AZ EN RU

Həmvətənimiz ilin ən yaxşı bəstəkarı seçilib

“Almaniyada yaşadığım 19 il ərzində ürəyim daim Vətənim Azərbaycanla
döyünüb. Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada milli ideologiyamızı və öz milli dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım. 2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mənim xatirəmdə dərin iz buraxıb. Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. Bütün layihələrim mənə çox doğmadır, çünki mən hər layihə üzərində bir neçə ay və il çalışıram. Ən gözəl və yadda qalan layihələrimdən birini “Bridge of sound” orkestrimlə Almaniyanın Berlin şəhərində 2022-ci il noyabrın 8-də Zəfər Günümüzə həsr etdim. Həmin möhtəşəm konsertdə mənim 4 hissəli “Şuşa” simfoniyam orkestrimin ifasında böyük tamaşaçı alqışı qazandı. Konsertdə nəinki Azərbaycanın, dünyanın müxtəlif ölkələrindən olan səfirliklərin nümayəndələri, diplomatlar, fəxri qonaqlar iştirak və çıxışlar etdilər” Bu sözləri "Şərq qapısı" qəzeti ilə Almaniyada yaşayıb fəaliyyət
göstərən həmyerlimiz, “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı, bəstəkar Xədicə Zeynalova bölüşüb. O, Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilməsindən, “Artist in Residence” nominasiyasına layiq görülməsindən böyük qürur hissi keçirdiyini, bundan sonrakı fəaliyyətində də Azərbaycanın musiqi mədəniyyətini layiqincə təbliğ etməyə çalışacağını vurğulayıb.


Nail ƏSGƏROV

Nəşr edilib : 18.02.2024 13:32