AZ EN RU

Həmrəylik günündən Türk birliyinə

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Naxçıvanda xalqın böyük dəstəyi ilə seçildiyi Ali Məclisə sədrliyinin birinci ilində – 1991-ci il dekabrın 16-da 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etdi. Bununla bağlı Naxçıvan Ali Məclisi Qərar qəbul etdi. Həmin qərarda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi bütün ölkədə rəsmi qeyd edilməsi üçün Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilməsi nəzərdə tutuldu.

Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifəsindən istefa edib Naxçıvana gəldiyində və xalqın böyük dəstəyi ilə Ali Məclisin sədri seçiləndə  Naxçıvan və Azərbaycan çox çətin vəziyyətdə idi. Bu vəziyyətdən xilas olmaq üçün əvvəlcə Türk dünyasının diqqətini Naxçıvana və Azərbaycana çəkmək lazım idi. Dahi şəxsiyyət bunu artıqlaması ilə bacardı. Həmrəlik gününü elan edəndə öz çıxışında dünya ictimaiyyətinə önəmli mesajlar vermiş, xarici mətbuatın diqqətini Naxçıvana çəkməyi bacarmışdı. Ümummilli Liderin həmrəyliklə bağlı atdığı addımların əsl mahiyyəti illər sonra daha aydın anlaşılacaqdı. Belə ki, 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qərarının bu gün gəldiyi yerə nəzər salsaq cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı birliyində önəmli yer alması, bu təşkilatın qurulmasındakı öncül liderlərdən biri olması təsadüfi deyildir. Heydər Əliyevin atdığı addım bütün dünyada yaşayan Azərbaycan türklərinin həmrəyliyini ortaya qoydu. Eyni zamanda bu addım, əslində, bütün dünyadakı türkləri əhatə edir və onlar da bu həmrəyliyə dəstək olaraq Azərbaycanın haqq davasında onunla birlikdə hərəkət edirlər.

Əvvəllər Turan birliyi, sadəcə, arzu idisə, Heydər Əliyevin misilsiz xidmətləri sayəsində bu gün artıq birliyə gedən yol yeni bir mərhələyə qədəm qoymuşdur. Ümid edirik ki, bu birliyin işığı bütün türk dövlətlərini əhatə edəcək. Və bu həmrəylik bütün Türk dövlətlərində qeyd olunacaq.  

Turan birliyinin qurulması keçmişdə bizə xəyal kimi görünürdü. Amma bu gün reallıqdır. Bu birliyin memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Türk Dövlətləri Təşkilatı da bu birliyin sağlam təməlləri üzərində inşa edilməkdədir.

Dahi Heydər Əliyevin bizə miras qoyduğu Həmrəylik Gününüz mübarək olsun!

 

Cabbar ŞIKTAŞ

Nəşr edilib : 30.12.2023 14:46