AZ EN RU

Həmrəylik, birlik-bərabərlik Qələbəyə aparan yol oldu

Doğma torpaqlarımızı havadarlarının dəstəyi ilə qəsb edən, hər zaman xalqımıza qarşı kin bəsləyən mənfur erməni təcavüzkarları soydaşlarımızı ata-baba yurdlarından didərgin salaraq, kütləvi qırğınlar, soyqırımlar törətməklə 28 il Vətənimizin dilbər guşəsi olan Qarabağda məskunlaşdı. Onların faşistliyi üzündən bir milyondan artıq məcburi köçkün torpaq həsrəti yaşadı, yüzlərlə insan dünyadan köçəndə doğma yurdlarında dəfn olunmaq arzusu ilə yandı. Yüzlərlə qəlb sınıq, gözlər yaşlı qaldı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad etdik.

Amma Azərbaycanımızın müasir qurucusu, ümummilli liderimiz Heydər Əliyev bir an da olsun gözü yolda qalmış məcburi köçkünləri yalnız buraxmadı. Hər görüşündə, hər çıxışında “Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, məcburi köçkünlər tezliklə yurd-yuvalarına geri dönəcəklər” deyərək, hər kəsə təsəlli dolu gələcək verdi. Ümummilli liderimizin müdrik siyasəti nəticəsində dövlətimiz davamlı olaraq inkişaf etməyə, beynəlxalq aləmdə özünü təsdiq etməyə başladı. Və nəhayət Ali Baş Komandan  Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi.

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Tapdaq altında inildəyən, bizdən imdad diləyən torpaqlarımızı ikiüzlü, hiyləgər ermənilərdən azad etmək üçün “Dəmir yumruğa” döndük,  yalnız qələbə əzmi nümayiş etdirilərək rəşadətli  ordumuza dəstək olduq. Ölkəmizdə hər kəs Müzəffər Ali Baş Komandanın İlham Əliyevin ətrafında birləşdi. Bu qələbə əzmi, həmrəylik, birlik-bərabərlik cəmi 44 günə bizi Qələbəyə çatdırdı.

 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən  mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətdi. Vətən müharibəsində Silahlı Qüvvələrimizin  3000 nəfərədək hərbi qulluqçusu həlak oldu, onlarla hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız qəhrəman  şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında  Anım Günü kimi qeyd edilməsi qərara alındı.

27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. 44 gün ərzində biz öz ərazi bütövlüyümüzü bərpa edərək düşməni torpağımızdan qovduq, milli ləyaqətimizi bərpa etdik. Hər il 27 sentyabr Anım günündə Prezident İlham Əliyevin xalqa etdiyi müraciət bizi Qalib xalq olaraq bir daha duyğulandırır, qürurlandırır! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyuruq. Ötən il 27 sentyabr Anım günündə Prezident İlham Əliyevin xalqa müraciətində erməni vandallarının azğınlığı, təxribat ocağı olmaları ilə bağlı vurğuladığı məqamlar bu günlərdə bir daha özünü göstərdi: “…   Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir.

44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!

Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Bəli, yenə də mənfur ermənilər öz murdar xislətlərindən əl çəkməyərək təxribata əl atır, ərazilərimizə hücumlar təşkil edirlər. Lakin hər dəfəsində də rəşadətli Ordumuzun – cəsur əsgər və zabitlərimizin sayıqlığı, qəhrəmanlığı ilə layiqli cavablarını alırlar. Bu müqəddəs yolda vətən sevgisi, qəhrəmanlıqları ilə dillərə dastan olmuş şəhidlərimizi, qazilərimizi hər zaman qürurla xatırlayır, şəhidlərimizin ruhu qarşısında baş əyirik.  

Cavid EYVAZOV

Naxçıvan şəhər 1 saylı notariat ofisinin notariusu

Nəşr edilib : 26.09.2022 10:38