AZ EN RU

Həmrəyliyiniz mübarək, cənnət cavanları…

Salam olsun sizlərə, Vətənimin qəhrəman oğulları! Üçrəngli bayrağı al qanlarıyla azad Vətən səmasına çəkən cənnət cavanları, elimin, xalqımın əbədiyaşarları... Bilirsinizmi, artıq hər səhəri Zəfərə açılan üç böyük ili geridə qoymuşuq. Qarabağsız keçən illərin həsrətini az da olsa ovutmuşuq. Qarabağlı olmasa da, bu yurdun eşqini anasının laylasında öyrənən şəhid qəhrəmanları – sizləri, hər gün, hər dəqiqə yad etmişik. Yad etdikcə də qulaqlarımızda cingildəyən “Qarabağ Azərbaycandır” həqiqətinin məğribdən, məşriqəcən əks-səda verməsinin şahidi olmuşuq. Ruhumuzla, mənəviyyatımızla duymuşuq bu ali həqiqəti. Azad Şuşa qalasından, Kəlbəcər yaylaqlarından, Laçın oylaqlarından göz izlədikcə görünən uzaqlara - bütöv Qarabağa tamaşa etmişik. Bu tamaşada, əslində al-əlvan təbiət mənzərələrindən daha çox, uşaqlığı 90-cı illərə təsadüf edən oğullarımızın, qızlarımızın yurdsuz, yuvasız və ən çətini atasız, anasız keçirdiyi illəri görmüşük. O illərdə yaşanan acıların, itkilərin həsrətini qəlbimizdən atmaq istəmişik.

Xatırlamışıq ki, bir zamanlar bu diyarda böyüyən qarabağlı bacı-qardaşlarımzın, analarının oxşamalarında, nazlamalarında söylədiyi o balaca, ovuclarının içi qədər olan “quş ürəkləri” bir qorxu ilə çırpınırdı. Qorxurdular... Bəlkə onlar da “Qanlı bönəvşə” əsərində olduğu kimi, erməni cəlladlarının gülləsinə tuş gələn, ovuclarına sıxdığı bir dəstə qanlı bənövşə ilə bütövlükdə Azərbaycan xalqının azadlıq yanğısını tərənnüm edən balaca Zərifin ölümü ilə eyni acı taleyi yaşayacaqdı. Yox, bu, belə ola bilməzdi. Çünki onlar Vətənini azad görməyincə qılıncını qınına qoymayan əcdadlarımızın əhdinə sadiq qalan, üçrəngli bayrağı öz qanlarıyla asimana çəkməyincə şəhadət şərbətini içməyən bir xalqın – Azərbaycan xalqının varisləri idi. Bəli, cəmi 44 günə azadlıq dastanı yazan xalqın davamçıları idilər…

Artıq Qarabağla qeyd etdiyimiz üçüncü ilə də geridə qoyuruq. Bu səadəti bizə bəxş edən, şəhid qəhrəmanlarının sayəsində doğma qarabağlılar, elə yurd-yuvaları Qarabağda həmrəylik gününü böyük coşğu ilə qeyd edirlər. Hər gülüşdə, təbrikdə şəhid qəhrəmanlarımızın adlarını anacaqlar. İllər beləcə ötəcək. Bu yurdda böyüyən oğul – qızlara qəhrəman olsunlar deyib, Mübariz, Polad, Xudayar, Salatın, Arəstə adı verəcəklər. Şəhidlik vüsalına qovuşub əbədiyaşar olan cənnət cavanlarımız, beləcə adlarını daşıyan Vətən övladlarının timsalında yaşayacaqlar. Bu gün mənfur düşmənin boş qaldığını zənn etdiyi isti qucaqlarda bütöv Azərbaycan xalqı böyüyəcək. Düşmənə gözdağı, dosta arxa-dayaq olan ərənlər böyüyəcək.

Xalq yazıçısı Mövlud Süleymanlının “Köç” romanının paralel xəttində bir elatdan danışılır. O elat at belindən düşmür, at belində ömrünü köçdə yaşayır. Onlar deyir ki, biz atdan düşən kimi öləcəyik. Onlar ancaq Günəşi təqib edirlər və daim yaz fəslində yaşayırlar. Bu dünyada bahar qədər möhtəşəmlik varsa, “o gözəlliyin bir tikəsi də yerə düşməli deyil”, baharı son damlasına qədər qənaətlə yaşamaq lazımdı, onun bir gününü də boşa vermək olmaz. Çünki insanın bu dünyada yalnız bir dəfə yaşamaq haqqı var, iki dəfə, üç dəfə yox. Bahar ideyasını əlində bayraq edən elat at belində yaşamağı öyrənir, ömrünün böyük bir hissəsini Günəşi izləməklə keçirir...

Səbəbini bilmirəm, ancaq hər dəfə bu əsəri oxuyanda, haqqında danışanda, yaxud da Vətən mövzusunda nə isə qələmə alanda qeyri-ixtiyari igidlərimizin 44 günlük Vətən müharibəsində əldə etdikləri şanlı qələbəni xatırlayıram. Bəlkə də həmin elatın haqqında danışdığı o Günəş igidlərimizin min illər boyu oduna yanıb-alovlandığı azadlıq eşqidir. Bəlkə də at belində ömürünü Günəşi təqib etməyə həsr edən elat, oğlunu, qızını Vətən yolunda qurban edən xalqımızın əsərdəki təcəssümüdür...

Bəli, o Günəş azadlıqdır, müstəqillikdir. Azadlıq Günəşinin ardınca dayanmadan gedən, onu təqib edən, əgər ardınca getməsə öləcəyinə, məhv olacağına inananlar isə xalqımızdır, bu xalqın igidləri, Qarabağsız bir ömrün heç olacağına inanan, bu uğurda canından keçən şəhid qəhrəmanlarımızdır... Həmrəyliyiniz daim olsun, cənnət cavanları.  Heç zaman unudulmayacaq olan həmişəyaşar ruhunuza dərin, hörmət və ehtiramla...

Məcid RƏŞADƏTOĞLU

 

 

Nəşr edilib : 31.12.2023 13:20