AZ EN RU

Həmin gün Günnütdə dalğalan bayraq indi Şuşanı bəzəyir

Artıq 6 ildir ki, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı “Günnüt” yazılan lövhəyə baxanda qürur hissi keçiririk. Çünki bu lövhənin göstərdiyi istiqamətə gedən yol bizi azad Vətən torpağına aparır. Amma elə-belə sadə bir yol deyil bu yol. Qəhrəmanlıq dastanıdır bu yol, şərəf qeyrət igidlik yoludur. 34 il bundan öncə isə bu lövhəyə baxanda bunları görürdük:

 Ötən əsrin 90-cı illəri yaddaşımıza həm çətin, həm də birlik, qəhrəmanlıq illəri kimi yazılıb. Həmin illərdə Azərbaycanımız bədnam qonşularımızın hücumuna məruz qalmışdı. Muxtar respublikamızdakı vəziyyət isə heç də ürək açan deyildi. Düşmən hücumları ilə bərabər blokadaya da alınan yurdumuzda insanlar çətin də olsa düşmən hücumlarının qarşısını mərdliklə alır geri çəkilmirdilər. O günlərdə Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Mənfurların atdıqları mərmilər rayon mərkəzinə belə düşürdü. Sədərəkdə qanlı döyüşlər getməsinə baxmayaraq düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi. O Günnüt ki, orada Asəf Rəhimov kimi oğullar son ana kimi döyüşmüş? düşmənə əsir düşməmək üçün son gülləsi ilə öz canına qıymışdı. Onun da ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Gözləri yol çəkdikcə doğma yurdun səbri tükənirdi igidlərin. Və həmin gün – 2018-ci ilin bir yaz səhəri hamını sevinc göz yaşına boğan bir xəbər gəldi Günnüt azaddır. Bu iki kəlmə söz illərdir yollara dikilən gözləri sevinc göz yaşına boğdu. Bu iki kəlmənin sədası düşməni qorxuya saldı. Elə bir qorxuya ki, bu xəbərin düzgünlüyünü təsdiq edəcək cəsarətləri olmadı. Erməni hakimiyyəti bu hadisəni günlərlə öz xalqından gizlətdi.

Ali Baş Komandan cənab İlham Əliyev 2018-ci ildə qazanılan zəfər haqqında deyib: “O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır. Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

Bəli bu həmin Günnüt idi ki, bir gecədə heç bir itki verilmədən azad edilmişdi. 2018-ci il may ayında kənd və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahibləndi, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoymuşdular) nəzarət altına keçdi. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsi idi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb.

Aprel, Günnüt Zəfəri ilə addım-addım böyük qələbəyə doğru gedən yola nəzər salanda gördüklərimiz qəlbimizi qürurla doldurur. Bir vaxtlar Qızılqayadan baxanda Qarabağımızın başı qarlı dağlarını görəndə görəsən nə vaxt o dağlara o ellərə əbədi qayıdacağıq, Qarabağda nə vaxt toy-büsat quracağıq deyirdik. Zəfərdən cəmi iki il sonra Qızılqayadan o ellərə fəxrlə baxır igidlərimiz. Bu gün fəxr və qürur hissi ilə deyirik ki, Günnüt zəfərini qazanan igidlərimizin səsi Vətən müharibəsində Şuşadan, Cəbrayıldan, Zəngilandan gəldi. Həm aprel döyüşləri, həm Günnüt zəfəri Azərbaycan əsgərinin gücünü bir daha göstərdi. Xalqımız inandığı kimi bu qələbə yürüşümüz ərazi bütövlüyümüz bərpa olunana kimi davam etdi. Və o zaman şanlı bayrağımız bütöv Azərbaycanın başı üstündə dalğalanıb “Gözün aydın, Vətən!” – dedi.           

                   Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 27.05.2024 09:00