arxadan səslədiyini hiss etdim. Bir anın içində özünü mənim yanıma çatdıran bu şəxsin hambal olduğunu gördüm. Əlləri qabarlı, üzü-gözü daş karxanalarında qaralmış bu ortayaşlı şəxs üzündəki utancaq, çəkingən ifadə ilə salam verib belə söylədi: “Eşitmişəm bizim uşaqları oxutmaq üçün pul yığırsınız. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi. Yerimdə donub qalmışdım. Nə deyəcəyimi, onun bu az, amma mənəviyyatca böyük addımının qarşılığını necə verəcəyimi bilmirdim. Bilirsiz, mayası, qayəsi vətənpərvərlikdən yoğrulan bir əməlin böyüyü-kiçiyi olmur ki...Təqribən, bir dəqiqə davam edən bu sükutdan sonra fəhləyə belə dedim: “Çox sağ ol, dostum, əzizim! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimdən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin”. Bəli, belə söyləyib həmin pulu hambala qaytardım. O bu addımı ilə, əslində, cibindən yox, daş karxanalarının qara tüstüsündə yorulmuş o pak qəlbindən, ürəyindən bütün Azərbaycan xalqına pay vermişdi... Çətin də olsa, heç vaxt yorulmadım xalqıma xidmət etməkdən. Çünki sinif otağında bir müdavimdən “Mənim milliyyətim azərbaycanlıdır, Azərbaycan türküdür, Vətənim isə Azərbaycandır” kəlmələrini eşidəndə yolumuzun haqq yolu, millət yolu olduğunu duyub fəxr edirdim. 
    – Bütün bu əməllərin qarşısını almaq üçün hakimiyyət bitib-tükənməyən məkrli addımlara əl atırdı. Hətta sizə 16 il sürgün həyatı yaşatmaqları da xalqımıza qarşı qəddar siyasətin, acımasızlığın nəticəsi deyilmi?..
    – Həsrət, hüzn və kədərlə keçən 16 il… Amma bu illər ərzində belə yenə də mətbuatdan uzaq düşməmişdim. Mütəmadi olaraq cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrdən mövzular işləyir, onları Bakıda, Tiflisdə nəşr olunan qəzetlərə göndərir, bu yolla səsimi soydaşlarımıza çatdıra bilir, mübarizəmi bu yolla davam etdirməyə çalışırdım. İş o həddə gəlib çıxmışdı ki, çar üsuli-idarəsinin diktəsi ilə şəxsiyyətimə qarşı da tənqidlərə yol verilir, məni gözdən salmağa çalışırdılar. Bunun üçün Rusiyada təhsil aldığım üçün mənim ruslaşdığımı, rus siyasətinə meyil etdiyimi hər vəchlə yayırdılar. Amma yaxşı bilirdilər ki, tək mən yox, “Əkinçi” qəzetinin nuruna toplanmış heç bir azərbaycanlı ziyalı rus hakimiyyətinə meyil etmədi, onların alçaq itaətinə boyun əymədi...
    – Bu qədər cəfa haqq sözümüzü yalnız iki il ayaqda saxlaya bildi. İki ildən sonra çar Rusiyası “arzusuna çatdı”, “Əkinçi” qəzetinin fəaliyyətinə xitam verildi. Səbəb olaraq isə bir bayatı əsas gətirildi. Elə deyilmi, ustad? 
    – Elədir. Qəzetin sonuncu 56-cı sayında bir bayatı nümunəsini çap etmişdik. Bayatının son beytində belə bir ifadə var idi: “Qarğalar laçın oldu, laçınlar qarğalandı”. Çar Rusiyası da bu sözləri bəhanə gətirib protokol tərtib etdi ki, guya bu bayatı o illərdə baş verən rus-türk münaqişəsinə ünvanlanıb. Bayatıda adıçəkilən “laçın” kəlməsi türk, “qarğa” kəlməsi isə rus xalqını təmsil edir. Beləcə, “Əkinçi” qəzetinin fəaliyyətinə son verildi. Ancaq bu da bir həqiqətdir ki, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi iki ildə özünün müqəddəs amalına – xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, qısa bir zamanda xalq maarifi və mədəniyyətinin, ana dilli məktəblərinin böyük carçısı oldu. “Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları öz bəhrəsini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı... 
    – Əziz söz xiridarımız, böyük ustad! Düşünürəm ki, oxucularımız onlara olan arzularınızı elə sizin dilinizdən eşitmək istəyir... 
    – Bu gün azad, müstəqil və qalib bir ölkənin azad söz carçılarına həsəd və fəxarət hissi ilə bu fürsətin dəyərini bilin, ölkənin rifahı, millətin tərəqqisi üçün qələminizə daha  bərk-bərk sarılıb azad sözün mübarək ziyasına sığının deyirəm. Qəzetin gücünü dərk edib onun nuru ilə ziyalanan hər kəsə kamil sözün qüdrətini bilməyi, hər zaman doğru yolu tutmağı arzu edirəm. Qələminiz daim həqiqətdən ilham alsın deyirəm!
    – Hələlik, ustad, mübarək ruhun şad olsun! Əməllərin biz söz və qələm əhlinin yoluna hər zaman nur saçacaq!  Heç zaman unudulmayacaq o uca adına dərin hörmət və ehtiramla… 

Məcid RƏŞADƏTOĞLU ​​​​​​​

Nəşr edilib : 09.10.2023 20:02