AZ EN RU

Həmzəli və Axura kəndlərində yaradılan müasir şərait sakinlər tərəfindən rəğbətlə qarşılanır - FOTOLAR

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, aparılan hərtərəfli islahatlar respublikamızın gələcək inkişafı üçün geniş perspektivlər açıb. Azərbaycan 2023-cü ildə ictimai-siyasi sabitlik şəraitində sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb, bu işlər uğurla davam etdirilməkdədir. Bunu ölkəmizin bütün regionlarında görmək olar. 
    Qədim diyarımız Naxçıvan da belə inkişafın ön sıralarında özünə yer alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə atılan daha bir addım kimi dövlət başçısının qədim diyarımıza davamlı qayğısının ifadəsidir. 
    Qeyd edək bu gün Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa ölkə başçısının respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Onu da vurğulamaq lazımdır ki, aparılan abadlıq, quruculuq işləri nəinki şəhərlərdə, rayon mərkəzləri ilə yanaşı, ən ucqar dağ və sərhəd  kəndlərində də geniş şəkildə həyata keçirilir. Şərur rayonunun Həmzəli və Axura kəndləri də belə diqqət və qayğı hesabına yeni, müasir yaşayış məntəqələrinə çevrilib. Məlumat üçün bildirək ki 2022-ci ilin mart ayında başlayan və cari ilin fevral ayında quruculuq işləri başa çatan Həmzəli və Axura kəndlərində bir çox abadlıq işləri aparılıb, məktəb binası əsaslı təmir olunaraq yenidən müəllim və şagirdlərin istifadəsinə verilib. Biz də bu yaxınlarda həmin kəndlərdə yaradılan şəraitlə daha yaxından tanış olmaq üçün üz tutduq Şərura. Öncə Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şəmsi Qəribovla görüşdük. Onunla yeni obyektləri gəzdik. Bunlardan ən böyüyü kənd tam orta məktəbinin binasıdır. Məktəbin ingilis dili müəllimi Samil Qəribov pedaqoji kollektivə göstərilən qayğı üçün minnətdarlığını bildirərək deyir ki, yeni tikilmiş məktəb binasında geniş və işıqlı sinif otaqları, müasir standartlara cavab verən kimya-biologiya və fizika kabinələri, şahmat sinfi, müasir texnologiyalarla təmin olunmuş kompüter otağı, elektron lövhələr, şagirdlərin idmanla məşğul olmaları üçün idman zalı, hərbi-vətənpərvərlik hissinin yüksəldilməsi üçün hərbi kabinə və ən əsası təhsildə şagirdlərin yüksək maraqla öyrəndikləri STEAM kabinəsi quraşdırılıb. Qeyd edim ki, STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə öz düşüncələrinin məhsulunu ortaya qoya bilir, gələcəyin mütəxəssisləri kimi yetişmək imkanı qazanırlar. Bildirmək istərdim ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin mənimsənilməsinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür. Əlbəttə ki, bu da müəllim və şagirdlərin təhsildə nailiyyətlərini daha da yüksəldərək keyfiyyət faizini artırır. Qeyd edək ki, Həmzəlidə yeni kənd mərkəzində nümayəndəlik, klub, kitabxana, poçt və rabitə evi, tibb məntəqəsi də istifadəyə verilib. Yaradılan bu şərait kənd sakinlərinin müxtəlif xidmət sahələrindən səmərəli istifadəsinə, onların asudə vaxtlarını rahat keçirmələrinə şərait yaradıb. Kənd sakinləri əvvəlki dövrlərdə kommunal xərclərini və digər ödənişlərini ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə getməli olduqları halda artıq bu gün vaxt itirmədən bir neçə dəqiqəyə kənddə rahatlıqla ödəniş edə bilirlər. Kənddə köhnə, palçıqlı torpaq yollara asfalt salınaraq yenidən qurulub. Belə uğurlu sosial siyasətin həyata keçirilməsi, həmçinin vətəndaş məmnunluğunu təmin edib. 
    Daha sonra kəndin ağbirçəyi Gülizar Cəfərova ilə həmsöhbət olduq. O deyir ki, vaxtilə qazımız, işığımız fasilələrlə verilirdi, yollarımız bərbad vəziyyətdə idi. Çox şükür, bu gün kəndimizdə çox işlər görülüb. Daim işığımız, qazımız, rahat yaşayışımız var. Dolanışığımız gündən-günə yaxşılaşır. Bütün bunlar dövlətimizin vətəndaşlarına qayğısının ifadəsidir.
    Həmzəlidən, onun bugünkü müasir səviyyəsindən, insanlarının minnətdarlıq hissləri ilə dolu söhbətlərindən aldığımız təəssüratlarla üz tuturuq Axura kəndinə. Bu kənddə yaşayan Əkbər Kərəmov bildirdi ki, 2023-cü ildə dövlətimiz tərəfindən kənd mərkəzinin, ambulatoriyanın yenidən qurulması, eyni zamanda yolumuza 7,1 kilometr yenidən asfalt örtüyünün çəkilməsi kənd sakinlərinin ürəyincə oldu. 
    Kənd sakini Əhməd İsgəndərov da öz ürək sözlərini ifadə edərək dedi ki, ölkəmizin iqtisadi gücü artdıqca onun vətəndaşlarının da həyat səviyyəsi yüksəlir. Rayon mərkəzləri, kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir. Belə tədbirlərdən yaşadığım Axuraya da pay düşüb. Ona görə də dövlətimizə minnətdarlığımı bildirirəm.
    Kənd sakinlərindən Adilə Kazımova bizi Axura dağlarının kəklikotusundan dəmlədiyi çaya qonaq etdi. O da kəndin hüsnünə gələn gözəllikdən ağızdolusu danışıb dedi ki, dövlət qayğısını həmişə hiss edirik. Bir vaxtlar bu kəndin yolu, izi yox idi, bəzi avtomobillərdən başqa buraya heç nə çıxa bilmirdi. Yağış ki yağdı, qış ki gəldi, günümüz qara olurdu. Yası, toyu, xəstəsi olanlar naümid qalırdı. Şükür Tanrıya, indi yolumuz, izimiz, məktəbimiz, xəstəxanamız, hər cür şəraitimiz var.  
    Bu dağlar hər zaman bizi düşməndən, soyuqdan, borandan, seldən, tufandan qoruduğu kimi oz qoynunda bitən şəfalı bitkiləri ilə də dərdlərimizə dərman olub. Yaşlı insanlar yaxşı xatırlayar, əvvəllər bir evdə xəstə olanda həkim tapmaq imkanımız çox az idi. Türkəçarə vasitələrlə bir çox xəstəliklərin qarşısını almağa çalışardıq. Ən çox da soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərində köməyimizə yetirdi. 
    Kənddə qoçaqlığı ilə tanınan Gülsüm Qafarova ailə təsərrüfatı ilə məşğuldur. Onunla söhbətimiz həyətyanı sahələrində saldıqları meyvə bağında oldu. Gülsüm xanım müəllim işləsə də, yay tətilində öz bağlarında yetişən meyvələri yığıb qurudub satışa çıxarmaqla məşğuldur. O bildirdi ki, 2019-cu ildən bu işlə məşğuldurlar. Meyvə qurutmaq üçün xüsusi aparat alıblar. Qazancları da yaxşıdır. Hazırladıqları məhsulları muxtar respublikanın iri marketlərində satışa çıxarırlar. 
    Ağsaqqal Əhməd İsgəndərov qeyd etdi ki, bu kəndin qədim tarixi var. Bir ziyalı kimi deyə bilərəm ki, sovetlər dönəmində bu kənd də Naxçıvanın digər kəndləri kimi inkişafdan geri qalmışdı. Amma müstəqillik qazandıqdan sonrakı illərdə ilk dəfə 2014-cü ildə təmir-bərpa işləri başladı. Məktəb, xidmət mərkəzi və digər sosial obyektlər quruldu. Ötən ildən isə yenidən təmir bərpa işləri başlayıb. Dövlət başçısı hər addımbaşı hər bir vətəndaşın Prezidenti olduğunu sübut edir. Kəndimizin hər bir sakini bu qayğını görür və dövlət siyasətindən bəhrələnir. Kimi ailə təsərrüfatı yaradır, kimisi yeni iş yeri açır. Hər bir sakin öz əməyinin qarşılığını görür. Kənddə aparılan yenidənqurma işini alqışlayırıq. Yaradılan, qurulan nə varsa, hər biri sakinlərin həyatını yaxşılaşdırmaq üçündür. Kəndin səfalı havası, gözəl torpağı, müasir görünüşü burada məskunlaşan və qonaq olan hər kəsin könlünü fərəh hissi ilə doldurur. 

Aytac CƏFƏRLİ

Nəşr edilib : 12.07.2023 18:38