AZ EN RU

Həmrəyliyimiz bizə böyük Qələbəni qazandırdı

 Orxan HƏSƏNOĞLU

Azərbaycan-Kipr 
Dostluq Cəmiyyətinin rəhbəri


    Əvvəlcə mən Mustafa Kamal Atatürkün ifadəsi ilə desək “Türk qapısı” olan, mənim də doğulub böyüdüyüm Naxçıvana, orada fəaliyyət göstərən “Şərq qapısı” qəzetinin bütün əməkdaşlarına salamlarımı çatdırıram.  
    Hazırda rəhbərlik etdiyim Azərbaycan-Kipr Dostluq Cəmiyyəti 2012-ci ilin mart ayında qurulub və həmin tarixdən diaspor sahəsində aktiv fəaliyyət göstərir. Yarandığı gündən cəmiyyət Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımızı öz ətrafında toplayıb. Fəaliyyətimizin mərkəzində Azərbaycan dövlətinin və xalqının milli maraqları durur, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliğ olunması əsas məqsədimizdir. 

    Qeyd edim ki, diaspor təşkilatı olaraq çox həssas və əhəmiyyətli bir fəaliyyətin məsuliyyətini daşıyırıq. Bəzən fəxri səfirlik, bəzən diaspor təşkilatı, bəzən də Azərbaycan təmsilçiliyi kimi bu vəzifələri könüllülük prinsipi ilə öz üzərimizə götürürük. Bildiyiniz kimi, Azərbaycan və Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatı çətiri altında qarşılıqlı iş aparırlar. Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına namizəd olaraq göstərilməsində dövlət başçımız, cənab İlham Əliyevin böyük rolu var. Bu, əslində, dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin mərkəzində türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsinin dayandığını göstərir. Bu da təbiidir. Çünki Azərbaycan hazırda nüfuzlu və qüdrətli dövlətdir. Ölkəmizin beynəlxalq nüfuza malik olması xaricdə yaşayan hər bir azərbaycanlını sevindirir, eyni zamanda diaspor təşkilatlarımızın inkişafına töhfə verir. Biz də Azərbaycan-Kipr Dostluq Cəmiyyəti olaraq hər zaman bu imkanlardan yararlanmışıq. 

    Bu gün  cəmiyyət olaraq üzərində durduğumuz ən aktiv fəaliyyət təhsildir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir”. Biz də gələcəyimiz olan gəncliyimizi düzgün yönləndirmənin vacibliyini dərk edirik. Savadlı kadr yetişdirmək milli dəyərlərə və xalqa xidmətdir. Müasir dövrün öz tələbləri var, təbliğat-təşviqat məsələləri artıq dəyişib. Azərbaycançılıq ideyasını gənclərə aşılamaq üçün biz yeni metodlardan istifadə edirik. Mərkəzimizdə müxtəlif bölmələr fəaliyyət göstərir. Bunlar arasında “Həftəsonu” Azərbaycan Milli Məktəbi var. Azərbaycanlı rəssamlarımızın köməyi ilə Rəssamlıq Akademiyası yaratmışıq. Burada Azərbaycan milli rəqsləri bölümü, Azərbaycan Musiqi Akademiyası fəaliyyət göstərir. Cəmiyyətimizin kitabxanası var. Burada türk xalqlarının tarixi, ədəbiyyatı ilə bağlı da zəngin kitablar mövcuddur. Həmçinin azərbaycanlı alim Lütfi Zadənin adını daşıyan Robotik Kodlama və Texnologiya Mərkəzi yaratmışıq. Bu mərkəzin maddi-texniki bazasına Türk İş Birliyi və Koordinasiya Agent­liyi böyük dəstək göstərib. Onlar bizi müasir robotlar, kompüterlər ilə təchiz ediblər. Bütün bunlar da təhsildə innovativ biliklərin tətbiqinə imkan verir. 

    Son dövrlərdə fəaliyyətimizin əsas istiqaməti 44 günlük Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərgilədiyi cəsarət, ordumuzun rəşadəti, qazilərimizin əzmi və xalqımızın birlik iradəsi ilə bağlı idi. Bu istiqamətdə təşkil etdiyimiz tədbirlərdə soydaşlarımızla yanaşı, Şimali Kiprdə yaşayan digər xalqların nümayəndələri də iştirak edirdi. Məqsədimiz Qarabağ probleminin mahiyyətini, Azərbaycanın apardığı haqq savaşını doğru şəkildə çatdırmaq idi. Düşünürəm ki, buna nail ola bildik. 
    Bu gün artıq yeni dövrə qədəm qoymuşuq, önümüzdə yeni imkanlar açılıb. Bu imkan bizə ölkəmizi daha dolğun şəkildə təqdim etməyə şərait yaradır. Həmçinin dünya azərbaycanlılarının Vətənlə əlaqələrinin inkişafı üçün çoxsaylı tədbirlər təşkil edilir. Dünya Azərbaycanlılarının Qurultayı bu sırada müstəsna yeri olan tədbirlərdəndir. Mən özüm iki dəfə bu qurultayda iştirak etmişəm. Son qurultay 22 aprel 2022-ci ildə Şuşada keçirildi. Bu inanılmaz bir duyğu idi. Uzun illər görmədiyimiz, amma böyük təəssüf  ilə işğalını dilə gətirdiyimiz Qarabağımızı azad görürdük. Qəhrəman əsgərlərimizin ayaq basdığı pak torpaqlardaydıq. Bütün bunlar bizim üçün doğma hiss idi. Torpaqlarımızın bütövlüyünü həm hiss edir, həm də görürdük. 
    Bu gün Şimali Kipr Türk Respublikasında soydaşlarımızın sayı çox deyil, bu ölkədə, təxminən, 1500 azərbaycanlı yaşayır. Onlar arasında 300-ə yaxın tələbəmiz var. Həmçinin Şimali Kipr Türk Respublikası universitetlerində 40-dan çox professor-müəllim heyətimiz var. Amma sayımızın az olmasına baxmayaraq, cəmiyyət olaraq koordinasiyalı şəkildə iş aparırıq, daim müxtəlif mövzularda tədbirlər təşkil edirik. Əvvəllər təqvimimizdə qara günlərin sayı çox idi. İndi isə vəziyyət fərqlidir. Əvvəllər rayonlarımızın işğal günlərini xatırlayırdıqsa, bu gün, əksinə, həmin bölgələrimizin işğaldan azad olunması gününü qürurla qeyd edirik. Məhz həmrəyliyimiz, Ali Baş Komandanın ətrafında birliyimiz bizə Vətən müharibəsində ən böyük Qələbəni qazandırdı.
    Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu günü dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar böyük fəxrlə qeyd edirlər. Biz də fürsətdən istifadə edib cəmiyyətimiz adından dünya azərbaycanlılarını qarşıdan gələn həmrəylik günü münasibətilə təbrik edir və inanırıq ki, Vətən müharibəsi dövründə ortaya qoyduğumuz dəmir həmrəyliyimiz əbədi olacaq!     

Nəşr edilib : 13.12.2023 18:07