AZ EN RU

Həm döyüş şəraitində, həm də hərbi təlim zamanı köməyə çatacaq sistem

Muxtar respublikada  təhsil sahəsi daim diqqətə saxlanılır, dünyada baş verən mütərəqqi yeniliklərin, innovasiyaların tətbiqi yüksək keyfiyyət  əldə edilməsi ilə nəticələnir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi bu mənada uğurlu layihələrdən biridir. 2019-cu ilin noyabr ayından start verilən layihənin əsas məqsədi Naxçıvan şəhər ümumtəhsil məktəblərinin  IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların intellektual potensiallarının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir.

Azərbaycan Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun “Geoekologiya və seysmalogiya” laboratoriyasının əməkdaşı Aytən Kərimova qeyd etdi ki, artıq bir neçə ildir, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi həyata keçirilir. Layihədə şagirdlər bir neçə sahə üzrə elmi rəhbərləri ilə birlikdə elmi-tədqiqat işləri aparır, araşdırmalar edir, əhəmiyyətli layihələr ərsə gətirirlər. Elmi rəhbəri olduğum Naxçıvan Qarnizonu tam orta məktəbinin X-cu sinif şagirdi Oğuz Nəcəfli ilə birgə “Sabahın tədqiqatçıları” üçün “Silahların temperaturunun ölçülməsi və soyudulması sistemi” layihəsini hazırladıq.

Layihənin əhəmiyyətindən danışan müsahibim dedi:– Ordumuzun Şanlı Tarix yazdığı 44 Günlük Vətən müharibəsi müasir texnologiya və yeni nəsil texnikadan istifadənin döyüşlərdə uğur qazanmaq üçün nə qədər vacib olduğunu sübut etdi. Müasir texnologiyaların tətbiqi ilə döyüşlər zamanı ordumuz daha az itki verdi. Hətta Qarabağın döyünən ürəyi Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatında yüngül odlu silahlardan istifadə olunması buna bir nümunədir. Bu zaman əsgər və zabitlərimiz alternativ variant olaraq əlbəyaxa döyüş taktikasını seçdilər. Onlar yüngül silahlarla meşələrdən, dərələrdən, qayalardan, dağlardan keçərək düşməni üzbəüz döyüşdə məğlub etdilər. Təkcə bu əməliyyata nəzər salsaq, yüngül texnikanın nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Müharibə və hər hansı bir kəşfiyyat əməliyyatı zamanı silahın lülə, lülə qutusu, nişangah mexanizmi, qundaq və lülə yatağının isinməsi döyüş şəraitində həm zabit, həm də silah üçün çətinlik yaradır. Bu problemin həllinin tapılması üçün silahların temperaturunun ölçülməsi və soyudulması sisteminin yaradılması vacib tələblərdəndir.  Hazırladığımız “Silahların temperaturunun ölçülməsi və soyudulması sistemi” layihəsi bu çətinliyi aradan qaldırmağa imkan yaradır. Layihənin hazırlanması üçün KY 028  istilik sensorundan, arduino nanodan, pərlərdən, RF300 motorundan, LCD ekranlardan, prototipin çap edilməsi üçün filamentdən, 3D printerdən, silahın boyanması üçün müxtəlif rəngli boyalardan, buzzerdən, dövrələrin birləşdirilməsi jumper naqillərdən, enerji mənbəyi kimi lipo batareyalardan və batareya qutusundan istifadə olunub. Layihənin həyata keçirilməsi zamanı arduino nanoya KY 028  istilik sensoru birləşdirilir, temperatur təyin edildikdən sonra məlumat sistemə daxil olur. Əgər temperatur qoyulan limitdən çox olarsa, yerləşdirilən LCD ekranda bu haqda məlumat əks olunur.  Bu prosesdən sonra buzzer vasitəsilə səs siqnalları ötürülür, motor və pərlərdən hazırlanmış fan işə düşür və son olaraq mexanizm soyumağa başlayır. Silahın isinməsi zamanı iç mexanizm az da olsa zərər görür. Bunun birinci səbəbi silahın həddindən artıq isinməsi zamanı silahın aşınmasıdır. Bunun qarşısının alınması üçün silah soyumalıdır. Silahın soyudulması isə döyüş şəraitində olduqca çətindir. Biz isə silahın həm döyüş şəraitində, həm də hərbi təlim zamanı soyumasını təmin edən sistem hazırlamışıq.

Hərbi sənayenin inkişafı üçün müasir texnologiyalar əsasında yeni məhsul yaratmışıq. Hazırladığımız prototipin reallaşması ölkəmizin hərb sahəsinə yeni töhfə verəcək – deyə Aytən müəllimə əlavə etdi.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 05.05.2023 12:29