AZ EN RU

Həmrəylik günü hər bir azərbaycanlı üçün gələcəyə inamdır

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün gələcəyə inamdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
    Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”, – deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən Ulu Öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur. 
    Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə əsl müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında deyilir: “Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün siyasi uğurlarının əsasını təşkil edən, ONU dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəldən milli dövlətçilik təlimi Azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq ideyasını siyasi ideologiya səviyyəsinə məhz dahi Heydər Əliyev çatdırmışdır. Məhz Ulu Öndərimizin zəngin siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik, tolerantlıq, müasir inkişaf və tərəqqi təmin edilmişdir. Görkəmli dövlət xadiminin bir böyük tarixi uğuru da özündən sonra müstəqil Azərbaycanın xoşbəxt və firavan gələcəyinin etibarlı təminatına çevrilən mükəmməl siyasi-ideoloji məktəb yaratması idi. 
    Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycanın əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik. Ümummilli Liderin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin daimiliyinin, sarsılmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə məhdudlaşmırdı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal ətrafında səfərbər edən Azərbaycançılıq ideologiyasını da yaratdı. 
    Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dərinməzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir. 
    Bu gün Ümummilli Liderimizin bizə ərməğan etdiyi Azərbaycanın dövlət müstəqilliyi etibarlı əllərdədir. Xalqımız Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın firavan gələcəyinə, ölkəmizin inkişaf və tərəqqisinə qarant olan yeni bir lider qazanmışdır. Qədirbilən xalqımız müstəqilliyimizin memarı və qurucusu dahi Heydər Əliyevin milli dövlətçilik ideyalarını əsas tutaraq müstəqillik yolu ilə, inamla daha xoş gələcəyə doğru irəliləyir. 
    Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan cənab İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlət başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda milli maraqları dönmədən uğurla müdafiə edir. Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu getdikcə artır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərində 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə isə IV qurultaylarının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi.
     Xalq olaraq bu birliyimizin ən parlaq nailiyyətini 44 günlük müharibədə əyani şəkildə gördük. Bu gün Azərbaycan xalqı qürurludur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, tarixinə, hər qarış torpağına sahib çıxan xalq məğlubedilməzdir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəngin dövlətçilik tarixinin Qələbə səhifəsini yazmaqla Ermənistana, ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsini keçdi. Bu dərsləri dövlət başçısı cənab İlham Əliyev müharibənin getdiyi dövrlərdə xarici mətbuata müsahibələri ilə keçmişdi. 
    Haqq-ədalət Zəfər çaldı. Bu Qələbəmizdə dünya azərbaycanlılarının rolu inkaredilməzdir. Döyüş meydanında üstünlüyümüzə əsas yaradan diplomatik qələbəmizdə dünya azərbaycanlılarının da öz payı vardır. Məhz bu qürur dünya azərbaycanlılarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirərək Zəfər Qurultayını keçirmələrini şərtləndirdi. Soydaşlarımız postmünaqişə dövründə qarşılarında dayanan vəzifələri Şuşada müzakirə etdilər. Bu məkandan dünyaya ünvanlanan birlik, həmrəylik mesajları Azərbaycan xalqının öz torpağına sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi.
    Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi bu fikirlər hər birimizdə böyük qürur hissi yaratdı: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. 
    Azərbaycanın Zəfəri ilə bitən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında həmrəy olduğunu nümayiş etdirdi. 2022-ci il aprelin 22-23-də dünya azərbaycanlıları parlaq Zəfərimizin qürurunu bir daha Şuşa zirvəsində yaşadılar, qurultayda dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya bəyan etdilər.
    Dahi Öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır!

Sevda QULUYEVA
 Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı 

Nəşr edilib : 20.12.2023 17:58