AZ EN RU

“Həmrəylik – ən böyük zəfərlərə aparan yol” adlı tədbir keçirilib

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, dövlətimizin və məğrur, qürurlu xalqımızın 2023-cü ildə qazandığı uğurlara, əldə etdiyi misilsiz nailiyyətlərə, bir ildə sərgilədiyi, dünyanı riqqətə gətirən zəfər dolu tarixi anlara həsr olunmuş videoçarxa baxış keçirilib.

Sonra çıxış edən institutun rektoru Azad Novruzov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu və dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyinin təmin edilməsi üçün məqsədyönümlü tədbirlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Rektor diqqətə çatdırıb ki, artıq üç ildir Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu.

Azad Novruzov tədbir iştirakçılarını və bütün xalqımızı bayramlar münasibətilə təbrik edib, yeni ildə bol-bol nailiyyətlər arzulayıb.

Daha sonra Yeni ilin arzuolunan rəmzləri olan Şaxta baba və Qar qız tədbirə dəvət olunub, onların gənclərə səsləndirdiyi suallar əsasında iştirakçılara hədiyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Pedaqoji fakültənin rəhbərliyi ilə institutun tələbələrinin hazırladıqları bir-birindən maraqlı şeir, mahnı, rəqs və kompozisiyalar nümayiş olunub.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 30.12.2023 17:13