AZ EN RU

Həkimim

Rubrikamızın növbəti  qonağı Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili və Təxirəsalınmaz yardım şöbəsinin müdiri Məltəm Yusubovadır.

Dəm qazından zəhərləndiyimizi hiss etdiyimizdə nə etməli ?

Soyuq,  şaxtalı günlərdə təbii qaza olan tələbatın artması nəticəsində dəm qazı ilə zəhərlənmə halları da artır. Təəssüf ki, həmin halla üzləşənlər bəzən nə etmək lazım gəldiyini bilmirlər.

Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də, ilk növbədə, qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir. Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır.

Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün xəstənin üstünü örtmək, ona isti içki vermək, sonra mütləq tibb mütəxəssisinə müraciət edilməlidir. Huşu özündə olmayanları isə dərhal qapalı mühitdən çıxardıqdan sonra nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır.

 

Nəşr edilib : 07.01.2024 18:19