AZ EN RU

Həmrəyliyin, iradənin təntənəsi: separatçı tabutuna vurulan son mismar

Fevralın 14-ü ölkəmizin ictimai-siyasi həyatında olduqca əlamətdar hadisə, Zəfər seçkisinin Müzəffəri cənab İlham Əliyevin andiçmə mərasimi ilə yadda qaldı. Dövlət başçısı mərasim zamanı söylədiyi dərin məzmunlu nitqində Azərbaycanın siyasi, hərbi, iqtisadi, mədəni, bir sözlə, bütün sahələrdə qazandığı uğurlardan, gələcək hədəflərdən söhbət açdı, qərbin çaldığı hər havaya qol qaldırıb oynayan Ermənistanı və onun havadarlarını pərişan edib yerinə oturdan növbəti mühüm mesajlar verdi.

Nitq boyu diqqətçəkən məqamlar arasında hərbi qüdrətin artırılması, azad olunan torpaqların bərpası, yoxsulluğun minimuma endirilməsi, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi, ideoloji işin gücləndirilməsi, neft və qeyri-neft sektorunun inkişafı xüsusi yer aldı. Bu tarixi məqamlara televiziya ekranlarından, mətbuatdan şahidlik edən ölkənin çoxminli auditoriyası, siyasi analitiklər, ekspertlər üçün ən yaddaqalan anlardan biri, heç şübhəsiz, seçki günü Prezidentin Xankəndidə səsverməsinin rəmzi mənasının açıqlanması idi. Belə ki, prezident seçkilərinin ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilməsinin çoxəsrlik tariximizdə xüsusi yerə malik olduğunu diqqətə çatdıran qalib lider bu addımı ilə bədxahları tarixi həqiqətlə barışmağa sövq etdiyini bildirdi. Sitat: “...məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi...”

Dünyanın hazırkı geosiyasi vəziyyəti, ölkələrarası soyuq müharibələr, münaqişələr zəminində əlverişli nəqliyyat-logistika imkanları, eləcə də investisiya cəlbediciliyi, iqtisadi səmərəliliyi, zəngin yeraltı, yerüstü sərvətləri baxımından olduqca əhəmiyyətli mövqedə dayanan Azərbaycana qarşı xarici təhdidlərin olacağı gözləniləndir. Ancaq 44 günlük Vətən müharibəsi və ardınca cərəyan edən ictimai-siyasi hadisələr, lokal xarakterli antiterror tədbirləri, sərhəddə baş verən son təxribatlar da bir daha sübut etdi ki, xalqımızın birliyi, iradəsi, ordumuzun qüdrəti qarşısında heç bir fitnəkar qüvvə dayana bilməz. İllərdir, haqsızlıq, ədalətsizlik qarşısında lal-sükuta qərq olan AŞPA-nın yersiz davranışları fonunda Zəfər seçkisinə yollanan qalib xalqın nümayəndələrinin, məxsusən də gənclərin Qalib Liderinə parlaq qalibiyyət yaşatması isə bu həmrəyliyin, birliyin, iradənin sarsılmazlığından, davamlılığından xəbər verdi. Bəli, dünya bir daha şahid oldu ki, Qarabağda dastan yazan, milli dəyərlərə bağlı Azərbaycan gəncliyinin qanında vətənpərvərlik cövlan edir və bu Vətənə, dövlətə, dövlətçiliyə bağlılığı qırmaq mümkünsüzdür. Ölkə Prezidenti bir çox çıxışlarında diqqətə çəkdiyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ideoloji xəttin möhkəmləndirilməsi məsələsinin andiçmə mərasimindəki nitqində də yeni dövrün çağırışları baxımdan mühümlüyünü vurğuladı: “...gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz...”

Müharibədən sonrakı mərhələdə dövlət siyasətinin əsas prioritetləri sırasında ərazilərin minalardan təmizlənməsi və azadlığına qovuşan torpaqların yenidən bərpası dayanır ki, artıq ötən bir neçə il ərzində bu istiqamətlərdə ciddi irəliləyişlər əldə olunub. Ən təqdiredici məqam isə Azərbaycanın bu prosesi təkbaşına, heç bir beynəlxalq təşkilatdan yardım, dəstək almadan həyata keçirməsidir. Aparılan tədbirlər çərçivəsində indiyədək 120 min hektardan çox ərazi minalardan təmizlənib. Lakin çirklənən ərazinin miqyası genişdir və bu da təəssüfedici halların yaşanmasına yol açır. Ermənistanın beynəlxalq prinsiplərdən boyun qaçırması, doğru mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməməsi nəticəsində bu günədək 300-dən çox insan həyatını, sağlamlığını itirib. Qarşı tərəfin çirkin kampaniyalarına baxmayaraq, dövlətimizin quruculuq, abadlıq siyasəti uğurla davam edir, şəhər, qəsəbə və kəndlərimiz müasir görkəminə qovuşur, soydaşlarımız öz el-obalarına qayıdırlar. Hazırda bütün sosial infrastruktur yenidən qurulur, xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası sayəsində öz yurdlarına köçən zəngilanlılar, füzulililər, laçınlılar kimi, yaxın gələcəkdə Xocalı, Xankəndi sakinləri də bu sevinci yaşayacaqlar. Andiçmə mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev məhz bu məqama da xüsusi toxunaraq diqqətə çatdırdı ki, bu günə qədər, təxminən, 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planda azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirmək vardır. Ümumilikdə, Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və bu müddətdə 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq...

Ölkə rəhbəri çıxışı zamanı dövlət siyasətinin vacib vəzifələrindən birinin bərpa olunan enerji ilə bağlı olduğunu bildirdi. Sitat: “...Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat...” Bu xüsusda onu da vurğulamaq lazımdır ki, ölkəmizin bərpa olunan enerji ixracı siyasətində Naxçıvan Muxtar Respublikasının mövcud potensialından istifadə də əsas prioritetdir. Bu məqsədlə işçi qrupu yaradılıb, 2023-cü ilin əvvəlindən beynəlxalq enerji şirkətlərinin nümayəndələri ərazilərə baxış keçirib, kameral araşdırmalar aparılaraq potensial müəyyənləşdirilib. Sentyabrın 29-da Naxçıvan şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı da bu məsələdə həlledici əhəmiyyətə malik olub. Konfrans çərçivəsində külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə imzalanan əməkdaşlıq sənədləri Naxçıvanın Türkiyə üzərindən “yaşıl enerji”nin istehsalı – ixracının mənbəyinə çeviriləcəyinə əsaslı zəmin yaradacaq. Nəzərə alsaq ki, 2024-cü ildə Azərbaycan COP29-a –  dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək və bu konfransın əsas məqsədi qlobal iqlim dəyişiklikləri ilə mübarizədir, o zaman Azərbaycanın bərpa olunan enerji sahəsində qarşıya qoyduğu hədəflərə çatmaq üçün cari ildə böyük imkanlar yaranacağını əminliklə söyləmək olar...

Ümumilikdə, ölkə Prezidenti andiçmə mərasimindəki çıxışında Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətlərinə bir daha aydınlıq gətirdi və əsas məqsədin iqtisadi inkişafa və sosial rifaha xidmət etdiyini vurğuladı. Niqtinin sonunda bir daha Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Qalib Lider ölkəmizin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan mövqeyinin dəyişilməyəcəyini, istənilən halda qarşıya qoyulan hədəflərə çatılacağına əminliyini bildirdi. Heç bir kənar qüvvənin “dəmir yumruğ”un siyasi iradəsinə, qətiyyətinə təsir edə bilməyəcəyinə bir daha əminlik yaradan dövlətimizin başçısı növbəti dəfə araya nifaq toxumları səpən qüvvələrə hədlərini göstərdi: “...yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun...” 

Nail ƏSGƏROV

Nəşr edilib : 15.02.2024 16:32