AZ EN RU

Həmrəyliyimizin əsas formulu: “Dəmir yumruq” və Zəfər salnaməmiz

Hər il olduğu kimi dekabrın 31-də - ilin sonuncu dəqiqələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımıza təbrik müraciəti ünvanladı. Artıq üçüncü ildir ki, cənab Prezident bütöv Azərbaycanın Müzəffər Ali Baş Komandanı kimi qalib xalqa ilin nailiyyət yekunundan danışırdı. Elə müraciətə başlayarkən suverenliyimizin tam bərpasının məhz 2023-cü il ərzində reallaşdığını diqqətə çatdıran İlham Əliyev cəmi birgünlük antiterror əməliyyatı ilə işğalçıların ərazimizdən çıxarılması prosesini böyük uğur kimi ön plana çəkərək bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. 
Müzəffər sərkərdə ordumuzun zəfərindən danışarkən separatçı və revanşist qüvvələrin ərazilərimizə hərbi baza toplamasının Ermənistanı sülh yolundan uzaqlaşdırdığını və antiterror əməliyyatının qaçınılmaz olduğunu nəzərə çatdırdı. Cənab Prezident ordumuzun cəmi birgünlük əməliyyatı ilə qələbəmizi əbədi zəfərə daşımasını dilə gətirsə də, qələbənin əsas hissəsinin onun diplomatik cəbhədə böyük strateq nümunəsi sərgiləməsi və bunun qələbənin əsas sirrini təşkil etdiyini bütün Azərbaycan xalqı yaxşı bilir.
Müraciətdə əzmli qələbəmizdən sonra dünyada yaşayan hər bir azərbaycanlının fəxarət hissi ilə yaşadığını vurğulayan Prezident İlham Əliyev öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını hansı qətiyyətlə müdafiə etdiyini bir daha göstərdi. Öz xalqı ilə vəhdətdə olan liderin qeyd etdiyi “Ermənistana havadarlıq edən, onlara dəstək olan bir sıra qərb ölkələrinin ikili mövqeyinin iradəmizi heç bir halda sarsıda bilməməsi, haqq yolumuzdan döndərə bilməməsi” fikri anti-azərbaycan qüvvələrə və qərbə böyük mesaj idi.
Prezident İlham Əliyev müraciətdə Böyük Qayıdış - Qarabağ və Şərqi Zəngəzur mövzusuna da toxunaraq həmvətənlərimizin öz doğma torpaqlarına geri qayıtması ilə müxtəlif yaşayış məskənlərində artıq həyatın bərpa edildiyini də nəzərə çatdırdı. Qarabağda qısa zamanda yenidən qurulan kəndlər və şəhərlər, ümumilikdə buranın böyük tikinti meydançasına çevrilməsi Azərbaycanın iqtisadi inkişafının maddi əsaslarının möhləmliyinin göstəricisidir. Prezidentin qeyd etdiyi geniş bərpa işləri ilə bağlı göstəricilər dövlətimizin sülhə, əmin amanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu, bütün dünyaya bəyan etdi.
Ölkəmizin artan beynəlxalq nüfuzuna toxunan dövlət başçısı bu il COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən dəstəklənmiş qərarın beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutunu ortaya qoyduğunu da diqətə çatdırdı. Bəli, cənab Prezidentin dediyi kimi bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.
2023-cü ili daha da yaddaqalan edən hadisələrdən bir digər səbəbin isə Ulu Öndərin doğum gününü məhz Şuşada keçirdiyini qeyd edən Ali Baş Komandan Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərini bildirdiyini və 15 oktyabrda Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə Dövlət Bayrağını qaldırmasını Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti olduğunu Azərbaycan xalqının nəzərinə çatdırdı. Bəli, 2023-cü ilin əvvəlindən sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirildi. Amma bunların ən əzizi, cənab Prezidentin də dediyi kimi azad olunmuş ərazilərdə qaldırılan bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında keçirilən Zəfər paradımız idi. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Ulu Öndərin arzusunu çin etdi.
Prezident cənab İlham Əliyev xalqımıza müraciətini böyük arzularla, diləklərlə yekunlaşdırdı, həmrəyliyimizin əsas formulunun Zəfər salnaməmiz olduğunu və “Dəmir yumruğ”u birlik rəmzimiz kimi qeyd etdi. Xalqımızı əmin etdi ki, “Dəmir yumruq” hər zaman yerində olacaq. Bəli, bizə baxan bütün kəm gözlər bilməlidir ki, “Dəmir yumruq” yerindədir. Qoy, “Dəmir yumruğ”unuz hər zaman yerində olsun, Cənab Prezident! Qoy xalqımızın, dövlətimizin, ordumuzun birliyi heç vaxt sarsılmasın!


Fuad Mirzəyev
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı

Nəşr edilib : 03.01.2024 12:36